Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:37

Astarada əlillik dərəcəsinə görə, şikayət və şikayətə cavab


Tarif Ramazanov
Tarif Ramazanov

Astara rayonunun Kijabə qəsəbə sakini, bir neçə xəstəlikdən əziyyət çəkdiyini söyləyən 40 yaşlı Tarif Ramazanovun bildirməsinə görə, 4 ildir ki, əlillik dərəcəsi ala bilmir. Deməsinə görə, ildə 3-4 dəfə Bakı şəhərində olub. Hər dəfə də 200-300 manat pul xərclədiyini söyləyir. Bildirir ki, xərcləri ödəmək üçün atası bankdan kredit götürməli olub.Kijabə qəsəbəsində Tarif Ramazanovun yaşadığı evdəyik. İki otaqlı, yarım tikili evdə valideyinləri, qardaşının 4 nəfərlik ailəsi ilə birgə yaşayırlar. O, çətinliklə danışır:

“Gərək bunun üçün böyük pulun ola”

“Yata bilmirəm. Başım titrəyir. Nitqim də pozulub. Ayaqlarım əyridir, ağrayır. Qara ciyərim, mədəm, ürəyim hamısı xəstədir. Türkiyədə bacımın yanına müalicəyə getmişdim, orada insult (beyin qan dövranının kəskin pozulması-A.R) keçirtdim. Sənədlərim var. İnsultun əlamətləri qalıb. Əmək qabiliyyətimi tamamilə itirmişəm. Stasionar müalicələr keçirmişəm. Dəfələrlə Bakıya göndəriblər ki, orada yatım. Ancaq əlillik dərəcəsi ala bilmirəm. Gərək bunun üçün böyük pulun ola.”

Tarif Ramazanov titrəyən əllərini bizə göstərib soruşur ki, bu əllərlə necə işləmək olar?:

“Yazırlar ki, filan yoxlamanı keçməlidir”

“Yaşamaq üçün işləmk lazımdır. Mən isə işləyə bilmirəm. Dövlətimiz mənim kimi adamları yaşatmaq üçün qanun qəbul edib. Məmurlar isə imkan vermir. Mənə desələr ki, sənə əlillik düşmür, evimdə oturaram. Hər dəfə imtina gəlir, yazırlar ki, filan yoxlamanı keçməlidir.”

Göz yaşını silir. Sözünə davam edir:

“Bezmişəm”

“Müalicə olunmaq üçün daha pulum yoxdur. Siz özünüz yaxşı bilirsiz ki, müalicələr pulla başa gəlir. Atam, anam pensiya alırlar. Qardaşmın ailəsi daxil olmaqla hamımız bu pensiyalarla dolanırıq. Bakıda Respublika xəstəxanasında olmuşam. Qaytarıblar rayon mərkəzi xəstəxanasına. Orada yenidən müalicə olunmağım barədə tələb qoyurlar...Bezmişəm ”

Tarif Ramazanov və atası Sakit Ramazanov
Tarif Ramazanov və atası Sakit Ramazanov

Tarif Ramazanovun atası 75 yaşlı Sakit Ramazanov da söhbətə qoşulur:

“Həyat yoldaşım da yaşlı adamdır. Mən özüm də bir dəfə insult keçirtmişəm. İmkanımız yoxdur. Oğlum həm də sistemli şəkildə müalicə almalıdır. Dəfələrlə əməliyyat olunub. Ürəyində problemi var. Bu yarımcan adamdır. Buna xəstəliyinə görə, sosial müavinat düşmürsə bəs kimə düşür? Kim onların tələbatını ödəyir, onun üçün yaşıl işıq yandırırlar.”

Həkim: “Biz əlillik məsələsinə müdaxilə edə bilmirik”

Astara Rayon Mərkəzi Xəstəxanasında olduq. Tarif Ramazanovun adının çəkilməsini istəməyən müalicə həkimi bunları söylədi:

“Biz əlillik məsələsinə müdaxilə edə bilmirik. Bütün işlər elektron qaydada həyata keçirilir. Əlillik dərəcəsini almaq istəyən xəstə qanunda nəzərdə tutulmuş qaydalara əməl etməlidir.”

Şöbə müdiri: “O adam insult keçirdib, test olunmalıdır”

Astara Rayon Mərəkəzi Xəstəxanasının poliklinka şöbəsinin müdiri Gülnar Muxtarovanın deyir ki, xəstə tələb olunan qaydalara əməl etmir:

“Sənədlər bir neçə dəfə elektron qaydada göndərilib.Hər dəfə imtina gəlib. Bizim burda heç bir rolumuz yoxdur. O adam insult keçirdib, test olunmalıdır. O testin cavabları komissiyaya göndərilməlidir. O danışır, hərəkət edə bilir. Xəstə olmağına xəstədir, amma əlilliyi biz təyin etmirik.”

Tibbi Sosial Ekspert Komissiyası bu il avqustun 5-də Tarif Ramazanova yenidən imtina cavabı verib. İmtina cavabında bildirilir ki, dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam dolduruub. Üstəlik, orada yazıldığına görə, xəstəliyini təsdiq edən MRT (Maqnit rezonans tomoqrafiya) müayinəsi qeyd olunmayıb.

Rayonda 6 mindən çox əlilliyə görə, pensiya alan var

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsindən bildiriblər ki, rayonda 6 mindən şox əlilliyə görə, pensiya alan var. Bunların 2700-dən çoxu xəstəliklə bağlı pensiyaya çıxanlardır. Şöbədən onu da bildirdilər ki, xəstəliyə görə, sosial müavinət alanların sayında azalma var.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG