Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:38

İnquşetiyada qaydalar: ‘Qadın yerini bilməlidir’


İnquşetiya
İnquşetiya

İnquşetiyanın paytaxtı Maqasın meriyası “İnquşların ictimai yerlərdə davranış etiketi”ni buraxıb. Gənclər bu kitabçaları Maqasın çox adam olan yerlərində paylayırlar. Sentyabrın 1-dən məktəblilərə də paylamağı nəzərdə tuturlar. Məlumatı Kavkaz.Realii saytı yayıb.

Rus, inquş və ingilis dillərində yazılmış qaydalar turistlərə və şəhər sakinlərinə ictimai yerlərə aid adət-ənənələri izah edir. Maqasın meri Beslan Tsechoev deyir ki, ən vacib qaydaları tezis şəklində yazıblar: “Hər qaydada dərin məna gizlənir”.

“Alicənab inquş evindən ayaqyalın çıxmaz”

Kitabçada deyilir ki, “ətrafdakı dəyərlər sürətlə dəyişir” və bu səbəbdən meriya “ənənəvi inquş dəyərlərinin təbliğatı” məqsədilə tövsiyələr buraxıb.

İnquş gənclərinə çox adam olan yerlərdə söyüş söyməmək, fit çalmamaq, siqaret çəkməmək, qəhqəhəylə gülməmək tövsiyə olunur.

“Sənin davranışına görə sənə, ailənə, xalqına qiymət verirlər”, – kitabçanın müəllifləri qeyd edirlər.

Eləcə də ayaqüstü yemək, içmək tövsiyə olunmur. Geyimlə bağlı qaydalar da var. “Alicənab inquş evindən ayaqyalın çıxmaz. Qadın və kişinin dar paltar geyinməsi ədəbli sayılmır. Çılpaq gəzmək qınanılır, geyimdə ciddilik dəyərləndirilir”, – kitabçada vurğulanır.

Qaydalara görə, özündən böyüyə yol verilməlidir.

“Hətta yaşlı qadın belə ayağa qalxaraq...”

İnquş qadınlarla bağlı qaydalar ayrıdır. “Qadın özünün şərəfli qadın yerini bilməlidir. İstənilən yaşda qadın istənilən yaşda kişiyə güzəştə getməlidir. Qadını utancaqlıq, nəzakətlilik, sakit ton, yad kişilərlə məsafə saxlamaq gözəlləşdirir. Qışqırmaq, ucadan gülmək qadına yaraşmaz”, – qaydalarda deyilir.

Bu qaydaların yanında foto da verilib. Skamyada iki kişi oturub, onların qarşısında isə uzun paltarda, başında yaylıq iki qadın başını əyərək dayanıb.

Qaydalara görə, inquş kişi doğmalarını itirmiş, həmvətəni olan istənilən qadını himayəsinə almalıdır.

Maqasın meri deyib ki, bu qaydalar hazırlanarkən inquş tarixçilər və ağsaqqallarla məsləhətləşmə aparılıb. O, qadınlarla bağlı tövsiyələrdə diskriminasiya elementi olmadığını vurğulayıb:

“Qadın ayağa qalxır, kişiyə hörmətini göstərir, hətta yaşından asılı olmayaraq, gənclərə belə. Hətta yaşlı qadın belə ayağa qalxaraq yeniyetməyə hörmətini sərgiləyir. Bunu gənc qızlar da görür və kişilərə hörmət ruhunda böyüyürlər”.

İnsan haqları qrupları illərdir Şimali Qafqazda qadınların hüquqlarının pozulduğunu deyirlər. Yerli hakimiyyət isə bu tənqidi rədd edir, yerli adətlərin Qərb dəyərlərinə uyğun gəlmədiyini iddia edir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG