Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:48

'...Məcburuq bütün mal-qaranı dəyər-dəyməzinə sataq'-Media icmalı


BDU
BDU

Azərbaycanın ixrac əməliyyatları, quru otun bahalaşması, kampus tipli universitetlər və başqa məsələlər medianın yer ayırdığı mövzulardandır...

«Hər 100 tələbədən 70-i ödənişli əsaslarla təhsil alır»

Axar.az-da «Rektorlar niyə bunda maraqlı deyil? – ekspert» sərlövhəli yazı oxumaq olar.

Müəllif kampus universitetlərin yaradılması məsələsi ətrafında ekspertlər ilə söhbətləşib.

Yazıda qeyd edilib ki, hazırda Bakı şəhərində, xüsusilə tədris ayları ərzində yaranmış sıxlığa səbəb kimi bir çoxları ali məktəblərin paytaxtda yerləşməsini göstərirlər. Müəllifin vurğulamasına görə, hətta bəzi ekspertlər təklif edir ki, universitetlər şəhər ətrafına və ya bölgələrə köçürülməli, kampus universitetlər yaradılmalıdır.

Əmlak eksperti Elnur Fərzəliyev də deyib ki, hətta kampus universitetlərin yaradılması üçün universitet rəhbərləri banka müraciət etsələr, istəkləri geri çevrilməz. «Maraqlıdır ki, niyə universitetlər kampus şəkildə fəaliyyətə maraqlı deyil? Buna nə mane olur və universitetlər bunun üçün kredit almağa həvəslidirmi?», - deyə müəllif sual edib.

Təhsil eksperti Elşən Qafarov sayta bildirib ki, əslində bu gün istənilən ali məktəbin gəliri kampus universitet yaratmağa imkan verir: «Nəzərə alın ki, Azərbaycanda hər bir universitetin gəliri tələbə ödənişlərindən formalaşır. Beynəlxalq təcrübədə isə belə deyil. Xarici universitetlərin gəlirləri ödənişlərlə yanaşı, universitetlərin müxtəlif qrant layihələrdə, elmi araşdırmalarda iştirakından gəlir».

Ekspert statistikaya əsasən bildirib ki, ölkə universitetlərinə daxil olan hər 100 tələbədən 70-i ödənişli əsaslarla təhsil alır: «Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında qeyd olunur ki, dövlət ali məktəbləri kampus şəraitinə keçməyə təşviq edir... Daha dövlət universitetlər üçün kampus tikməli deyil ki! Yəni hər universitetə bunun üçün aşağı faizli kredit verilə və yaxud da faizsiz kreditlər təşkil edilə bilər. Ancaq təəssüf ki, bizim universitetlərimizin böyük əksəriyyəti bunda maraqlı deyil».

Mal-qara
Mal-qara

«Quru ot bahalaşıb»

Marja.az-da «Quru ot bahalaşıb – «Bir az da artım olsa, məcburuq bütün mal-qaranı sataq»» sərlövhəli yazı yer alır.

Müəllif yerli sakinlərə istinadən Azərbaycanın Qərb bölgəsində mal-qaranın əsas qidasını təşkil edən quru otun bahalaşmasını gündəmə gətirib.

Yazıda bildirilib ki, ötən illərlə müqayisədə ot bağlamasının qiymətində 1 manat artım müşahidə edilir: «Ən qidalı ot hesab edilən yonca bağlamasının qiyməti 4-6, təbii ot 3-4, ən zəif tərkib hesab edilən saman bağlaması isə 1.5-2 manat aralığında dəyişir. Təsərrüfat sahibləri bahalaşmanın davam etməsindən narahatdırlar».

Müəllifin qeyd etməsinə görə, Tovuz rayonunda quru otun bahalaşmasını yaz-yay mövsümlərində yaşanan quraqlıqla əlaqələndiriblər. Ot satışı ilə məşğul olan Tovuz rayon sakini Füzuli Sadıqov bunları deyib: «Keçən il yonca bağını 3-5 manata satırdıq, indi 4-6 manata satırıq. Təbii ot 3-4 manat arasıdır. Səbəb odur ki, bu il yağış yağmadı. Nəticədə bir biçim ot gecikdi. Keçən il bu vaxt 4-cü çalım çalınırdı, amma indi 3-cü, elə yerlər var, hələ 2-ci biçin edilir. Artıq soyuqlar da düşür, uzağı, bir biçim ot biçilər».

Digər satıcı Taleh Məmmədov satdıqlarının içərisində ən ucuzunun saman bağlaması olduğunu söyləyib: «Sahələrdən baha alırıq. Ot qıtlıq oldu deyə, yer sahibləri qiyməti qaldırıblar. 1 yonca bağlaması fermerə 1.5 manata başa gəlir. Hektarını 25 manata traktor biçir, 15 manata dırmıqlanır. Aqreqat isə birini 25-30 qəpiyə bağlayır. Bir hektardan 150-250 bağlama çıxır. Biz də alanda 30 qəpik fəhləyə doldurub-boşaltmaq haqqı veririk. Yanacaq yandırırıq. Məsafəsindən asılı olaraq aparıb 50 qəpik, 1 manat bahasına satırıq».

Şəmkirdən ot almağa gələn Eldəniz Nəsibov isə sayta bunları söyləyib: «...Günə 1 bağlama yedirəndə inəyi qışdan çıxarmaq üçün 250 bağlama ot almalıyam ki, o da 1000-1200 manat edir. Bir az da artım olsa, məcburuq bütün mal-qaranı dəyər-dəyməzinə sataq».

İxrac
İxrac

«İxrac sifarişi artır, çeşid çoxalır»

«Azərbaycan» qəzetində «133 ölkə, 1 milyard 336 milyon dollarlıq sifariş» sərlövhəli yazıda Azərbaycanın ixrac əməliyyatları dəyərləndirilir.

Müəllif yazıb ki, Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər ölkəyə həm siyasi, həm də iqtisadi dividentlər qazandırmaqdadır. Yazıda vurğulandığına görə, həyata keçirilən islahatlar geniş vüsət aldıqca, Azərbaycanın dünyanın əksər ölkələri ilə ticarət dövriyyələri artır: «Bunun müqabilində yeni ticarət müqavilələri bağlanır. Azərbaycan məhsullarının ixrac coğrafiyasının genişləndirilməsi məqsədilə intensiv tədbirlər həyata keçirilir. Xarici ölkələrdə ticarət evləri açılır, ardıcıl olaraq ixrac missiyaları təşkil edilir, nüfuzlu beynəlxalq sərgilərdə Azərbaycan şirkətlərinin iştirakı təmin olunur».

Yazıda qeyd edilib ki, «Azexport» portalının fəaliyyəti sayəsində ixrac edilən məhsulların həm coğrafiyası, həm də çeşidi getdikcə artır: «Məsələn, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin «İxrac İcmalı»nın 2019-cu ilin avqust sayında göstərilir ki, son 7 ay ərzində Azərbaycanın ixracı 12.3 milyard dollar təşkil edib və ötən ilin müvafiq dövrünə nisbətən 1.5 milyard dollar və ya 14 faiz artıb...».

Yazıda vurğulandığına görə, dünya bazarında «Made in Azerbaijan» brendinə tələbat yüksəldikcə, ixrac sifarişi artır, çeşid çoxalır, coğrafiya genişlənir

Müəllif daha sonra da yazıb ki, dövlət iş adamlarına hərtərəfli dəstəyini göstərməkdə davam edir: «Sahibkarlar isə «Made in Azerbaijan» brendinin xarici bazarlarda təşviqinə də mühüm töhfə verirlər...».

XS
SM
MD
LG