Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:16

''DeltaTelecom'un 70 faiz qiymət endirimini boykot etdilər'-Media icmalı


AMB
AMB

«Cənub qaz dəhlizi» layihəsinin yekunlaşması, valyuta satışının artması ilə bağlı rəsmi izahat, internetin bahalığının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Valyuta satışının artması ilə bağlı rəsmi izahat

Marja.az-da «Hərraclarda Neft Fondunun valyuta satışının artmasının səbəbi açıqlandı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Azərbaycan Dövlət Neft Fondu bu ilin avqust ayında Mərkəzi Bankda keçirilən hərraclarda 815.4 milyon ABŞ dolları məbləğində vəsait satdığını açıqlayıb. Müəllif xatırladıb ki, Fond 2019-cu ilin iyulunda hərraclarda 434.9 milyon ABŞ dolları vəsait satmışdı: «Beləliklə, iyul ayı ilə müqayisədə avqust ayında Fondun vəsait satışı 1.9 dəfə artıb. Hərraclarda valyuta satışının 2 dəfəyə yaxın artması diqqəti cəlb edir. Həmçinin, «yenidən hərraclarda dollara tələb artıb?» sualını ağıllara gətirir».

Sayt məsələ ilə bağlı Mərkəzi Banka müraciət edib. Mərkəzi Bankdan Marja-nın sorğusuna cavab olaraq bunlar bildirilib: «...Avqust ayında valyuta satışlarına dair bildiririk ki, xarici ticarət balansının profisitli (müsbət saldolu) olması ilə əlaqədar valyuta hərraclarında təklifin tələbi üstələməsi dinamikası davam edir. Bütövlükdə, hərraclarda hələ də satıla bilməyən əhəmiyyətli məbləğdə valyuta vəsaitləri qalmışdır ki, bu da manatın məzənnəsini möhkəmlənmə təsiri altında saxlayır».

Mərkəzi Bankdan qeyd edildiyinə görə, Neft Fondunun valyuta vəsaitlərinin avqustda satışının həcminin artması isə dövlətin xarici öhdəliklərinin qrafiki ilə bağlıdır: «...Avqust ayında dövlətin vaxtı çatan xarici öhdəliklərinin həcmi 300 milyon ABŞ dollarınadək (ümumi tələbin 36.8%-i ) olmuşdur ki, bu da ötən dövrdə valyuta hərraclarında satılmamış vəsaitlər hesabına təmin olunub».

O.Gündüz
O.Gündüz

«Dövlət provayderləri özəlləşdirilməlidir»

«Yeni Müsavat» qəzetində «Azərbaycanda internet niyə bahadır? – səbəb» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanda internetin qiyməti ilə bağlı Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzlə söhbət edib. O.Gündüzün deməsinə görə, Azərbaycanda internet bazarının 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində olan qurumlar (Baktelecom, Aztelekom, Azeurotel, AzDataCom, Azercell) nəzarət edir. O, əlavə edib ki, bu qurumların satdığı internet kifayət qədər bahadır. O.Gündüz bəzi qonşu dövlətləri nümunə göstərib. QHT rəhbərinin deməsinə görə, «Aztelekom» və «Baktelecom»da 30 manata 5-6 mb/s internet almaq mümkündür. Onun deməsinə görə, həmin qiymətə Qazaxıstanda 200mb/s internet təklif edilir. O.Gündüz əlavə edib ki, Ukraynada 8 manata 100mb/s, Gürcüstanda 30 manata 50 mb/s, Rusiyada isə 15-20 manata 150-500 mb/s internet almaq olur.

Ekspert vurğulayıb ki, NRYTN haqsız rəqabət aparır: «Artıq antiinhisar dövlət qurumu da bu barədə qərar qəbul edib».

Onun deməsinə görə, özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər, amma nazirliyin tabeliyində olan dövlət provayderləri bu resurslardan sərbəst yararlanırlar. O.Gündüz daha sonra da deyib: «..Özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyində olan dövlət provayderləri mane olur. İnternet bazarının 65 faizinə nəzarət edən dövlət provayderləri «DeltaTelecom»un 70 faiz qiymət endirimini boykot etdilər».

Ekspert bu sahədə çıxış yolunu haqsız rəqabətə son qoyulmasında görür: «Özəl İSP-lərə (İnternet Service Provides) şərait yaradılmalıdır, kabel-kanal sistemindən istifadə qaydaları hazırlanmalıdır. Üçüncüsü, Backbone (magistral) provayderlər topdansatış qiymətləri endirməlidir, İSP-lərə ictimai nəzarət imkanları yaratmalıdır. Dördüncüsü, dövlət provayderləri özəlləşdirilməlidir...».

TAP-ın Albaniya sektorunun inşası
TAP-ın Albaniya sektorunun inşası

«Cənub qaz dəhlizi»nin sonuncu seqmenti...

«Azərbaycan» qəzetində ««Cənub qaz dəhlizi»nin sonuncu seqmentinin çəkilişi başa çatır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, «Cənub qaz dəhlizi»nin sonuncu seqmenti olan Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) tikinti meydançalarında işlər uğurla başa çatmaqdadır. Yazıda vurğulandığına görə, bu da kəmərin Azərbaycan qazını Avropaya nəzərdə tutulduğu vaxtda, yəni gələn il çatdıracağına zəmanət verir: ««Cənub qaz dəhlizi»nin reallaşması istiqamətində mühüm addımlar atılıb. 2018-ci il mayın 29-da Bakı yaxınlığındakı Səngəçal terminalında layihənin rəsmi açılış mərasimi keçirilib. Buna «Şahdəniz» yatağının ikinci mərhələsi çərçivəsində qazın əldə olunması və Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) genişləndirilməsinin başa çatdırılması imkan yaradıb. Həmin ilin iyun ayında Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) istifadəyə verilib. Beləliklə, «Cənub qaz dəhlizi»nin dörd seqmentindən üçü artıq reallaşıb».

Yazıda daha sonra da qeyd edilib ki, kəmərin Apuliyada (İtaliya) yerləşən 1.5 kilometrlik mikrotunelinin inşasının uğurla yekunlaşması da layihənin müvəffəqiyyətlə sona çatacağından xəbər verir.

Müəllifin vurğulamasına görə, artıq İtaliyada 3 kilometr uzunluğunda borular torpaq altında basdırılıb, yay ayları bitdikdən sonra işlər daha da sürətləndiriləcək.

Yazının sonunda isə oxuyuruq: «Layihənin İtaliyada başa çatmasına baxmayaraq, təbii qazın gələcəkdə ara keçid boru kəmərləri vasitəsilə İsveçrə, Avstriya, Fransa, Almaniya, Belçika, hətta İngiltərəyə ötürüləcəyinin mümkün olacağı istisna edilmir. TAP-ın əhəmiyyəti həm də ondadır ki, Yunanıstan-Bolqarıstan İnterkonnektoru və İon-Adriatik qaz kəmərinin təchizatını asanlaşdıracaq».

XS
SM
MD
LG