“Şübhə etmirəm ki, həqiqi qorxutma və terror hərəkətlərinə, adamların həbsə atılmasına baxmayaraq, etirazlar dalğası davam edəcək və rejim elədiklərindən ciddi peşmançılıq keçirəcək”, – Navalny təcridxanadan çıxandan sonra jurnalistlərə deyib.
Son həftələr Moskvada və Rusiyanın bir sıra digər şəhərlərində icazəsiz aksiyalara çıxanlar sentyabrda Moskva Dumasına planlaşdırılan seçkilərə müstəqil və müxalifət namizədlərin buraxılmamasına etiraz edirlər. Polis Moskva etirazlarında minlərlə adamı saxlayıb, polisin nümayişçiləri döydüyünü göstərən videolar isə internetdə geniş yayılıb.
“Bunu hiss edirlər və qorxurlar”
Seçkiyə buraxılmayan namizədlərin bəziləri Navalny-yə, yaxud onun antikorrupsiya fonduna bağlıdır. Onlar da həbs olunub, evlərində axtarış aparılıb, hücumlara məruz qalıblar. Avqustun 22-də Navalny-nun köməkçilərindən biri Sankt Peterburqdakı evi yaxınlığında hücuma məruz qalıb.
“İndi gördüyümüz odur ki, yalanlar və fırıldaq onlara bəs eləmir. Namizədləri seçkiyə buraxmamaq da onlara bəs eləmir. Onlar qəsdən onlarla adamı həbs edir, yüzlərlə adamı döyürlər... Bu onu göstərir ki, bu rejimə dəstək yoxdur. Bunu hiss edirlər və qorxurlar”, – Navalny jurnalistlərə açıqlamasında deyib.
Rusiyada hakimiyyət Navalny-nin antikorrupsiya fondunu da hədəfə alıb, avqustun 3-də ona qarşı cinayət işi açıb. Fond qanunsuz mənbələrdən maliyyə əldə etməkdə şübhəli bilinir.
Navalny və dostları isə fondun şəffaf şəkildə, ictimai ianələrlə maliyyələşdiyini bildirir.
***
Rusiyanın müxalifət lideri Aleksei Navalny-nin sözçüsü onun həbsdən buraxıldığını, Moskva məhkəməsinin müxalifətçinin məhkumluğunu uzatmadığını bildirir.
Kira Yarmysh avqustun 23-də Twitter hesabında Navalny-nin təcridxanadan çıxan yerdə fotolarını paylaşıb. Fotolardan birində o, darvaza önünə yığışmış jurnalistlərə açıqlama verir.
Kremlin tənqidçisi olan Navalny adamları icazəsiz aksiyada iştiraka çağırdığına görə 30 günlük həbsə məhkum edilmişdi.
O, həbsdə olanda üzündə kəskin qızartılarla xəstəxanaya aparıldı, həkimlər bunun allergik reaksiyalar olduğunu bildirdi. Bəzi tərəfdarları isə siyasətçinin zəhərlənməsindən şübhələnirdi. O, xəstəxanada 19 saat qalandan sonra təcridxanaya qaytarıldı.
Təcridxana rəhbəri Moskva məhkəməsindən Navalny-nin həbs müddətini uzatmağı, xəstəxanada qaldığı müddəti nəzərə almağa istəmişdi. Ancaq məhkəmə vəsatəti rədd edib.