Rusiya Prezidenti Vladimir Putin avqustun 27-də türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə Suriyanın şimal-qərbində yerləşən İdlib vilayətindəki durumu müzakirə edəcəklər.
“Prezidentlər bu mürəkkəb durumu müzakirə etməkdən ötrü Moskvada görüşməyə razılaşıblar”, – Kremlin sözçüsü Dmitry Peskov avqustun 26-da deyib.
Apreldə Suriyanın hökumət qüvvələri müttəfiqi Rusiyayla birlikdə üsyançıların sonuncu istehkamı olan İdlibə hücuma başlayıb. O vaxtdan çoxlu dinc sakin daxil olmaqla yüzlərlə adam öldürülüb, onminlərlə suriyalı Türkiyəylə sərhədə qaçıb.
Ankara bu hücumun humanitar böhran yaratdığını, Türkiyənin təhlükəsizliyinə təhdid olduğunu bildirir.
Suriyada 2011-ci ilin martında münaqişə başlayandan bu ölkədən Türkiyəyə 3,6 milyon qaçqın sığınıb.
Putin nədən narahatdır
Peskov jurnalistlərə deyib ki, Putin Erdogan-ın narahatlığını anlayır, ancaq İdlibdə “kökü kəsilməli və məhv edilməli olan terrorçu elementlərin” hücumlarından da eyni dərəcədə narahatdır.
İdlibi əsasən Al-Qaeda qruplaşmanın Suriyadakı keçmiş qanadı olan Hayat Tahrir al-Sham (HTS) idarə edir.
Ötən il Rusiya, İran və Türkiyənin əldə etdiyi de-eskalasiya razılaşması bu regionu da əhatələyir. Bu ölkələr Suriya vətəndaş müharibəsində müxalif tərəfləri dəstəkləyir.
Rusiyayla İran Suriya Prezidenti Bashar al-Assad-a dəstək verib, Türkiyə isə üsyançı qrupların arxasında durur.
Peskov deyib ki, Putin-lə Erdogan avqustun 27-də Ukrayna böhranını, Moskva-Ankara münasibətlərini də müzakirə edəcəklər.
“Türkiyə bizim yaxın tərəfdaşımız, müttəfiqimizdir. Bizi yaxşı inkişaf etmiş ticari, iqtisadi münasibətlər, çoxtərəfli əlaqələr birləşdirir, hərbi-texniki əməkdaşlıq kimi həssas sahələrdə belə əlaqələr yaxındır”, – o vurğulayıb.
Ankara NATO müttəfiqi olan Vaşinqtonun güclü etirazına baxmayaraq Rusiyadan S-400 raketdən müdafiə sistemi alıb.
S-400 komponentlərini almağa başlamış Türkiyə gələn ilin aprelindən sistemdən istifadəni planlaşdırdığını vurğulayıb.