Keçid linkləri

Təcili xəbərlər
2019, 19 Oktyabr, şənbə, Bakı vaxtı 14:11

R.Hüseynzadənin yenə 30 sutka aldığı deyilir


R.Hüseynzadə

Bu gün, sentyabrın 3-də Abşeron rayon Məhkəməsinin ictimai fəal Rafael Hüseynzadəyə 30 sutka inzibati həbs verdiyi bildirilir.

Bu barədə onun atası, AXCP fəalı Füzuli Hüseynov AzadlıqRadiosuna danışıb. Onun sözlərinə görə, oğlunu polis şöbəsinin qarşısında səs-küy salaraq ictimai qaydanı pozmaqda günahlandırıblar.

«Hazırda oğlum Abşeron rayon Polis Şöbəsində saxlanma yerindədir. Orada insanın qalması üçün şərait yoxdur», - ata qeyd edib.

Yaxınlarının bildirməsinə görə, R.Hüseynzadə avqustun sonlarında polisin süründürməçiliyinə və işə qəbul edilməməsinə etiraz olaraq Bakının Nəsimi rayonu ərazisində təkbaşına aksiya keçirib. Ailəsi Hüseynzadənin həbsinin bununla əlaqəli olduğunu iddia edir.

«Rafael Hüseynzadə bir ay öncə Abşeron rayonunun Məhəmmədli kəndində təzyiqə məruz qalıb, xəsarət alıb. O, polisə şikayət edib, ekspertizadan keçib. Sentyabrın 2-də sahə müvəkkili R.Hüseynzadəni zərərçəkən qismində Abşeron rayon Polis Şöbəsinə dəvət edib. Beləliklə o, polisdə saxlanıb və məhkəmə barəsində inzibati həbs qərarı verib», - ata deyib.

Hələlik, F.Hüseynovun bu dediklərinə Abşeron rayon Polis Şöbəsi, yerli məhkəmə və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, insanların siyasi baxış və tənqidi fikirlərinə görə təzyiqlərlə üzləşməsi ilə bağlı deyilənləri qəbul etmirlər.

Xatırlatma

R.Hüseynzadə bu il yanvarın 25-də Dövlət Neft və Sənaye Universitetinin yaxınlığında tək başına «Siyasi məhbuslara azadlıq!» tələbi ilə aksiya keçirmişdi. Gənc saxlanmazdan əvvəl vurğulamışdı ki, hakimiyyət müxalifətə mitinq keçirməyə icazə vermir və bu səbəbdən də o, bu formada öz sözünü deyir. R.Hüseynzadə İnzibati Xətalar Məcəlləsinin 525.1-ci (polisin qanuni əmrlərinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati həbs cəzasına məhkum edilmişdi.

Yaxınları onun bundan bir neçə gün sonra yenidən 30 sutka inzibatı cəza aldığını açıqlamışdılar. Amma rəsmi qurumlardan bunu dəqiqləşdirmək mümkün olmamışdı.

R.Hüseynzadənin atası AXCP fəalı F.Hüseynov özü də bir neçə dəfə metro stansiyaları qarşısında «Siyasi məhbuslara azadlıq!» tələbi ilə tək aksiya keçirib. Hər dəfə onun aksiya zamanı saxlandığı və inzibati həbs cəzası aldığı bildirilir.

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG