Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 08:14

'Dövlət dərslikləri şagirdlərə 2 nüsxə versin'-Media icmalı


Həkim
Həkim

Məktəbli ləvazimatlarının qiymətləri, «məktəbli yükü», icbari tibbi sığortaya hazırlığın gedişi və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

Xəstəxanalar 2020-yə necə hazırlanır...

Modern.az-da «Əhalinin səbirlə gözlədiyi tibbi sığorta - Xəstəxanalar 2020-yə necə hazırlanır...» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilib ki, uzun müddətdir ölkə üzrə tətbiqi gözlənilən icbari tibbi sığortanın 2020-ci ildən tam olaraq işə düşəcəyi anonsu verilib: «Bu barədə danışan baş nazirin müavini Əli Əhmədov 2019-cu ili icbari tibbi sığortaya hazırlıq ili kimi qiymətləndirib. Bəs hazırlıqlar hansı mərhələdədir? Xəstəxanalarda, tibb personalında icbari tibbi sığortaya keçidlə bağlı son məlumatlar nədir?».

Sayt həmin suallara cavab tapmaqdan ötrü İcbari Tibbi Sığorta Dövlət Agentliyinin (İTSDA) mətbuat xidmətinə üz tutub.

Qurumdan verilən məlumata görə, göstərilən tarixdən etibarən icbari tibbi sığortanın ölkə üzrə tətbiqi ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə veriləcək tibb müəssisələrində informasiya-kommunikasiya texnologiyaları (İKT) infrastrukturunun qurulması işləri davam etdirilir. «Bugünədək 49 tibb müəssisəsi 1333 ədəd kompüter avadanlığı ilə təchiz olunub. Habelə internetə çıxışın təmin olunması məqsədilə tibb müəssisələrinə fiber-optik kabel xətti çəkilir, internetin təyin olunmuş məntəqələrə ötürülməsi üçün 49 tibb müəssisəsində kabelləşmə işləri icra olunub», - İTSDA-dan qeyd edilib.

Rəsmi açıqlamaya görə, iyul ayından etibarən İTSDA İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin əməkdaşlarına tibb müəssisələrinin tam idarəedilməsini təmin edəcək proqram təminatından istifadə qaydaları üzrə xəstəxanalarda təlimlər keçirilir: «Bugünədək Bakı və Sumqayıt şəhərləri üzrə 48 tibb müəssisəsinin, həmçinin regionlar üzrə 73 tibb müəssisəsinin qəbul və qeydiyyat şöbələrinin işçiləri üçün təlimlər keçirilib...».

Məktəbli
Məktəbli

«Çantaların altında əzilən məktəblilər»

Yenisabah.az-da «Çantaların altında əzilən məktəblilər - deputatın təklifi problemin həlli ola bilərmi?» sərlövhəli yazı yer alır.

Yazıda qeyd edilib ki, hər il dərslərin başlamasına az qalmış gündəmə gələn problemlərdən biri də şagirdlərin çantalarının həddən artıq ağır olmasıdır. Müəllifin vurğulamasına görə, bu dəfə mövzunu deputat Aydın Mirzəzadə gündəmə gətirib: «Deputat şagirdlərin məktəb çantalarının ağırlığı probleminin həlli üçün tədris ili üzrə deyil, rüb üzrə dərsliklərin çap edilməsi və istifadə olunmasını təklif edib».

Mövzu ilə bağlı sayta danışan təhsil eksperti Kamran Əsədov da deyib ki, məktəblilərin çantaları 4 kq-dan artıq olmamalıdır: «Düzdür, hazırda orta ümumi təhsil məktəblərində xüsusən ibtidai sinif şagirdlərinin çantaları hədsiz dərəcə ağırdır. Qeyd edim ki, dünya təcrübəsinə görə, şagirdlərin daşıdığı çantaların ümumi çəkisi şagirdlərin ümumi çəkisinin 15 faizindən artıq olmamalıdır…Amma aparılan monitorinqlər nəticəsində bəlli oldu ki, ibtidai sinifdə oxuyan uşaqların çantalarının çəkisi 6, bəzən də 7 kq olur».

Ekspert çantanın çəkisinə təsir göstərən amilləri belə izah edib: «Birincisi, boş çantanın özünün çəkisi ağırdır. Bəzi valideynlər bəzək-düzəkli, aksessuarlı çantalara üstünlük verirlər ki, bu da çantanın 600-800 qram olmasına səbəb olur…İkinci amil isə valideynlərin çantaya qoyduqları dəmir su qabları, dəmir qablardakı qidalardır. Bunlar da çantanın çəkisini ağırlaşdırır».

K.Əsədov vurğulayıb ki, dərsliklərin çəkisi də standartlara uyğun deyil. Ekspertin fikrincə, deputatın təklifi çox maraqlıdır, lakin bu bir sıra çətinliklərə yol aça bilər: «Şagirdlər əvvəlki dərsləri zaman-zaman xatırlayırlar, çünki KSQ və BSQ imtahanları verirlər. Bu zaman onlar əvvəlki dərslərin təkrarına göz atmalı olurlar. Amma geri dönüş etmək istəyən zaman həmin kitab onların əllərində olmayacaq».

K.Əsədov məsələ ilə bağlı öz təklifini də irəli sürüb: «Mən təklif edərdim ki, dövlət dərslikləri şagirdlərə 2 nüsxə versin. Bir nüsxəsi məktəblərdə saxlanılsın, bir nüsxəsi də evə verilsin. Beləliklə, uşaqlar kitab daşımayacaqlar…».

Məktəbli çantaları
Məktəbli çantaları

«Bir məktəbli çantası 130 manata təklif olunur»

«Azərbaycan» qəzetində «Məktəbli bazarlığı: qiymət də fərqli, keyfiyyət də...» sərlövhəli yazı dərc edilib.

Müəllif yeni dərs ilinə hazırlığın gedişi ilə tanış olmaqdan ötrü məktəbli ləvazimatlarının satıldığı bir sıra məkanlara baş çəkib.

Yazıda qeyd edildiyinə görə, həmin məkanların birində Dilbər adlı bu valideyn müəllifə deyib ki, qızı 5-ci sinfə, oğlu isə 8-ci sinfə gedəcək. «Dəftər, qələm, karandaş, albom və bəzi dərs ləvazimatları almışam. İndi hər ikisi üçün çantaya baxıram», -valideyn vurğulayıb.

Onun qeyd etməsinə görə, ötən il 20 manatdan uşaqlarına çanta alıb, amma həm çantalar keyfiyyətsiz çıxıb, həm də dərs vəsaitinin ağırlığından onları heç beş ay götürə bilməyiblər: «Məcbur olub yenisini aldım, onlar da bir neçə aya xarab oldu. İndi çalışıram daha keyfiyyətli çanta alım, amma qiyməti baha olduğundan iki çantanı birdən almağa gücüm çatmır».

Yazıda qeyd edilib ki, həmin mağazada satılan çantaların ən ucuzu 20, ən bahası isə 130 manata təklif olunur.

Müəllifin bildirməsinə görə, satıcı söyləyir ki, alıcılar, əsasən, orta qiymətli - 40-45 manata olan çantaları almağa üstünlük verirlər: «Mağaza təmsilçisi onu da vurğuladı ki, bəzi mallarda 3-5 qəpik artım olsa da, ötən ilə nisbətən elə də bahalaşma yoxdur».

Müəllif bir uşağın məktəbə yola salınması üçün lazım olan vəsaitin müəyyən edilməsindən ötrü başqa mağaza və yarmarkaya da baş çəkib: «Apardığımız araşdırma zamanı məlum oldu ki, bir uşağın məktəbə yola salınması üçün lazım olan dərs vəsaitlərinə orta hesabla təxminən 150-200 manat xərcləmək lazım gəlir».

XS
SM
MD
LG