Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 01:26

F.Ceyranlı beynəlxalq axtarışa verilib


F.Ceyranlı

Tbilisidəki «Lanset» klinikasının rəhbəri, azərbaycanlı cərrah Fərman Ceyranlı iki ildən çoxdur Gürcüstanda həbsdə olduğu halda, Bakıda Nəsimi Rayon Məhkəməsi yenidən onun haqqında həbs qərarı çıxarıb. Bu barədə AzadlıqRadiosuna vəkil Fuad Ağayev məlumat verib.

Vəkil bildirib ki, həmin həbs qərarı əsasında F.Ceyranlı beynəlxalq axtarışa verilib.

F.Ağayev həbs qərarından apellyasiya şikayəti verib. Avqustun 22-də Bakı Apellyasiya Məhkəməsində şikayətə baxılıb və təmin olunmayıb - həbs qərarı qüvvədə saxlanılıb.

F.Ceyranlı Azərbaycanda böyrək alverində suçlanır. İddia olunur ki, böyrək köçürmələri ilə bağlı əməliyyatlar onun rəhbərlik etdiyi «Lanset» klinikasında həyata keçirilib. Bunun müqabilində əldə olunan vəsaitdən ona da çatıb.

F.Ceyranlı 2017-ci il mayın 22-dən Gürcüstanda həbsdədir. O, «Lanset» klinikasında qaraciyər köçürməsindən sonra vəfat etmiş bir xəstənin qohumunun şikayəti əsasında həbs edilərək, dələduzluq, insanların həyatı və sağlamlığına təhlükə yaradan informasiyanı gizlətmə kimi ittihamlarla 6 il azadlıqdan məhrum edilib. Gürcüstan Apellyasiya Məhkəməsi sonradan onun cəzasını 2 il 3 aya endirib. F.Ceyranlı bu qərarla da razılaşmayaraq, bəraət almaq üçün Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə isə avqustun 2-də - cəzasının bitməsinə 20 gün qalmış müddəti 6 ilə qaldırıb.

F.Ceyranlı həm Gürcüstanda həbsinə rəsmi əsas kimi göstərilən ittihamları, həm də Azərbaycanda axtarışa verilməsinin səbəbiylə bağlı yaylan iddiaları rədd edir. Bir müddət əvvəl yaydığı açıqlamada bildirib ki, «Lancet» tibb mərkəzinin orqan köçürmə şöbəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatına, Gürcüstan qanunlarında nəzərdə tutulan qaydalara uyğun fəaliyyət göstərib. Onun sözlərinə görə, orqan köçürmə əməliyyatı zamanı şəxslərdən lazım olan bütün hüquqi sənədlər alınıb və qanuni şəkildə əməliyyat icra olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG