Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:23

HRW: “Qanunvericiliyin zəifliyi Gürcüstan mədənçilərinə risk yaradır”


Gürcüstanda mədənçilər
Gürcüstanda mədənçilər

Qeyri-adekvat əmək qanunvericiliyi Gürcüstanda mədənçilərin həyatına təhlükə yaradır, iş xəsarətləri, yuxusuzluq, hərəkət azadlığının məhdudlaşdırılması ilə nəticələnir. Human Rights Watch (HRW) insan haqları təşkilatının 60 səhifəlik hesabatında bu haqda söz açılır.

Avqustun 22-də yayılmış hesabatda Gürcüstan hökumətinin mədənçilərin təhlükəsizliyini yetərincə təmin etmədiyi, onları hökumətin nəzarətinin zəifliyindən faydalanan işəgötürənlərin ümidinə buraxdığı qeyd olunur.

“Tamamilə Gürcüstanın əlindədir”

Hesabata görə, iş saatları, istirahət, həftəlik fasilələr və gecə növbəsinə yetərincə nəzarət olunmur.

Bu isə işəgötürənlərə hasilat kvotasını işçilərin təhlükəsizliyindən üstün tutmağa imkan verir, HRW bildirir.

Gürcüstanda mədənçi
Gürcüstanda mədənçi

“Gürcüstan iş saatlarını tənzimləməsə və iş şəraitinin daha geniş təsirini öyrənən sistem yaratmasa, minlərlə işçiyə risk yüksək səviyyədə qalacaq”, – Human Rights Watch-dan Corina Ajder deyib.

“İşçiləri qorumaq və onların səhhəti və təhlükəsizliyi şərtlərini yaxşılaşdırmaq tamamilə Gürcüstanın əlindədir”, – o vurğulayıb.

Sənəddə deyilir ki, bəzi mədənçilər gecə də daxil olmaqla, 15 gün ardıcıl, 12 saatlıq rejimlə işləyirlər. Bu da onların əldə düşməsi, yuxusuzluğa düçar olmasıyla sonuclanır.

İşçilər hasilat kvotasını yerinə yetirməməyə görə çox vaxt cərimələnir, ailələri və evlərindən uzaq düşərək yataqxanalarda qalmalı olurlar.

Ölüm halları 74 faiz artıb

HRW bildirir ki, Gürcüstanın ən böyük manqan istehsalçısı olan Georgian Manganese (GM) qanunvericiliyin zəifliyindən istifadə edərək şaxtaçıların səhhəti və təhlükəsizliyi hesabına istehsalı maksimallaşdırır. GM isə iddiaları rədd edib.

GM fəhlələrin yataqxanada qalmasını müdafiə edib, bu halda “mədənçilərin təhlükəsizliyi artıran şəraitdə dincəldiyini” bildirib.

HRW iş zamanı xəsarət alanları da sənədləşdirib. Buraya uçqun altında qalanlar, ətraflarını itirənlər, beyin zədəsi alanlar daxildir.

Mövcud durumun 2006-cı ildən qaynaqlandığı vurğulanır, həmin il Əmək Müfəttişliyi ləğv olunub, əmək məcəlləsinə ciddi dəyişikliklər edilib.

Sonucda 2007-2017-ci illərdə iş yerlərində ölüm hallarının 74 faiz artdığı qeyd edilir. Ölümlərin çoxu mədən və tikinti sahələrində baş verib.

Gürcüstan sonradan əməyin mühafizəsi üzrə yeni qaydalar tətbiq edib, 2015-ci ildə məhdud mandatla Əmək Müfəttişliyi yaranıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG