Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:52

Turizm sektoru 70 faiz gizlidir - Ekspert (Media icmalı)


Evlilik
Evlilik

Regionların inkişafına dair Dövlət proqramları, turizm sahəsində gizli iqtisadiyyatın həcmi, erkən nikahlar və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Erkən evlilik

Oxu.az-da «Azərbaycanda yeniyetmə valideynlər - Onların dəqiq sayı bilinmir» sərlövhəli yazı oxumaq olar.

Yazıda erkən evlilik məsələsindən bəhs edilir.

Müəllif qeyd edir ki, yetkinlik yaşına çatmayan valideynlər uşaqlarla birgə yaşamaq və onların tərbiyəsi ilə məşğul olmaq hüququna malikdirlər: «Bu məsələ Ailə Məcəlləsinin 57-ci maddəsində öz əksini tapıb».

Yazıda vurğulanıb ki, amma Azərbaycanda yetkinlik yaşına çatmayan valideynlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur: «Azərbaycanda erkən nikahlarda ən yüksək hədd 2011-ci ildə qeydə alınıb. Həmin il 18 yaşadək qızlar arasında nikaha daxil olanların sayı 5138 olub. 2017-ci ildə isə erkən nikaha daxil olan qızların sayı 317 nəfər təşkil edib».

Yazıda bildirildiyinə görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdir müavini Aynur Veysəlova da deyib ki, yeniyetmə valideynlərin dəqiq statistikası yoxdur. A.Veysəlova qeyd edib ki, Ailə Məcəlləsinə əsasən, nikah yaşı üzrlü səbəblərdən 1 yaş endirilə bilər, bu zaman isə həmin şəxs rəsmi qeydiyyata düşür: «Ancaq yetkinlik yaşına çatmayan valideynlərin statistikası aparılmır. Onlar nikah yaşına çatanda qeydiyyata düşürlər».

Komitə nümayəndəsi deyib ki, hazırda 15-17 yaşlı yeniyetmə gəlinlər tərəfindən doğulan uşaqların sayında da ciddi azalma var: «...2011-ci ildə 15-17 yaşlı gəlinlər tərəfindən 4392 uşaq doğulmuşdusa, 2018-ci ildə bu rəqəm 2421 olub».

Bakıda turistlər
Bakıda turistlər

«Turizm sektorunda gizli dövriyyə...»

«Yeni Müsavat» qəzetində «Turizm obyektlərinin vergidən gizlədilən dövriyyəsi: dövlət büdcəsi milyonlar itirir» sərlövhəli yazı yer alır.

Müəllif vurğulayıb ki, Lerik rayonunda yerləşən, deputat İqbal Məmmədova məxsus «Relax» istirahət mərkəzində (İ.Məmmədov özü isə bildirib ki, həmin obyekt ona yox, qardaşına məxsusdur-A.R) baş verənlər (Obyekt işçiləri ilə vergi əməkdaşları arasında qalmaqal) bir daha Azərbaycanda vergidən yayınan vəsaitlərin həcminin nə qədər böyük olduğunu göstərdi.

İqtisadçı ekspert Rəşad Həsənov da qəzetə bildirib ki, Azərbaycanda iqtisadiyyatın bütün sahələrində qeyri-rəsmi fəaliyyətlər geniş yayılıb: «Dünya Bankının hesabatına görə, 2017-ci ildə Azərbaycanda qeyri-dövlət sektorunda gizli iqtisadiyyat 66 faiz ətrafında dəyişirdi... 2016-cı il üçün apardığımız qiymətləndirmədə ortaya çıxan mənzərə o idi ki, qeyri-dövlət sektorunda iqtisadiyyatın hər 4 manatından 3 manatı gizli iqtisadiyyatın, qeyri-rəsmi dövriyyənin predmetidir. Deməli, turizm sektorunda da bənzər trendlər müşahidə olunur...».

İqtisadçının sözlərinə görə, turizm sektorunda gizli dövriyyə iqtisadiyyatın digər sahələri ilə müqayisədə daha çoxdur: «Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2018-ci ildə yerləşdirmə fəaliyyəti ilə məşğul olan mehmanxana və mehmanxana tipli fəaliyyətlərin təxminən... ödədikləri cəmi vergilərin həcmi 33 milyon manat olub. Bu, kifayət qədər kiçik göstəricidir. Azərbaycanda vergi yükü iqtisadiyyatda 14.2 faizdir. Digər məlumatları uzlaşdırarkən ortaya çıxan təxmini mənzərə ondan ibarətdir ki, turizm sektorunda 65-70 faiz ətrafında gizli iqtisadiyyat var».

İqtisadçı qeyd edib ki, hazırda turizm dövlətin prioritet sahələrindən biridir. Onun söyləməsinə görə, o, neft sektorundan sonra yeganə sektorlardan biridir ki, idxalla ixrac arasında profisit var.

Magistral yol
Magistral yol

«Bölgələr inkişaf mərhələsindədir»

«Azərbaycan» qəzetində «Bölgələr tarazlı, davamlı inkişaf mərhələsindədir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, hələ 2003-cü ildə Azərbaycanda keçirilən prezident seçkisi ərəfəsində xalqa müraciət edərək, «əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, ilk növbədə regionların problemləri ilə məşğul olacağam» vədi verən İlham Əliyev sözünün üstündə durub.

Yazıda vurğulandığına görə, bu müddət ərzində onun prezident kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü işlər bölgələrin simasını büsbütün dəyişib: «Bölgələrin hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü siyasətin və əvvəlki dövlət proqramlarının məntiqi davamı olan III Dövlət Proqramı ölkənin ardıcıl və dayanıqlı iqtisadi inkişafının təmin olunmasına, regionların uğurlu inkişafına əhəmiyyətli töhfəsini verdi. Sözün əsl mənasında, regionların simasını köklü surətdə dəyişdi. Regionların indiki vəziyyəti 16 il bundan əvvəlki vəziyyətindən, həqiqətən, fundamental dərəcədə fərqlənir».

Müəllifin fikrincə, ölkədə sosial həyatın daha da yaxşılaşmasında, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında sistemli dövlət siyasətinin mühüm rolu var.

Yazıda habelə qeyd edildiyinə görə, istehsal müəssisələrinin fəaliyyətinin bərpası, yeni sənaye obyektlərinin istifadəsi, regionların inkişafı üçün zəruri infrastrukturun yaradılması, sahibkarların fəaliyyətinin daha da stimullaşdırılması və investorların regionlara cəlb olunması üçün əlverişli şəraitin yaradılması bölgələrin inkişafını daha da sürətləndirib.

XS
SM
MD
LG