Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:27

'Ən çox tələb benzin az işlədən avtomobillərədir'-Media icmalı


F.Əhmədli
F.Əhmədli

Kiçik sahibkarlığın durumu, maşın bazarındakı bahalaşma, siyasətçilərin həbsxana həyatı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Məhbəsdə 3 il

azadliq.info-da «Parıldayan 3 il» sərlövhəli yazı yer alır. Yazının müəllifi vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham edilərək 4 il həbs cəzası alan, amma ittihamları qəbul etməyən AXCP fəalı, «Azerfon» (Nar Mobile) şirkətinin keçmiş əməkdaşı Fuad Əhmədlidir.

F.Əhmədli yazının girişində qeyd edib ki, 1 aya yaxındır «həbsimin 3 iliylə bağlı nə yazacam» sualı beynini məşğul edib. Yazıda o, əqidə dostlarından da bəhs edib: «...Deyirlər ki, məhbəsi görən insan ömrünün sonrakı dönəmlərində heç vaxt həbs olunmaqdan qorxmur. Yaxud, həbsdə olan adamı aldatmaq, haqqın yemək mümkün deyil. Burda həm də susmağın və danışmağın yerini, məqamını dəqiq öyrənirsən. Bəzən danışmaq lazım olam yerdə də susursan. Qısası, buralar adama hər addımdan öncə iki dəfə düşünməyi öyrədir. Bu isə qorxu məsələsi deyil, formalaşan xarakterdir».

F.Əhmədli daha sonra da yazıb: «Bu «akademiya»da kimin nə qədər öyrəndiyini bilmirəm, amma mənim qismətim həqiqi mübarizə filosoflarının yanında yetişmək oldu. Belə ki, mən Asif Yusifliylə (Hazırda həbsdə olan başqa bir AXCP fəalı, Qarabağ döyüşlərində sağlamlığını itirmiş Asif Yusifli. O isə dələduzluqda ittiham edilərək 7 il 6 ay həbs cəzası alıb. Sonra cəzası 1 il azaldılıb. O da ittihamı qəbul etmir) bir masada çörək yedim».

Müəllif daha sonra da qeyd edib ki, məqsədi heç də diqqəti öz problemlərinə yönəltmək deyil: «...Məhz mənim ən müqəddəs saydığım gənclik xatirələrimin real qəhrəmanlarından yazmaq istədim. Yaşadığımız məhrumiyyətlərin heç biri əqidəmiz və əqidədaşlarımız qədər önəmli deyil».

Maşın bazarı
Maşın bazarı

«Avtomobil bazarında qiymətlər qalxdı»

axar.az-da «Avtomobil bazarında son durum: qiymətlər qalxdı» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, Bakının avtomobil bazarlarında qiymət artımı müşahidə olunur: «Qiyməti yüksələn avtomobillər xüsusilə Almaniya istehsalı olan maşınlardır».

Yazıda qeyd edilir ki, qiymət artımı hər markadan olan avtomobillərdə müşahidə olunur: «Bu səbəbdən də Bakının avtomobil bazarlarında durğunluq yaşanır. Satıcılar bildirir ki, avtomobillərin qiyməti hər gün artır. Belə ki, son 3 ayda hər bir avtomobilin qiymətində 1000-2000 manat artım qeydə alınıb».

Müəllifin bildirməsinə görə, bazarda ən çox tələb isə mühərrik həcmi kiçik olan, yəni benzin az tələb edən avtomobillərədir: «Bu tələb də məhz bu kateqoriyadan olan avtomobillərin qiymətini artırır».

Yazıda vurğulandığına görə, alıcılar indi daha çox ehtiyat hissələri ucuz olan avtomobil almağa üstünlük verir: «Almaniya istehsalı olan avtomobillərə tələbat çox olduğu üçün bu maşınların da qiyməti qalxıb. Rusiya istehsalı olan kondisionersiz avtomobillərin də qiyməti bahalaşıb. Satıcıların sözlərinə görə, payıza doğru bazarda canlanma olmasına baxmayaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir».

İ.Əliyev Naxçıvanda Gəmiqaya daş məhsulları kompleksinin açılışında
İ.Əliyev Naxçıvanda Gəmiqaya daş məhsulları kompleksinin açılışında

«Kiçik sahibkarın dəstəkçisi»

«Azərbaycan» qəzetində «Kiçik sahibkarın böyük dəstəkçisi» sərlövhəli yazı dərc edilib.

Yazıda ölkədə kiçik və orta biznesin inkişafında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyəti dəyərləndirilib.

Müəllif yazıb ki, hər bir ölkədə iqtisadiyyatın dayanıqlılığı kiçik və orta biznesin (KOB) inkişaf səviyyəsi ilə bağlıdır. Yazıda vurğulandığına görə, inkişaf etmiş ölkələrdə kiçik və orta sahibkarlığın ümumi daxili məhsulda (ÜDM) payı 50 faiz, məşğulluqda isə 60 faizdən çoxdur: «Avropa İttifaqına daxil olan ölkələrdə müəssisələrin 99 faizini kiçik və orta müəssisələr təşkil edir. İnkişaf etməkdə olan ölkələrdə ortahəcmli müəssisələr məşğulluğun əsas təminatçısıdır. Son 5 ildə Avropa məkanında yeni iş yerlərinin 85 faizi kiçik və orta biznes subyektləri tərəfindən yaradılıb».

Müəllif hesab edir ki, Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan islahatlar və dövlət dəstəyi tədbirləri nəticəsində özəl sektor iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib: «Ölkə üzrə sahibkarlıq subyektlərinin 99 faizinin KOB subyektləri olması kiçik və orta sahibkarlığın ÜDM-də və ixracda payının artırılması üçün böyük potensialın olduğunu göstərir. KOB-ların ölkə iqtisadiyyatında rolunun və çəkisinin artırılması davamlı iqtisadi artımın təmin edilməsi baxımından prioritet istiqamətlərdəndir».

Yazı bu fikirlərlə də başa çatır: «Azərbaycanda davamlı iqtisadi inkişafın təmin edilməsi, kiçik və orta biznesin iqtisadiyyatda rolunun artırılması Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. Yeni yaradılmış KOBİA isə kiçik və orta biznesin inkişafı istiqamətində qarşısına qoyulan vəzifənin, tapşırıqların öhdəsindən layiqincə gəlməyə çalışır».

XS
SM
MD
LG