Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:13

'Made in Azerbaijan' markalı məhsulların qiyməti artıb-Media icmalı


Nazirlər Kabinetinin iclası
Nazirlər Kabinetinin iclası

Azərbaycanda neftdən asılılıq, qeyri-neft sektorunda vəziyyət, «Gəlir deklarasiyası haqqında» Qanun və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır ...

«Nazirlər Kabinetinə göstəriş verilib ki...»

Modern.az-da «Azərbaycanda vəzifəli şəxslər niyə gəlir deklarasiyası vermirlər...» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, 2005-ci ildə Milli Məclis «Gəlir deklarasiyası haqqında» Qanun layihəsini qəbul etsə də, o işləmir. «Güman ki, gəlir deklarasiyası işlək olarsa, vəzifəli şəxslər, deputatlar, məmurlar tərəfindən vergidən yayınmalar, qanunlara qarşı sərt təpkilər də olmaz. Elə isə niyə gəlir deklarasiyası işlək vəziyyətə gətirilmir?», - müəllif sual edir.

Deputatı Vahid Əhmədov qeyd edib ki, Müstəqil Dövlətlər Birliyi ( MDB) ölkələrində gəlir deklarasiyası həyata keçirilir: ««Gəlir deklarasiyası haqqında» Qanun layihəsi çoxdan qəbul edilib. Həmin vaxt prezident tərəfindən Nazirlər Kabinetinə göstəriş verilib ki, təlimatlar işlənib hazırlansın və həyata keçirilsin. Təəssüflər olsun ki, hökumət o təlimatları, qaydaları hazırlamadığından həyata keçirilməyib».

Ancaq deputatın fikrincə bu, çox vacib məsələlərdən biridir: «Şəffaflığı təmin etmək, müəyyən qədər korrupsiyanın qarşısını almaq üçün deklarasiyanın həll edilməsi vacibdir».

Deputat Fəzail Ağamalı da deyib ki, hökmən hər bir məmur deklarasiyanı yazmalı və vergi orqanlarına təqdim etməlidir: «…Elə hallar var ki, deputat biznesini yaratsa da, onu ya övladının, ya da qohumunun adına keçirir, amma çox zaman özləri idarə edir. Etsin, Allah xeyirlərini versin. Lakin bununla yanaşı, dövlətin vergisini də versin, deklarasiyasını da göstərsin…».

Bakıda neft buruğu
Bakıda neft buruğu

««Qara qızıl»ın gəlirlərindən asılılıq qalmaqdadır»

«Yeni Müsavat» qəzetində «Neftin qiyməti ilə bağlı proqnozlar: Azərbaycan «qara qızıl»dan asılılığı azalda biləcəkmi?» sualı gündəmə daşınır.

Müəllif qeyd edib ki, neftin qiyməti Azərbaycan üçün riskli həddədir: ««Qara qızıl»ın bir neçə dollar ucuzlaşması hökumətin dövlət büdcəsində proqnozlaşdırdığı 60 dollarlıq qiymətdən aşağı düşmüş olacaq ki, bu da uzunmüddətli dövrdə büdcə xərclərinin formalaşmasında problem yarada bilər».

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban sayta bildirib ki, bazarlara yönəlik siqnallar, bəyanatlar gah ümidverici, gah da bədbin olur və buna uyğun olaraq da qiymətlər bir qədər azalıb-artır.

Neft qiymətlərinin Azərbaycana təsirinə gəlincə, ekspert hesab edir ki, «qara qızıl»ın gəlirlərindən və idxaldan asılılıq ölkənin əsas problemi olaraq qalmaqdadır: «20 ildən artıqdır ki, enerjidaşıyıcılar Azərbaycanın ixracının 90 faizdən artığını təşkil edir. İllərdir ki, bu rəqəm dəyişmir. Ona görə də, neftin qiyməti nə qədər bahadırsa, Azərbaycan üçün bir o qədər yaxşıdır. Ölkənin gəlirləri artır. Digər tərəfdən, Dövlət Statistika Komitəsinin açıqladığı 6 ayın yekunlarına görə, Azərbaycanın idxalı 7 milyard dollardan artıq olub. Ötən ilin yekunlarına görə isə, bu rəqəm 11 milyard dollar idi...».

İ.Şaban müqayisə üçün Rusiyadan danışıb: «Rusiya hökumətinin 2014-cü ildən bu yana tətbiq etdiyi siyasətə baxsaq, orada idxalın əvəzlənməsi siyasəti həyata keçirilir. Ötən 4 ildə bu ölkədə nəticələri istədikləri kimi olmasa belə, idxalın həcmi aşağı düşür. Bizdə isə o qədər neft vəsaitlərini qeyri-neft sektoruna yönəltdiyimiz halda, «Made in Azerbaijan» markalı məhsulların hamısının qiyməti artıb. Bu da Azərbaycan məhsullarının rəqabətədavamlığının nə qədər aşağı olmasının göstəricisidir. Bu da ölkənin neft sektoruna bağlılığının təzahürüdür».

Biznes
Biznes

Sahibkarlığın inkişafı

«Azərbaycan» qəzetində «Sahibkarlığın inkişafı qeyri-neft məhsulları istehsalını da artırır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, qeyri-neft məhsullarının ildən-ilə artmasında sahibkarlığın inkişafının xüsusi yeri var. Yazıda vurğulandığına görə, sahibkarlığın inkişafı sayəsində indi qeyri-neft sektorunda istehsal edilən məhsulun 77 faizi özəl sektora məxsusdur: «Özəl sektora təkan verən başlıca amil isə dövlət tərəfindən onun dəstəklənməsi, xüsusilə güzəştli şərtlərlə kreditləşməsidir. Digər tərəfdən, dövlət ölkədə münbit investisiya mühiti yaradıb ki, bu da istər yerli, istərsə də xarici investorları Azərbaycana kapital qoyuluşuna təşviq edir».

Yazıda mövzu ilə bağlı prezident İlham Əliyevdən də belə bir sitat təqdim edilir: «Biznes mühitinin yaxşılaşdırılması istiqamətində çox ciddi addımlar atılıb. Dünya Bankının «Doing Business» proqramı çərçivəsində Azərbaycan 10 ən islahatçı ölkə kimi tanınır və biz 32 pillə irəliləmişik və hazırda 25-ci yerdəyik...».

Yazıda qeyd edilir ki, dövlət iri sahibkarlıqla yanaşı, kiçik və orta sahibkarlığın inkişafına da dəstək verir: «Cari ildə həmin istiqamətdə görülən işlər bunu bir daha təsdiq edir. Belə ki, son 6 ayda İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib. Müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib...».

XS
SM
MD
LG