Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 07:22

ABŞ İran tankerinə kömək etməməyə çağırır


Grace 1 supertankeri
Grace 1 supertankeri

Avqustun 19-da Birləşmiş Ştatlar Yunanıstana, eləcə də Aralıq dənizindəki bütün limanlara İran tankerinə yardım göstərməməklə bağlı xəbərdarlıq edib. Vaşinqton Cəbbərültariqdən çıxmış tankerin Suriyaya neft daşımasından, sanksiya altında olan quruma bağlılığından şübhələnir.

ABŞ Dövlət Departamentinin adı çəkilməyən rəsmisi “Reuters” agentliyinə deyib ki, tankerə istənilən yardım İranın İslam İnqilab Keşikçiləri Korpusuna (İİKK) maddi dəstək hesab olunacaq. Vaşinqton İİKK-nı xarici terrorçu təşkilat sayır.

Dövlət katibi Mike Pompeo avqustun 19-da “Fox News”a müsahibəsində tankerin buraxılmasını “uğursuzluq” adlandırıb. Pompeo deyib ki, İran tankerin yükünü gəlirə çevirsə, İİKK-nın “terror kampaniyasını davam etdirməyə daha çox pulu, sərvəti və resursu” olacaq.

***

İran tankerə görə ABŞ-a xəbərdarlıq edib

Maliyyə bazarlarına dair data təminatçısı olan “Refinitiv” şirkətinin bildirməsinə görə, gəmi Yunanıstanın Kalamata şəhərinə yol alıb.

“Tankerimizin 45 gün sonra Cəbbərültariqdən çıxaraq beynəlxalq sulara yollandığını təsdiqləyirik”, – İranın Britaniyadakı səfiri Hamid Baeidinejad Instagram-da yazıb.

Abbas Mousavi
Abbas Mousavi

İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Mousavi isə avqustun 19-da deyib ki, Tehran Birləşmiş Ştatlara tankerin açıq dənizdə saxlanmasıyla əlaqədar xəbərdarlıq edib.

“İran özünün rəsmi kanalları ilə Amerika rəsmilərinə gərəkən xəbərdarlığı edib ki... belə bir səhvə yol verməsinlər, çünki fəsadları ağır olar”, – Mousavi mətbuat konfransında jurnalistlərə deyib.

***

İranın tankeri Cəbbərültariqdən çıxıb

Avqustun 18-də İranın supertankeri Cəbbərültariq boğazından çıxıb. GPS vasitəsilə gəmiləri izləyən Marinetraffic.com saytı tankerin naməlum istiqamətə yollandığını bildirir. Birləşmiş Ştatlar supertankeri sanksiya altında olan təşkilata bağlılıqda şübhəli bilirdi.

Avqustun 18-də gecə 1-ə 17 dəqiqə işləmiş İran bayrağıyla üzən Adrian Darya 1 tankeri beynəlxalq sularda İber yarımadasının cənub ucqarında olub və Aralıq dənizinə yol aldığı görünür. Əvvəllər Panama bayrağıyla üzən bu supertanker Grace 1 adlanırdı.

Avqustun 19-da İran tankerin Cəbbərültariqdən çıxdığını təsdiqləyib.

130 milyon dollarlıq yüngül xam neft daşıyan tanker bir ay idi Cəbbərültariqdə saxlanırdı, onun AB sanksiyalarını pozduğu bildirilirdi. ABŞ hakimiyyəti gəmini müsadirə etməyə çalışırdı.

Ancaq Cəbbərültariq hakimiyyəti avqustun 18-də ABŞ-ın tankeri buraxmamaq xahişini rədd edib.

Supertankerin son mənzilinin hara olacağı hazırda bəlli deyil.

Grace 1 iyulun 4-də saxlanmışdı, 2 milyon barrel İran neftini AB sanksiyalarını pozaraq Suriyaya apardığı bildirilirdi. Avqustun 15-də Cəbbərültariq gəmi üzərindən həbs qərarını götürdü.

ABŞ Ədliyyə Departamenti isə gəminin İranın İslam İnqilab Keşikçiləri Korpusuna bağlı olduğunu iddia edirdi. ABŞ İran ordusunun bu qolunu xarici terrorçu təşkilat hesab edir.

İran rəsmiləri isə neftin Suriyaya göndərilmədiyini deyirdi.

Bu hadisədən sonra – iyulun axırında İran Hörmüz boğazında Britaniya bayrağıyla üzən Stena Impero tankerini saxladı.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG