Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:13

'Dünya elmi burdan Marsa qədər bizdən aralanıb'-Media icmalı


Sevgili cütlük
Sevgili cütlük

Ölkədə sosial müdafiə, Bakı Dövlət Universitetinin 100 ilində Azərbaycan təhsilinə baxış, vətəndaş nikahlarının çoxalması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Vətəndaş nikahı ilə yaşayan şəxslərin sayı artır

Modern.az-da «Çox insan nikahı qeydiyyata almır ki, sabah boşananda əmlak gəlinə qalmasın-problem» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, son zamanlar Azərbaycanda vətəndaş nikahı ilə yaşayan şəxslərin sayı artır: «Əksəriyyət bunun səbəbini Avropa həyat tərzinə uyğunlaşmağa çalışmaqda görsə də, pərdəarxası məqamları kimsə nəzərə almır».

Bu barədə sayta danışan «Təmiz dünya» Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova düşünür ki, əvvəllər daha çox «qeyri-rəsmi» adlandırılan vətəndaş nikahları yeni hadisə deyil. Onun fikrincə, rəsmi nikahsız ailələrin artması erkən nikahlardan başlayıb: «Erkən nikahlardan əlavə, zamanla iqtisadi amillər də ortaya çıxdı və vətəndaş nikahlarının sayı durmadan artdı. Məsələ budur ki, əmlak bölgüsü haqqında qanun qəbul olunmazdan əvvəl ailələr qurulurdu, rəsmi nikah bağlanırdı və tutaq ki, 1 il sonra boşanma halı olanda illərlə qazanılmış mal-mülk 1 ilin gəlininə qalırdı. Oğlanın ailəsi, valideynləri, hətta özü tərəfindən əldə olunmuş əmlak qarşı tərəflə bölünürdü».

M.Zeynalova hesab edir ki, mülk əldə etmək naminə qurulan evliliklər artdığına görə bir çoxları qeyri-rəsmi nikaha can atmağa başlayıb: «Beləliklə, məsuliyyətdən qaçmaq, aliment ödəməkdən yayınmaq istəyi ilə vətəndaş nikahları quruldu. Hətta indi də çox insan nikahı qeydiyyata almır ki, sabah-birisigün boşananda əmlak gəlinə qalmasın. Halbuki qanun qəbul olunub, evlilikdən öncə mövcud olan əmlak sahibinin razılığı olmadan tərəflər arasında bölüşdürülmür».

M.Zeynalova dini amilin də vətəndaş nikahlarının artmasında rol oynadığını söyləyib: «Çoxları «əsas Allah yanında nikahdır» deyib, kəbin kəsdirir və rəsmi nikaha girmirlər...».

E.Əliyev
E.Əliyev

«...Burdan Mars qədər...»

Moderator.az-da «Vaxt var idi BDU-nun tələbələrinə S.M.Kirovun heykəli qarşısında and içdirirdilər...» sərlövhəli yazı diqqət cəlb edir.

Yazı Bakı Dövlət Universitetinin (BDU) 100 yaşının tamam olmasına həsr edilib. Sayt təhsil eksperti, fəlsəfə doktoru, BDU-nun məzunu Etibar Əliyevdən yubiley təəssüratlarını bölüşməsini xahiş edib. «Bakı Dövlət Universiteti 1919-cu il sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edildi. Cümhuriyyətin ömrü uzun olsaydı, bəlkə də dünya səviyyəli universitet qurmaq mümkün olardı...», - E.Əliyev qeyd edib

Təhsil eksperti vurğulayıb ki, Cümhuriyyətdən miras qalmış Bakı Dövlət Universitetinin tarixinin 70 ili Sovetlər İttifaqı ilə bağlıdır: «Yaxşı yadımdadır. 1981-ci ildə BDU-nun Fizika fakültəsinə daxil olanda bizi Dağüstü parkda Sergey Mironoviç Kirovun əzəmətli heykəlinin qarşısında andiçmə mərasiminə apardılar...».

E.Əliyev qeyd edib ki, BDU Qərb universitet standartlarına uyğun gəlmədiyi üçün reytinq cədvəllərinə «tamah» salınmamalıdır: «Biz hər dəfə universitetə rektor təyin olunanda islahatlardan danışırıq. Rektorlar gedəndən sonra isə hamı bir nəfər kimi dərindən ah çəkib. Azadlığa çıxdıqlarını gizlətməyiblər. XXI əsrin artıq 20-ci ilinə qədəm qoyuruq. İslahatlardan danışırıq. Dünya elmi burdan Mars planetinə qədər bizdən aralanıb. DNK-nın təmirinə başlanılıb, neytrinonun kütləsi kəşf olunub, əlimizdə «iPhone» var, tamamilə başqa riyaziyyat tədris olunur, humanitar elmlərin paradiqmaları tamamilə dəyişib. Biz isə hələ də islahatlardan danışırıq. Biz islahatdan qabaq tələbələrə seçdikləri fənləri müasir səviyyədə tədris etməli, onları elmi-tədqiqatlara cəlb etməliyik».

E.Əliyev daha sonra sual edir: «Bunu edə biləcək müəllim, yaxud elmi işçilər varmı? Bax, ilk həll olunası problem bu olmalıdır. Səmimi şəkildə bunları edə bilsək, tələbə özünə cığır tapacaq».

Pensiyaçı
Pensiyaçı

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi

«Azərbaycan» qəzetində «Dövlətin sosial siyasətinin davamlı olduğunu təsdiqləyən sərəncamlar» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, Azərbaycanda əhalinin sosial müdafiəsi dövlətin iqtisadi siyasətinin əsas prioritetlərindəndir: «Prezident İlham Əliyev bütün çıxışlarında vurğulayır ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Yəni dövlət öz siyasətində iqtisadi inkişafla yanaşı, əhalinin sosial müdafiəsini hədəf götürür. Təkcə son 15 il üzrə bu sahədəki faktlara nəzər salaq: maaşlar 7, pensiyalar 9, minimum əməkhaqqı 6.5 dəfə artıb».

Yazıda vurğulanıb ki, prezident İ.Əliyevin bu il iyunun 18-də imzaladığı sərəncamlarla dövlət qulluqçuları, hərbi qulluqçular, ədliyyə, hüquq-mühafizə, fövqəladə hallar, miqrasiya orqanları əməkdaşları və xüsusi rütbəli şəxslərin əmək haqları ciddi şəkildə artırılıb: «Bu da qanunvericiliyə əsasən xüsusi şərtlərlə pensiya təyin olunmuş 94 min nəfərin pensiyasının da gələn aydan orta hesabla 31 faiz artmasına səbəb olub».

Yazının sonunda isə oxuyuruq: «Beləliklə, dövlət başçısı tərəfindən bu il təqdim edilən iki sosial paket minlərlə vətəndaşın maddi rifah halının yüksəlməsinə imkan verib ki, bu da ümumən əhalinin sosial müdafiəsinin gücləndirilməsində daha mühüm bir addımdır».

XS
SM
MD
LG