Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:35

Füzuli və Cəbrayılın işğalından 26 il keçir


Azərbaycan artilleriyası. 1992

Bu gün, avqustun 23-ü Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarını Ermənistan silahlı qüvvələrinin işğal etməsinin 26 ili tamam olur.

1993-cü il avqustun 23-də Füzuli rayonunun mərkəzi və 50-dən çox kəndi işğal olunub. Rayonun ümumi sahəsi 1386 kv.km-dir.

Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunan ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq həmin yaşayış məskənlərinə yerləşdirilib. Hazırda ərazidə 50 mindən çox məcburi köçkünün məskunlaşdığı bildirilir. Ümumilikdə Füzuli rayonunda Qarabağ münaqişəsi zamanı 1000-dən çox sakinin həlak olduğu bildirilir

Cəbrayıl

Avqustun 23-ü həm də Cəbrayıl rayonunun işğal olunduğu gündür. 1050 kv.km ərazisi olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Rayon işğal olunarkən 250 nəfərdən çox adamın həlak olduğu, 91 nəfərin itkin düşdüyü, 177 nəfərin də əlil olduğu bildirilir.

Ümumilikdə Azərbaycan torpaqlarının 20 faiz ərazisi işğal altındadır.

Füzuli və Cəbrayıl rayonları işğal edilən zaman Azərbaycanda mürəkkəb ictimai-siyasi proseslərin cərəyan etdiyi bildirilir. Həmin işğallardan təqribən iki ay əvvəl Gəncədə polkovnik Sürət Hüseynovun rəhbərliyi altında N saylı hərbi hissə hakimiyyət orqanlarına qarşı çıxmışdı. Prezident Əbülfəz Elçibəy hakimiyyəti devrilmiş, onun özü də Bakını tərk etmişdi.

Əvəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev Azərbaycan Milli Məclisinin sədri seçilmişdi. Polkovnik S.Hüseynov isə H.Əliyevin təklifi ilə baş nazir postuna gətirilmişdi.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa qrupun həmsədrləridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG