Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 21:00

'35-40 deputat iki vəzifə daşıyır'-Media icmalı


Bazar
Bazar

Vətəndaşların sosial rifahı, inflyasiya gözləntiləri, deputatların fəaliyyəti və başqa məsələlər medianın aparıcı mövzularındandır...

İqtisadçı: «Bahalaşma bu aydan başlayaraq...»

«Yeni Müsavat» qəzetində «Hökumət bahalaşmanın qarşısını almaq üçün nələr planlaşdırır - rəylər» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycanda həyata keçirilən əməkhaqqı və pensiya artımlarından sonra əhali arasında inflyasiya təşvişi müşahidə olunur. Müəllifin vurğulamasına görə, son vaxtlar bir sıra məhsullar üzrə qiymətlərin bahalaşmasından sonra möhtəkir iş adamlarının bu prosesi davam etdirəcəyi ehtimalları daha da güclənib: «Əhalidə sentyabr-oktyabr aylarında bahalaşma olacağına dair qorxu yaranıb».

İqtisadçı Qubad İbadoğlu da hesab edir ki, əməkhaqqı və pensiya artımlarından sonra ölkədə inflyasiya səviyyəsinin yüksəlməsi gözləniləndir: «...Azərbaycanda adətən yay aylarında mövsümi amillərlə qiymətlərin enməsi müşahidə olunur. Amma bu il belə enmə olmadı, əvəzində artım baş verdi. Düzdür, rəsmi statistika orqanının açıqladığı rəqəmlərdə biz bunu görmürük, çünki Dövlət Statistika Komitəsi, bir qayda olaraq, real inflyasiyanı açıqlamır... Buna görə də bildirim ki, inflyasiya Komitənin elan etdiyi kimi, 2.7 faiz deyil, daha yüksəkdir».

Q.İbadoğlunun sözlərinə görə, bahalaşma bu aydan başlayaraq gələn ilin aprel ayınadək davam edə bilər.

Başqa bir iqtisadçı Pərviz Heydərov isə ciddi inflyasiya gözləmir: «Düzdür, sosial istiqamətdə artımlar həyata keçirildikdən sonra əsas diqqət həmişə istehlak bazarına yönəlir və bazarda qiymətlərin buna adekvat reaksiya göstərməsinin qarşısını almaq başlıca vəzifəyə çevrilir...».

N.Bəydəmirli
N.Bəydəmirli

«Bəzi məmurlar deputatlarla hesablaşmırlar»

Yenisabah.az-da «Deputatların toxunulmazlığı ləğv olunsa...– Qorxulu tendensiyadır» sərlövhəli yazı yer alır.

Müəllif Ukrayna parlamentində deputatların toxunulmazlıq hüququnu ləğv edən qanun layihəsinin qəbulu ilə bağlı keçmiş deputat, işadamı Nazim Bəydəmirli ilə söhbətləşib.

N.Bəydəmirli hesab edir ki, oxşar qanunun Azərbaycanda qəbulu icra hakimiyyəti orqanlarının onların üzərində təsirini daha da artıra bilər. «...Toxunulmazlıq hüququ millət vəkillərinin icra hakimiyyəti orqanlarının təsir və təzyiqi ilə üzləşməməsi, məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək onların üzərində dominantlıq etməməsi üçün düşünülüb. Dünyanın əksər ölkələrində də bu belədir».

O, əlavə edib ki, özünə hörmət edən millət vəkili qanunu pozmaz, əxlaqlı davranar, haqqında fakta söykənən hər hansı neqativ məlumat tirajlandığı zaman özü istefa verər.

N.Bəydəmirli deyib ki, Ukraynada belə bir qanunun qəbul edilməsi müəyyən mənada zərurətdən doğur: «Uzun illər Ukraynada korrupsiya halları baş verib. Deputatlar toxunulmazlıq statusundan istifadə edərək qanunsuz işlərlə məşğul olublar və Ukrayna cəmiyyətində onlar haqqında mənfi imic formalaşıb. Digər tərəfdən burada Rusiya faktoru var. Bu ölkənin təsir dairəsində olan deputatlar var. Görünür, qanun qəbul ediləndə bütün bunlar nəzərə alınıb».

N.Bəydəmirli deyib ki, Azərbaycanda da bəzi deputatlar qanunsuz işlərlə məşğul olur: «...35-40 deputat iki vəzifə daşıyır. Onlar müxtəlif dövlət qurumlarında, səhmdar cəmiyyətlərdə, dövlət şirkətlərində yüksək vəzifə tutular. Bu, Konstitusiyaya ziddir. Bununla belə, mən indiki vəziyyətdə deputatların toxunulmazlıq hüququnun ləğvini qorxulu tendensiya hesab edirəm. Onsuz da, bəzi məmurlar millət vəkilləriylə hesablaşmırlar. Toxunulmazlıq hüququ ləğv olunacağı təqdirdə ən xırda məmur belə, deputatlara təsir etmək imkanı əldə edəcək».

Zaqatala kəndinə təbii qazın verilişi. Foto arxiv
Zaqatala kəndinə təbii qazın verilişi. Foto arxiv

Dövlətin vətəndaşa qayğısı...

«Azərbaycan» qəzetində «Azərbaycan dövləti üçün vətəndaşın rifahının yüksəlməsinin prioritet olduğu bir daha təsdiqləndi» sərlövhəli yazı dərc edilib

Müəllif yazıb ki, bir ildə ölkədə iki böyük sosial islahatlar paketinin qəbul edilməsi təqdir olunmalı, haqqında geniş söhbət açılmalı faktdır. «Digər tərəfdən isə, bu, elə bir faktdır ki, şərhə o qədər də ehtiyac duymur. Çünki eyni ildə, yəni aralarında bir neçə ay fərqi olmaqla iki sanballı paketin qəbul edilməsinin özü çox şey deyir»,- müəllif bu il ardıcıl iki dəfə minimum pensiya və bəzi sahələrdə əməkhaqqı artımından bəhs edir.

Yazıda vurğulandığına görə, bu, ölkənin inkişafından, maddi imkanlarının geniş olmasından xəbər verir: «Digər tərəfdən, dövlətin vətəndaşa qayğısının, onun güzəranı, dolanışığı ilə daim maraqlanmasının, rifah halının getdikcə yaxşılaşması üçün əməli tədbirlər görməsinin aydın təzahürlərindən biridir».

Müəllif daha sonra da yazıb ki, minimum əməkhaqqındakı təxminən iki dəfə, minimum pensiyada 72 faiz artım nəticəsində Azərbaycanda minimum pensiya MDB məkanında alıcılıq qabiliyyəti üzrə birinci göstəricidir: «Əməkhaqqı isə həmin məkanda yenə də alıcılıq qabiliyyəti üzrə öndə - ikinci yerdədir».

Yazıda habelə vurğulanıb ki, əhalinin məşğulluq probleminin prioritet kimi qoyulması, elektrik enerjisi ilə bağlı çətinliyin olmaması, qaz, su xətlərinin ən ucqar kəndlərədək çatması, maaşların, pensiyaların, təqaüd və müavinətlərin artırılması Azərbaycan dövlətinin sosial siyasətinin köklü olduğunu sübut edir.

XS
SM
MD
LG