BMT-nin nüvə agentliyi İranın uran zənginləşdirmək üçün daha qabaqcıl sentrifuqlar yerləşdirməsini təsdiqləyir. Bu, Tehranın 2015-ci il nüvə sazişi öhdəliklərindən geriyə son addımıdır.
Sentrifuqlar onlar üçün xammal sayılan uran heksafluoridi, yaxud UF6 ilə sınaqdan keçirilməyə hazırdır, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) sentyabrın 9-da yaydığı bəyanatında bildirib.
Ancaq agentlik həftəsonu bu maşınların heç birinin işləmədiyini vurğulayıb.
Zənginləşdirilmiş urandan reaktorlar üçün yanacaq hazırlanmasında istifadə oluna bilər. Daha qabaqcıl sentrifuqlar isə İrana potensial nüvə bombası üçün daha sürətlə material hazırlamaq imkanı verər.
Tehran nüvə ambisiyalarının dinc məqsədli olduğunu bildirir.
İlin əvvəlində İran saziş çərçivəsində icazə verilən 300 kiloqramlıq zənginləşdirilmiş uran limitini keçib, daha artıq uran zənginləşdirməyə başlayıb.
Bu, Birləşmiş Ştatların nüvə sazişindən çıxması, Tehrana sanksiyaları bərpa etməsinə cavab olaraq gerçəkləşdirilib.
Sanksiyalar İranın neft ixracına təsir göstərib, milli valyutası çöküb, inflyasiya şişib.
İran rəsmiləri israrla bildirirlər ki, sazişdən geriyə atılan addımların qarşısı alına bilər, bu, sənədə imza atmış digər tərəflərin iqtisadi güzəşt təklif etməsindən asılıdır.
ABŞ Prezidenti Donald Trump İranı 2015-ci il nüvə sazişi üzrə yenidən danışıqlara məcbur etmək istəyir, indiki şərtlərin yetərincə sərt olmadığını, İranın ballistik raket proqramını məhdudlaşdırmadığını bildirir.
İran rəsmiləri isə danışıqlardan ötrü öncə ABŞ-dan sanksiyaları qaldırmağı tələb edirlər.
BAEA-nın Baş direktoru vəzifəsini icra edən Cornel Feruta həftəsonu Tehrana səfər edib. O, sentyabrın 9-da agentliyin Vyanadakı iclasında deyib ki, müfəttişlər “İranın nüvə öhdəliklərinin monitorinqini” davam etdirirlər.