ABŞ prezidenti Donald Trump onun təbirincə deyilərsə, Kəşmirdəki “partlayış təhlükəli” vəziyyətin çözülməsi üçün vasitəçilyini təklif edib.
Trump avqustun 20-də müxbirlərə deyib ki, o bu məsələni Fransanın cənubunda keçiriləcək G7 sammitində Hindistan baş naziri Narendra Modi ilə müzakirə edəcək.
Hindistan və Pakistan arasındakı Kəşmiri “çox mürəkkəb yer” adlandıran Trump deyib ki, bu məsələdə vasitəçilik üçün əlindən gələni edəcək.
Hindistan G7 qrupunun üzvü olmasa da, Modi avqustun 24-26-da keçiriləcək sammitə dəvətlidir.
İyul ayında Pakistanın baş naziri Imran Khan-la söhbəti zamanı Trump demişdi ki, Modi ondan bu münaqişənin çözümü üçün vasitəçilik etməyi rica edib. Hindistan Trump-ın bu iddiasını qətiyyətlə inkar edir.
Trump Hindistan və Pakistan baş nazirləri ilə telefon söhbətlərinin olduğunu yazıb:
***
ABŞ Prezidenti Donald Trump avqustun 19-da Pakistan və Hindistan liderləri ilə danışdığını, Kəşmirdə gərginliyin azaldılmasını müzakirə etdiyini deyib.
“Yaxşı dostlarım, Hindistanın Baş naziri Narendra Modi və Pakistanın Baş naziri Imran Khan ilə ticarət, strateji tərəfdaşlıq, ən vacibi Kəşmirdə gərginliyin azaldılmasını müzakirə etdim. Çətin durumdur, ancaq yaxşı söhbət etdik”, – Trump avqustun 19-da tvitində yazıb.
Khan son 3 gündə Trump-la artıq ikinci dəfədir danışır.
Pakistanın Xarici işlər naziri Shah Mehmood Qureshi İslamabadda deyib ki, ölkəsi Kəşmirin Hindistanın nəzarətində olan hissəsinə BMT-nin müşahidə missiyasının göndərilməsini, orada komendant saatının “dərhal” ləğv olunmasını istəyir.
Trump liderlərlə telefon danışığı apardığı gün Hindistan əsgərlərinin təmas xəttində açdığı atəşdən iki dinc sakinin ölməsi, birinin yaralanması xəbəri yayılıb.
Avqustun 5-də Hindistan Kəşmirin ona aid hissəsinin xüsusi statusunu ləğv edib, internet, telefon xidmətini kəsib.
Kəşmir nüvə silahlı Hindistan və Pakistan arasında bölünüb.