Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 12:08

Xəzərdibi sərvətlər necə bölünəcək – Qərb mediası


(soldan sağa) Azərbaycan Prezidenti Ilham Aliyev, İran Prezidenti Hassan Rohani, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbaev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Gurbanguly Berdymukhamedov, 12 avqust, 2018-ci il
(soldan sağa) Azərbaycan Prezidenti Ilham Aliyev, İran Prezidenti Hassan Rohani, Qazaxıstanın keçmiş Prezidenti Nursultan Nazarbaev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Gurbanguly Berdymukhamedov, 12 avqust, 2018-ci il

Bazar ertəsi – avqustun 12-də beş xəzəryanı ölkə Türkmənistanda bir araya gələrək regionun neft sərvətini bölüşdürməyi götür-qoy ediblər. “The Diplomat” portalında Alexander Vershinin yazır ki, Xəzər konvensiyası ötən il imzalansa da hələ də Rusiya və İran tərəfindən ratifikasiya olunmayıb.

Ötən il Rusiya, İran, Azərbaycan, Türkmənistan və Qazaxıstan liderləri konvensiya imzalayaraq Xəzərin resursları üzrə on illərdir davam edən qeyri-müəyyənliyə son qoymaq istəyiblər. Sazişdə hər bir ölkənin ərazi suları, balıqçılıq zonalarının müəyyənləşdirilməsi qaydaları əks olunur, ancaq zəngin neft-qaz yataqlarının yerləşdiyi dəniz dibi üzrə hələ danışıqlar aparılmalıdır.

Rusiyanın Baş naziri Dmitry Medvedev forumda deyib ki, ratifikasiya “yaxın gələcəkdə” gözlənir. İranın Vitse-prezidenti Eshaq Jahangiri isə forumdakı çıxışında bu haqda heç bir öhdəlik götürməyib.

Ötənilki Xəzər sammitinin nəticələri, infoqrafika
Ötənilki Xəzər sammitinin nəticələri, infoqrafika

Jahangiri deyib ki, qeyri-xəzəryanı ölkələr regionun işlərinə qarışmamalıdır. Onun sözlərinə görə, Birləşmiş Ştatların birtərəfli siyasəti və sanksiyaları vurğulaması regionda sabitliyə təhdid yaradır.

Türkmənistan Prezidenti Gurbanguly Berdimuhamedov forumda deyib ki, Xəzərin enerji sərvətləri regionun inkişafına güclü stimul verməlidir.

Müəllif yazır ki, Türkmənistanla Azərbaycan hələ dənizdibi ehtiyatların bölüşdürülməsi üzrə razılığa gəlməlidir. Bu isə Trans-Xəzər təbii qaz kəməri üzrə proqresi əngəlləyib. Bu kəmər türkmən qazını dənizlə Azərbaycana, oradan Qərb bazarlarına nəql etməlidir.

“Bu, çox həssas məsələdir. Hələlik, heç bir konkret addım atılmayıb və detalları müzakirə etmək üçün çox tezdir”, – Azərbaycanın dövlət neft şirkəti olan SOCAR-ın Vitse-prezidenti Bəhram Hüseynov vurğulayıb.

Hüseynovun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında dəniz sərhədinin hərbsizləşdirilməsi enerji sərvətinin bölünməsi üzrə danışıqları asanlaşdıra bilər.

“İran hər hansı trans-Xəzər kəmərinin çəkilməsinə qarşıdır. Trans-Xəzər kəmərinin çəkilməsi ətraf mühitə ciddi ziyan vurar”, – İranın Milli Qaz Şirkətindən Behruz Namdari söyləyib.

Arxiv fotosu
Arxiv fotosu

Üztanıma kameraları haralarda var

Hazırda aeroportlarda təyyarələrə minməni asanlaşdırmaq, ticarət mərkəzləri və konsertlərdə təhlükəsizliyi gücləndirməkdən ötrü üztanıma texnologiyasından geniş istifadə olunur. Bu isə gizlilik sarıdan narahatlığı artırır. Bu haqda “Reuters” agentliyi yazır.

Britaniyanın datanı mühafizə agentliyi bu həftə bildirib ki, bir əmlak developerinin Londonun mərkəzindəki King's Cross-da üztanıma kameraları yerləşdirməsi haqda məlumatları araşdırır.

Kompüterlər insanın üz cizgiləri ilə onun fotosunu tutuşduraraq kimliyini müəyyənləşdirirlər. Ancaq tənqidçilər bu texnologiyanın xətalardan əskik olmadığını, aşırı nəzarətə səbəb ola biləcəyini deyirlər.

“Reuters” üztanıma texnologiyasından dünyanın bir neçə məkanında istifadə olunduğunu yazır. Hindistanın cənubundakı Bengaluru aeroportunda; Hindistanın Hayderabad aeroportunda; Çinin Hanqjou şəhərindəki 11 saylı orta məktəddə; Hanqjou şəhərində Çinin İnternet nəhəngi Alibaba-ya məxsus FlyZoo otelində bu sistem tətbiq olunur.

2020-ci ildə Tokio olimpiadasında təhlükəsizliyi artırmaq üçün üztanıma texnologiyasından istifadə ediləcək. 2017-ci ildə Britaniyada ilk dəfə olaraq Cənubi Uels polisi bu kameraları yerləşdirib. ABŞ müğənnisi Taylor Swift 2018-ci il turu zamanı üztanıma kameralarından yararlanıb. Bundan başqa Sinqapurin Çangi aeroportu və Birləşmiş Ştatların Gömrük və Sərhəd Mühafizəsi agentliyi üztanıma sistemlərindən istifadə edir.

Berlində zavod, arxiv fotosu
Berlində zavod, arxiv fotosu

Almaniya iqtisadiyyatında azalma

Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada ikinci rübdə 0,1% azalma baş verib. Ölkənin İqtisadiyyat naziri Peter Altmaier Almaniyanın “Bild” qəzetinə müsahibəsində bunu “çağırış zəngi və xəbərdarlıq siqnalı” adlandırıb.

“Biz geriləmə deyil, iqtisadi zəiflik mərhələsindəyik. Düzgün tədbirlər görəriksə, bundan çıxa bilərik”, – Altmaier vurğulayıb.

“The Associated Press” agentliyi yazır ki, bu zəif göstəricilər avrozonanın perspektivlərinə bütünlükdə kölgə salır.

Destatis dövlət statistika agentliyi azalmanı birinci rübdə ixracın düşməsiylə izah edib. Ancaq istehlakçıların tələbatı və hökumətin ölkəiçi xərcləmələri iqtisadiyyatı dəstəkləyib. Ötən ilin eyni rübüylə müqayisədə isə iqtisadiyyat 0,4 faiz artıb.

Agentlik Almaniyanın avtomobil sənayesinin problemlərlə üzləşdiyini, Avropa və Çində daha sərt emissiya standartlarına və texnoloji dəyişikliyə uyğunlaşmağa çalışdığını yazır. Digər tərəfdən Breksit – Britaniyanın Avropa Birliyindən çıxmasıyla bağlı qeyri-müəyyənlik də duruma təsirsiz ötüşmür.

Sonuncu dəfə Almaniya iqtisadiyyatında rüblük azalma ötən ilin üçüncü rübdə qeydə alınıb. Onda avtomobil sənayesi maşınlara yeni emissiya standartlarına uyğun sertifikat alırdı.

XS
SM
MD
LG