Böyük Britaniyanın Avropa Birliyindən sazişsiz çıxması Almaniya hökuməti üçün gözlənilməz olmayacaq. Bunu avqustun 18-də Almaniya Kansleri Angela Merkel deyib. “Deutche Welle” radiostansiyası onun Berlində Almaniya hökumətində açıq qapı günü münasibətilə çıxış etdiyini xəbər verir.
Merkel deyib ki, yaxşı olardı, Britaniya AB-dən sazişlə çıxardı, ancaq bu alınmasa, Almaniya “digər variantlara” da hazırdır, kansler söyləyib.
Britaniyanın Baş naziri Boris Johnson dəfələrlə deyib ki, istənilən halda ölkəsini oktyabrın 31-dən AB-dən çıxaracaq, hətta bu, sazişsiz başa gəlsə belə.
Merkel onu da deyib ki, çərşənbə günü Johnson Berlinə səfər edəcək. “İstənilən səfərə şadıq. Təmas quraraq həll yolu axtarmaq lazımdır”, – Merkel vurğulayıb.
Leyboristlərin lideri Jeremy Corbyn isə hökumətin Brüssellə razılaşma əldə olunmadan “Breksit”ə səlahiyyətinin çatmadığını bildirib. Bu haqda Corbyn avqustun 14-də müxalifət partiyalarının liderlərinə və Britaniya parlamentinin üzvlərinə məktubunda yazır. Siyasətçi qeyd edib ki, hadisələrin bu cür ssenari ilə inkişafını önləmək niyyətindədir, özəlliklə, Boris Johnson hökumətinə etimadsızlıq səsverməsi təşəbbüsü də irəli sürə bilər.
Avropa Çinlə neyləsin
Avropa Çinin yüksəlişinin yaratdığı problemlərlə üzləşməyə başlayır. Bu haqda “Foreign Affairs” dərgisində Julianne Smith və Torrey Taussig yazırlar.
Müəlliflərin fikrincə, son hadisələr Avropa liderlərinin son vaxtlaradək hər iki tərəfin son dərəcə faydalı saydığı münasibətlərdən getdikcə əndişələndiyini göstərir. Belə ki, Avropa ölkələrinin paytaxtlarında Çinin telekommunikasiya nəhəngi Huawei-nin 5G mobil şəbəkələrinin qurulmasında iştirakı qızğın müzakirə olunur. Bu ilin əvvəlində AB- Çin sammiti gərgin keçib. Görünür, AB Çinin, özəlliklə birliyin daha kiçik üzvlərində artan nüfuzundan, güclənən iqtisadi çəkisindən, texnoloji uğurlarından narahat olmağa başlayıb. AB bütün bunlara dirəniş göstərməyə başlayır.
Müəlliflərin fikrincə, Avropa maraqlarını irəli aparmaq, Çinlə iqtisadi oyun məkanını düzləndirməkdən ötrü iqtisadi, siyasi və diplomatik gücündən yararlanmalı, həm Çinin siyasi nüfuzundan qorunmalı, həm də daxildə demokratik dəyərlərini müdafiə etməlidir. Di gəl, belə bir strategiyanın yolunda iki əngəl durur.
Birincisi, Avropa Çin probleminə ciddi yanaşmaq məsələsində parçalanmış durumdadır. Berlin, Paris və AB-nin paytaxtı Brüsseldən fərqli olaraq, daha kiçik üzvlər Çinlə münasibətlərin dərinləşməsinin yalnız iqtisadi faydalarını görürlər.
İkincisi, Avropa artmaqda olan ABŞ-Çin rəqabətinin ortasında qalıb. Bir tərəfdən, Birləşmiş Ştatlarla çoxdankı əlaqələrini “yerə vura” bilmir, digər tərəfdən isə Çinlə günlük dəyəri 1 milyard dollardan artıq ticarət əlaqələrini zəiflətmək mümkünsüz görünür. Avropa Çinin yırtıcı ticarət və investisiya təcrübəsinə müqavimət göstərməyə çalışsa da, elə bir təhdid səsləndirməyib. Ancaq bu siyasət Çini kursu dəyişməyə vadar edə bilməyib.
Müəlliflər qeyd edir ki, Avropa Çinin yüksəlişinin yaratdığı problemlərə yeni yanaşma və Amerika deyil, tərtəmiz bir Avropa reaksiyası ortaya qoymalıdır. Avropa və Birləşmiş Ştatlar hər şeylə bağlı razılaşmasalar da Çinə dair siyasətlərini daha yaxşı koordinasiya etməlidirlər.
İslandiyada 700 illik buzlaq əriyib
Dünən – avqustun 18-də İslandiyada Okjokull buzlağı ilə rəsmi vida mərasimi təşkil olunub. Buzlağın 700 yaşı vardı. Bundan sonra onun yerində, vulkanın başında kiçik bir ağ ləkə qalacaq.
2014-cü ildə alimlər ilk dəfə olaraq buz kütləsinin hərəkətliliyinin dayandığını qeydə alıblar və buzlağın mövcudluğunun bitdiyi təsdiqlənib.
Mərasimdə İslandiyanın baş naziri və ətraf mühit naziri iştirak ediblər. Hökumətin başçısı Katrín Jakobsdóttir -in çıxışından sonra tədbirə yığışanlar vulkanın yamacında xatirə lövhəsini quraşdırıblar. Lövhədə gələcək nəsillərə məktub yazılıb:
“Yaxın 200 ildə buzlaqlarımızı oxşar tale gözləyir. Bu abidə ona görə burdadır ki, biz nə baş verdiyini və nə etmək gərəkdiyini bilirik. Bunu edə biləcəyik, yoxsa yox, yalnız siz bilirsiniz”.