Keçid linkləri

2024, 09 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:23

Mənzillər 6.4 dəfə, kirayə qiymətlər 2.6 dəfə yüksəlib-Media icmalı


Mənzillər
Mənzillər

Azərbaycanda investisiya mühiti, kirayə mənzil bazarında vəziyyət, məktəbli ləvazimatlarının qiymətləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Kirayə evlər bahalaşacaq»

Modern.az-da «Sentyabrda kirayə evlər bahalaşacaq» sərlövhəli yazı oxumaq olar.

Müəllif ölkənin kirayə mənzil sahəsindəki vəziyyət barədə «MBA Konsaltiq və qiymətləndirmə» şirkətinin rəhbəri, daşınmaz əmlak sahəsi üzrə ekspert Nüsrət İbrahimovla söhbətləşib.

N.İbrahimov sayta deyib ki, avqust-sentyabr aylarında kirayə evlərə tələbat yüksək olduğundan qiymətlərdə də artım müşahidə olunur. Amma sentyabrın ortalarında tələb azaldığından qiymətlər də aşağı düşəcək: «Bazarda qiyməti iki faktor tənzimləyir. Birincisi, tələb və təklif, ikincisi isə ümumi iqtisadi durumdur. Ölkə inkişaf etdikdə, bazarda pul mübadiləsi çox olanda, insanların sabaha inamı, cəmiyyət pozitiv əhval-ruhiyyədə olanda qiymətlər də artıma meylli olur. Amma əks hallar yaşananda qiymətlər aşağı düşür. 2015-2016-cı illərdə biz bunu müşahidə etdik».

N.İbrahimovun bildirməsinə görə, 2000-ci ildən indiyə qədər mənzillərin satış qiymətləri 6.4 dəfə artıb: «Buna uyğun olaraq, kirayə qiymətləri isə 2.6 dəfə yüksəlib. Bu o deməkdir ki, insanların kreditə əlçatanlığı yaxşılaşdığından ev almağa bir qədər rahatlıqla əl qoyurlar. Kirayə pulunu isə öz ciblərindən verməli olurlar deyə, bahalı evləri kirayə götürməkdən çəkinirlər. Kirayə qiymətləri insanların cibindəki pulla bağlıdır. Yəni insanların qazancı, cibindəki pulu çoxalanda kirayə evlərin qiymətləri də artır, azalanda isə qiymətlər düşür».

Yazının sonunda da vurğulanır ki, hazırda Bakıda kirayə evlərin qiyməti artıb, bahalaşma yeni dərs ili ilə əlaqədar tələbələrin paytaxta axını, turistlərin gəlişi ilə əlaqələndirilir. Müəllif qeyd edib ki, xüsusilə ərəb ölkələrindən gələnlər çoxdur.

Məktəb bazarı
Məktəb bazarı

Məktəbli ləvazimatları...

«Yeni Müsavat» qəzetində «Məktəbli yarmarkaları açıldı: qiymətlər necədir?» sərlövhəli yazı diqqət cəlb edir.

Müəllif bildirir ki, avqustun 18-dən etibarən Bakıda bir neçə metrostansiyasının çıxışında məktəbli ləvazimatlarının satış yarmarkaları fəaliyyətə başlayıb, qurulan çadırlarda çantadan tutmuş, su qabına qədər çox şeyi almaq mümkündür: «Müşahidə etdik ki, burada satılan məktəbli çantalarının qiyməti 12 manatdan başlayıb, 50 manata qədər dəyişir. Ən bahalı çantalar təkərli çantalardır. Məktəblərdə son zamanlar dərsliklərin sayı artdığı üçün çantalar da ağır olur. Ona görə də, satıcıların sözlərinə görə, valideynlər daha çox təkərli çanta almağa üstünlük verirlər».

Yazıda vurğulandığına görə, satıcılar yarmarkada endirimdən bəhs edirlər, amma alıcılar bir qədər fərqli danışırlar: «Söhbət etdiyimiz alıcılar isə bildirdilər ki, əgər satıcı bir malda endirim edirsə, digərini baha satır. Ona görə də əksər insanlar eyni yerdən bütün ləvazimatları almırlar».

Daha sonra isə müəllif çantalarla yanaşı, başqa məktəbli ləvazimatların qiymətləri barədə də bilgi verir: «12-vərəqli dəftər 10 qəpik, 40-vərəqli dəftər isə 30-40 qəpiyə satılır. 60-vərəqli dəftərlər 40-50 qəpik, 100-vərəqli dəftər isə 60-80 qəpiyədir. Eyni zamanda, yapışdırıcı 60 qəpik-1 manat, su qabları 10-12 manat, qələm yonanlar 1.50-2 manat, qələmlər 10-50 qəpiyə, rəngli karandaşlar 3-12 manata, rəsm albomu 30 qəpiyə, sadə karandaşlar 20-40 qəpiyə satılır».

Müəllif supermarketlərdə də qiymətlərlə tanış olub: «Supermarketlərin məktəbli ləvazimatlarının satıldığı bölmələrində də çeşidləri artırılıb. Oradakı qiymətlərlə yarmarkadakı qiymətlər arasında ciddi fərq görmədik».

Biznes
Biznes

«Azərbaycanda əlverişli investisiya mühiti mövcuddur»

«Azərbaycan» qəzetində «İqtisadiyyata 263 milyard dollar investisiya yatırılmışdır» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, son illər Azərbaycan iqtisadiyyatının davamlı və rəqabətqabiliyyətli inkişafı sahəsində sistemli fəaliyyət həyata keçirilib. Yazıda vurğulandığına görə, aparılan davamlı iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun inkişafı təmin edilib, bu sahədə əhəmiyyətli irəliləyişlərə nail olunub: «Dövlət özəl sektorun inkişafına,... iş adamlarının fəaliyyətinə hərtərəfli imkanların yaradılması, iqtisadi mühitin liberallaşdırılması yolu ilə əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində bütün zəruri tədbirləri görür».

Müəllif iddia edir ki, həqiqətən Azərbaycanda əlverişli biznes, investisiya mühiti mövcuddur. Yazıda bir sıra göstəricilərə də toxunulur: «...Təkcə ötən il iqtisadiyyata 15.3 milyard dollar investisiya yatırılıb. Bu məbləğin 8.2 milyard dolları xarici investisiyadır. Bu ilin 6 ayında isə iqtisadiyyata 6 milyard dollardan çox investisiya yatırılıb. Ümumilikdə isə müstəqillik illərində ölkə iqtisadiyyatına yatırılan investisiyaların həcmi 263 milyard dollar olub ki, bunun da 50 faizdən çoxu xarici sərmayələrdir».

Yazının sonunda isə oxuyuruq: «...Azərbaycan iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət tərəfindən «açıq qapı» siyasəti həyata keçirilir. Hazırda Azərbaycan hökuməti ölkədə iqtisadi islahatların davamlılığı, biznes mühitinin daha da yaxşılaşdırılması ilə bağlı bütün lazımi tədbirlərin görülməsini davam etdirir».

XS
SM
MD
LG