Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:33

Trump Qrenlandiyanı ABŞ üçün almaq istəyir – Qərb mediası


Qrenlandiya, arxiv fotosu
Qrenlandiya, arxiv fotosu

ABŞ mediasının yazmasına görə, Prezident Donald Trump müşavirləri ilə Qrenlandiyanı Danimarkadan Birləşmiş Ştatlar üçün almağın mümkünlüyünü müzakirə edib. Ancaq Ağ evin bəzi müşavirləri bunu ciddi söhbət hesab etmirlər.

“The Wall Street Journal” avqustun 15-də yazıb ki, Trump Danimarkanın buzla örtülmüş avtonom ərazisini satın almaqda “maraqlı olduğunu dəfələrlə dilə gətirib”.

“Trump müşavirlərindən soruşub ki, Birləşmiş Ştatlar Qrenlandiyanı ala bilərmi, onlar ərazinin resurslarını və geosiyasi əhəmiyyətini müzakirə edəndə maraqla qulaq asıb və iki nəfərin bildirməsinə görə, Ağ evdəki müşavirindən bu ideyanı araşdırmasını istəyib”, – qəzet yazıb.

Donald Trump
Donald Trump

Adı çəkilməyən mənbələrə istinad olunan məqalədə deyilir ki, Trump-ın müşavirlərindən bəziləri bu ideyanın yaxşı iqtisadi addım kimi dəstəkləsə də, digərləri “keçici məftunluq” adlandırıblar.

Qrenlandiyanın əhalisi 56 min nəfərdir, Danimarkanın tərkibində olsa da, özünü idarə edir. Yerli hökumət daxili məsələləri həll edir, xarici və təhlükəsizlik siyasəti isə Kopenhagendə həll olunur.

Birləşmiş Ştatların Qrenlandiyada nəhəng Thule Hava Bazası var.

Birləşmiş Ştatlar 1946-cı ildə bu nəhəng adanı Danimarkadan 100 milyon dollar satın almağı təklif etmişdi, ancaq təklif rədd olunmuşdu.

ABŞ və Danimarka rəsmiləri məlumatlara münasibət açıqlamayıblar.

Birjalar “oynayır”

Dünən – avqustun 15-də birjalarda irəli-geri tərəddüdlər, günü isə orta qazancla başa vurublar. Səbəb Çinin Prezident Trump-ın yeni rüsumlarla bağlı hədəsinə necə cavab verəcəyi haqda ziddiyyətli siqnalları olub.

Nyu York birjası
Nyu York birjası

Müsbət əlamətlər odur ki, iyulda Birləşmiş Ştatlarda pərakəndə satışda artım qeydə alınıb və bu bu il üçün satışın perspektivlərinin yaxşılaşması deməkdir. Çinin elektron ticarət nəhəngi Alibaba şirkəti də güclü maliyyə nəticələri ortaya qoyub.

Avqustun 15-də "S&P 500" indeksi 0.5 faiz bahalaşıb. Avropadakı birjaların qazancı daha az olsa da, öncəki itkiləri nisbətən bərpa edə biliblər.

“The New York Times” yazır ki, tərəddüdlər investorların yaşadığı qeyri-müəyyənliyin miqyasını əks etdirir. Dünyanın ən böyük iki iqtisadiyyatının ticarət mübahisəsi səngimək bilmir – biri qeyri-şəffaf hökumət tərəfindən idarə olunur, digərinin prezidenti isə Twitter-də qızışdırıcı mesajlar yazmaqdadır.

Cümə axşamı Çin hökumətinin ABŞ-da treydinq başlanandan öncə yaydığı bəyanat gərginliyi azaltmağa kömək edib.

“Ümid edirik, ABŞ Çinlə iki prezidentin Osakada əldə etdiyi konsensusun yerinə yetirilməsində işləyə bilər, bərabər dialoq, qarşılıqlı hörmətə söykənən müzakirə vasitəsilə qarşılıqlı qəbulolunan həll yolu tapılar”, – Xarici işlər nazirliyinin təmsilçisi Hua Chunying deyib.

Trump iyunda Çin lideri Xi Jinping ilə ticarət danışıqlarını bərpa etməyə razılaşmışdı. Ancaq bu ay Trump Çindən idxal olunan malları yeni rüsumlarla hədələdi, Çin rəsmiləri isə ölkənin sərt nəzarət altında olan valyutasını zəiflətmək qərarı verdi. Bu da tərəflərin qeyri-müəyyən müddətə çıxılmaz duruma sürüklənməsinə dair təxminlərə səbəb oldu.

Son həftələr açıqlanmış məlumatlar bu ticari savaşın dünya iqtisadiyyatlarına təsirsiz ötüşmədiyini üzə çıxarıb. Britaniya, Çin, Almaniya və Yaponiyada sənaye sektorlarında azalmaq baş verdiyi görünür.

Brüssel, 24 iyul, 2019-cu il
Brüssel, 24 iyul, 2019-cu il

Ötən iyulda ən qızmar isti qeydə alınıb

2019-cu ilin iyulunda indiyədək yer üzündə ən yüksək temperatur qeydə alınıb. Bunu ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyası (NOAA) avqustun 15-də bəyan edib. Bundan başqa, peyk təsvirləri qütb buzunun ən aşağı səviyyəyə düşdüyünü göstərib.

NOAA-nın bildirməsinə görə, ötən ay üçün qlobal orta temperatur 20-ci əsrdə qeydə alınmış 15,8 selsidən 0,95 dərəcə selsi çox olub. Bu da 1880-ci ildən bəri ən yüksək temperaturun ötən iyulda qeydə alınması deməkdir.

“Rekord istilik Arktika və Antarktikanın buz örtüyünü tarixi aşağı səviyyəyə endirib”, – agentlik vurğulayır.

Ötən ay Avropada görünməmiş isti hava yaşanıb, ABŞ-da azı altı nəfərin istidən öldüyü xəbər verilib.

XS
SM
MD
LG