Qeyri-neft sənayesində artım, vergidən yayınmalar, Azərbaycan vətəndaşlarının İrana axının səbəbləri və başqa məsələlər medianın aparıcı mövzularındandır…
Azərbaycan vətəndaşlarının İrana axının səbəbləri
«Yeni Müsavat» qəzetində «Azərbaycanlıların İrana axın etməsinin 3 əsas səbəbi» sərlövhəli yazı oxumaq olar.
Yazıda bildirilir ki, bu ilin ilk 6 ayında İrana gedən ölkə vətəndaşlarının sayı kəskin artıb və 1 milyon nəfəri ötüb: «2019-cu ilin yanvar-iyul aylarında 3 milyon 115.1 min nəfər Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib… Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 23.9 faiz artıqdır. Ölkə vətəndaşlarının 37.8 faizi İrana, 28.1 faizi Gürcüstana, 17.7 faizi Rusiya Federasiyasına, 11 faizi Türkiyəyə, 5.4 faizi digər ölkələrə gedib».
Müəllif qeyd edir ki, bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 61.8 faiz artıb.
«Yeni Müsavat»a mövzunu şərh edən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, Azərbaycanla İran arasında gediş-gəlişin geniş olmasının fundamental səbəbləri də var: «Bu səbəblərdən birincisi İranda 30 milyon azərbaycanlının yaşamasıdır. Eyni xalqdır və bu da münasibətlərin formalaşmasında mühüm rol oynayır».
Ekspertin sözlərinə görə, Azərbaycan vətəndaşları İrana çox zaman gündəlik tələbat məhsullarının istehlakı və səhiyyə xidmətlərindən istifadə məqsədilə gedirlər: «İrana turist səfərlərinin sayı aşağıdır. Üçüncü yerdə dini ayinlərin icrası məqsədilə səfərlər durur… Həmçinin, İranda müşahidə edilən böhran, tətbiq edilən sanksiyalar bu ölkənin valyutasını sürətlə ucuzlaşdırdı. Bu da son nəticədə İranda məhsulların qiymətinin ucuzlaşmasına gətirib çıxarır və Azərbaycanın İranla həmsərhəd kəndlərinin əhalisinin səfərini stimullaşdırır».
R.Həsənov hesab edir ki, son illər əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi də bu məsələdə rol oynayır: «2015-ci il böhranından sonra Azərbaycanda əhalinin alıcılıq gücü aşağı düşdü. Azərbaycanlı istehlakçılar nisbətən aşağı keyfiyyətli məhsulların istehlakçısına çevrildilər. Bu da İran kimi ölkələrdən idxal olunan məhsullara daxili bazarda tələbatı artırır, gediş-gəlişin də artmasına səbəb olur».
«Dövləti aldadırlar»
Bizimyol.info-da «Hotellər haqqında şok iddia: Dövləti aldadırlar» sərlövhəli yazı yer alır.
«Böyük biznes obyektlərinin mütləq əksəriyyəti əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölürlər. Elə həmin şirkətlər də normal vergi ödəmirlər».
Yazı hüquqşünas Əkrəm Həsənovun bu sitatı ilə başlayır.
Hüquqşünasın deməsinə görə, Vergilər Nazirliyinin keçmiş rəhbərliyi gizli iqtisadiyyata göz yumub: «Yeni rəhbərliyin gizli iqtisadiyyata qarşı mübarizə aparması təqdirəlayiqdir».
Ekspert hesab edib ki, bu günlərdə «Relax» istirahət və turizm mərkəzinə gələn Vergilər Nazirliyi əməkdaşlarının müqavimətlə üzləşməsinin ajiotaj yaratması müsbət haldır: «Hamının gözü qarşısında vergidən kobud şəkildə yayınmaq gülməlidir. Ümid edirik ki gizli iqtisadiyyatla məşğul olan biznes obyektlərinin sahibləri nəticə çıxaracaqlar».
Ə.Həsənov iddia edib ki, əksər restoranlar və hotellər vergidən yayınmağa çalışır: «Onlar da gizli iqtisadiyyatla məşğuldurlar. Əksər restoran və hotellər əlavə dəyər vergisinə cəlb edilməmək üçün bizneslərini çoxsaylı şirkətlər arasında bölüblər».
Bu il avqustun 19-da Lerikdəki «Relax» turizm mərkəzində bir qrup şəxslə vergi məmurları arasında insident yaşanıb. Bununla bağlı deputat İqbal Məmmədova yaxın olduğu bildirilən 6 şəxs həbs edilib. Deputat həmin hadisədən təəssüfləndiyini bildirərək, qeyd edib ki, həmin obyekt ona yox, qardaşına məxsusdur.
«Qeyri-neft sənayesində məhsul istehsalı artıb»
«Azərbaycan» qəzetində «Qeyri-neft sənayesində məhsul istehsalı 15.7 faiz artıb» sərlövhəli yazı dərc edilib.
Müəllif yazıb ki, Azərbaycan dünyada neft ölkəsi kimi tanınır. Yazıda vurğulanmasına görə, iki əsrə yaxındır Azərbaycan neftin əsas istehsalçılarındandır: «İstər Çar Rusiyası dövründə, istərsə də SSRİ dönəmində bu dövlətlərin əsas neft təchizatçısı Azərbaycan olub. Bir sözlə, iqtisadiyyatımızda neft sənayesi flaqman sayılıb».
Yazıda vurğulanır ki, Azərbaycan müstəqilliyini yenidən əldə etdiyi ilk dövrlərdə yeganə ümid yeri yenə də neft olub: ««Əsrin müqaviləsi» (1994-cü ildə xarici şirkətlərlə Azərbaycan neftinin istismarına görə bağlanan müqavilə) bağlandıqdan sonra ölkəmiz neftin sayəsində düşdüyü dərin iqtisadi böhrandan çıxa bildi. Həmin müqavilədən əldə edilən gəlir ölkənin ümumi inkişafını təmin etməyə imkan verdi. Beləliklə, hərtərəfli iqtisadi inkişafa nail olmaq üçün islahatlara başlandı. Məqsəd qeyri-neft sektorunu inkişaf etdirməklə neft amilindən asılılığa son qoymaq idi».
Müəllif sonda da yazıb ki, dövlətin verdiyi dəstək sayəsində aqropark və sənaye məhəllələrinin yaradılması, eləcə də çoxlu sənaye müəssisələrinin tikilərək fəaliyyətə başlaması öz müsbət nəticəsini göstərir: «...Vaxtında görülən tədbirlər sayəsində qeyri-neft sənayesində cari ilin 6 ayında 15.7 faiz artım qeydə alınıb. Ümumilikdə isə ölkənin neftdən asılılığını aradan qaldırmaq üçün qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən islahatlar nəticəsində vergi daxilolmalarında bu sektorun payı 70.1 faizə çatıb. Belə hal ölkənin dayanıqlı inkişafının təmin edilməsində, həmçinin neftdən asılılığın aradan qaldırılmasında əhəmiyyətli rol oynayır».