Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:09

İpotekanın aylıq məbləğinin aylıq əməkhaqqına bərabər olması...-Media icmalı


Taxıl
Taxıl

Kənd təsərrüfatında vəziyyət, taxılçılığa aid fərqli göstəricilər, Azərbaycan ipoteka kreditləri və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Buğdada idxaldan asılılıq artır»

Marja.az-da «Azərbaycanın buğdada idxaldan asılılığı artır, idxal bahalaşır» sərlövhəli yazı oxumaq olar.

Sayt Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ilin 7 ayında xaricdən Azərbaycana 145 milyon 789 min dollar dəyərində 653 min 228 ton buğda idxal olunub: «Buğda idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 37.4%, miqdar ifadəsində isə 9.1% artıb».

Müəllif yazıb ki, buğda idxalının dəyərinin həcmə nisbətən daha sürətli artması bu məhsulun bahalaşdığına işarədir: «Ötən ilin 7 ayında orta hesabla 1 ton buğdanın idxalına 177 dollar xərlənmişdisə, bu ilin 7 ayında 223 dollar xərclənib (buğda idxalı 26% bahalaşıb)».

Müəllif qeyd edib ki, Azərbaycanın buğdada idxaldan asılılığı dərinləşir və eyni zamanda, xaricdən alınan buğda bahalaşıb. Yazıda daha sonra da oxuculara buna uyğun cədvəl təqdim edilir.

Taxıl zəmisi
Taxıl zəmisi

«Bu il taxıl istehsalı 40 faiz artıb»

«Azərbaycan» qəzetində «Kənd təsərrüfatında rekord göstəricilərə nail olunur» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, aparılan uğurlu islahatlar ölkənin ümumi inkişafını təmin edir. Müəllifin iddiasına görə, indi ölkə iqtisadiyyatı yalnız neftdən asılı deyil: «Qeyri-neft sektorunda məhsul istehsalı ildən-ilə artdığı üçün ixracatda da payı çoxalır. Bu da ölkənin tarazlı inkişafının təmin edilməsində mühüm faktora çevrilib».

Yazıda qeyd edilib ki, qeyri-neft sektorunda kənd təsərrüfatının çəkisi böyükdür: «Kənd təsərrüfatının inkişafı məhsul istehsalının artımını təmin etməklə yanaşı, ölkənin ərzaq təhlükəsizliyində önəmli rol oynayır. Yəni bu sektorda istehsal olunan məhsul əhalinin ərzağa olan tələbatını ödəyir, eyni zamanda ixrac edilərək ölkəyə valyuta gətirir. Digər tərəfdən isə, əhalinin məşğulluğuna böyük töhfə verir. Beləliklə, bu, həm iqtisadi, həm də sosial məsələlərin həllində mühüm faktora çevrilir».

Müəllif habelə yazıb ki, cari ildə 1 milyon 12 min hektarda taxıl əkilib. Bunun 670 min hektarını buğda, 342 min hektarını isə arpa əkini təşkil edib: «Bu il taxıl istehsalı 40 faiz artıb. Bununla yanaşı, məhsuldarlıq da yüksəlib. Taxılçılıqda məhsuldarlıq 30 sentnerdən çox olub. Əvvəlki illərdə isə bu rəqəm 20 sentnerə bərabər idi. Bir çox təsərrüfatlarda, xüsusilə müasir texnika və texnologiyalardan istifadə edən iri fermer təsərrüfatlarında məhsuldarlıq 60 sentner, bəzilərində daha yüksək olub».

Müəllif yazının sonlarına doğru da yazıb ki, bitkiçiliyin digər sahələrində də məhsul istehsalında artım qeydə alınıb: «Cari ilin 6 ayında bostan məhsulları təxminən 40, meyvə 20 faizdən çox, barama 25, tərəvəz isə 14 faiz artıb...».

Bina
Bina

«Əlçatmaz ipoteka kreditləri»

«Yeni Müsavat» qəzetində «Evsizlər üçün əlçatmaz olan ipoteka kreditləri: dünyada və bizdə faizlər» sərlövhəli yazı yer alır.

Müəllif Azərbaycanda və dünyada ipoteka kreditləri barədə ekspert Vüsalə Əhmədova ilə söhbətləşib.

Yazıda bildirilir ki, Azərbaycanda kredit faizləri yüksək olduğu kimi, ipoteka kreditlərinin faizi də dünyanın əksər ölkələri ilə müqayisədə yüksəkdir: «İpoteka krediti dünyanın çox ölkəsində evə qovuşmaq üçün ən yaxşı vasitələrdən sayılır. Məsələn, Danimarkada 0 faizlə ipoteka krediti verməyə başlayıblar...».

İqtisadçı-ekspert V.Əhmədova isə qəzetə deyib ki, bu kreditlər, adətən, rəsmi əməkhaqqısı yüksək olan vətəndaşlara verilir və nəticədə əhalinin əksər qismi üçün əlçatmaz qalır. O daha sonra 2018-ci ilə aid statistikanın üzərində dayanıb: «...İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 392 milyon manat həcmində ipoteka krediti verilib. Verilən ipoteka kreditlərinin 109 milyon manatını güzəştli, 283 milyon manatını isə adi ipoteka kreditləri təşkil edib... Onların 21 faizi hərbi sahədə, 20 faizi bank və sığorta qurumlarında, 13 faizi energetika sektorunda, 9 faizi hüquq-mühafizə orqanlarında, 4 faizi yerli və xarici dövlət qurumlarında çalışanlardır. Güzəştli şərtlərlə ipoteka krediti alanların isə 73.7 faizini hərbi qulluqçular, 11.8 faizini dövlət qulluqçuları təşkil edir».

Ekspert bildirib ki, Azərbaycanda ipoteka kreditləri ilə bağlı vəziyyət, hələ ki, ürəkaçan deyil: «İllik faiz dərəcələrinin yüksək olması kreditin aylıq məbləğinin haradasa orta aylıq əməkhaqqına bərabər olmasına və hətta ondan da yüksək olmasına gətirib çıxarır. Kredit faizlərinin yüksək olmasından əlavə, şərtlər də kifayət qədər ağırdır. Məsələn, ipoteka kreditləri üzrə ödəniləcək aylıq məbləğ borcalanın aylıq məcmu gəlirinin 70 faizindən çox ola bilməz. Bundan başqa, aylıq ödənişlərin həcmi ölkə üzrə müəyyən olunmuş yaşayış minimumunun 50 faizindən az götürülə bilməz...».

XS
SM
MD
LG