Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:05

İran müharibə astanasında – Qərb mediası


İran hərbçiləri Hörmüzdə saxladığı Britaniya gəmisini təftiş edir, 21 iyul, 2019-cu il
İran hərbçiləri Hörmüzdə saxladığı Britaniya gəmisini təftiş edir, 21 iyul, 2019-cu il

İranla müharibənin nə zaman başlanacağı, yaxud belə bir müharibənin olub-olmayacağı ətrafında spekulyasiya anlaşılandır. Ancaq bu fərziyyələrin yeri səhv düşüb. ABŞ və Britaniyanın hərbi gəmilərini Körfəzə yerləşdirməsinə baxmayaraq, hazırkı münaqişə ənənəvi silahlı münaqişə astanasından aşağı, ancaq ədavətli rəqabətdən yuxarı səviyyədə aparılır. Bu güclənə də bilər, amma ola da bilsin ki, indi gördüyümüz elə müharibənin özüdür, “astana müharibəsidir”. Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun portalında John Raine yazır ki, astana müharibələri məsafədən aparılır. Düşmən hərəkətləri suveren ərazidən kənar tutulur, baxmayaraq ki, İran artıq ABŞ-ın regiondakı müttəfiqləri və maraqlarına proksilərə vasitəsilə olsa da, artıq hücum edib. Birləşmiş Ştatların Səudiyyə Ərəbistanı kimi müttəfiqi üzərinə də hücum təşkil olunub və hər iki tərəf dronlardan, iranlılar raketlərdən istifadə ediblər. ABŞ kiber gücünü də məsafədən istifadə edir.

Yəməndə daha bir toqquşmadan sonra yanğını söndürürlər
Yəməndə daha bir toqquşmadan sonra yanğını söndürürlər

Müəllif yazır ki, qırmızı xətt keçilərsə, bu, başqa bir münaqişəyə keçid, İranın suveren ərazisinə birbaşa hücum olar. İranlılar isə buna birbaşa, daha dağıdıcı yolla cavab verə bilərlər.

“Astana müharibəsi asimmetrikdir. Hər iki tərəfin üstünlüyü atəşin gücündə deyil, qabiliyyətlərinin nüfuzedici və dağıdıcı təsirindədir. İran atəş məsələsində ABŞ və müttəfiqləri ilə müqayisədə bərabər düşmən deyil, ancaq strateji üstünlüyə malik olduğu texniki üsullar və səhnələrdən yararlanır. Coğrafi baxımdan Yəməndən istifadə olunur, gəmilərə hücumları təkzib edir, ABŞ-ın şübhəli casusları saxlanır. Beynəlxalq hüququ, yaxud ölkəiçi rəyi vecinə almayan Tehran rejimi bu texnika ABŞ üzərində üstünlüyə malikdir. Bu, hesabı bərabərləşdirir və durumun çıxılmazlığını gücləndirir”, – məqalədə deyilir.

Müəllif astana müharibəsinin hər iki tərəf üçün xərclərinin, itkilərinin az olduğunu yazır. Burda incə məqam odur ki, hər iki tərəf müharibədən deyil, bu ədavətdən ölkədə siyasi fayda götürdüyündən, astana müharibəsi davam edə bilər. İran bununla dirəniş göstərdiyini, ABŞ administrasiyası isə İranı təcrid etməyə, ona ziyan vurmağa çalışdığını bəyan edir. Qısası, qütbləşməyə kömək edir.

Moskvada 10 avqust etirazı
Moskvada 10 avqust etirazı

Etirazlar Rusiya rejimini necə ifşa edir

Rusiyanın hökumət agentlikləri bir-birilə rəqabət aparır və özlərini Kremlə yaxşı göstərməyə çalışır, amma yeni küçə etirazlarının öhdəsindən gələ bilmirlər. Bunu “Karnegi” fondunda Tatyana Stanovaya yazır.

Müəllif qeyd edir ki, bu gün Rusiya siyasətində bir nömrəli məsələ hakim rejimin küçə etirazlarını necə yoluna qoyacağıdır. İndilik aydın olan odur ki, hökumət gücdən istifadəyə üstünlük verir.

“Ancaq strategiyaya gəlincə, işlər qəlizləşir. Hökumət ortada real müxalifətin olduğunu dərk etməsə, onları Qərbin sponsorluq etdiyi bir qrup əlaltı adlandırmağı dayandırmasa, yeni etirazçıların qarşısında çox dayana bilməyəcək. Rejim əzələ nümayiş etdirir, ancaq gücü vurğulaması əsas qurumları arasında viziyon və koordinasiyanın getdikcə azaldığını üzə çıxarır”, – müəllif yazır.

Bu gün etirazlarla əlaqədar hansı qərar mexanizmlərindən istifadə olunur? Müxalif fəalların həbsinə kim order verir? Xarici İşlər Nazirliyinin bəyanatlarını kim koordinasiya edir? Etirazçıların tələblərini Kremldə kim müzakirə edir? Bu məsələ üzrə toplantılar tez-tezmi keçirilir və prezident bütün bunlara qatılırmı? Müəllifin fikrincə, bu gün bu sualların heç birinə konkret cavab yoxdur.

İndilik, hakimiyyətin planı belədir: icazəsi yürüşləri dağıtmaq, xarici müdaxiləyə qarşı kampaniya aparmaq, müxalifət liderlərini həbs etmək, etirazçılara qarşı cinayət işi başlatmaq, müxalifəti parçalamaqdan ötrü seçilmiş addımlar atmaq. Ancaq bu cavab tədbirlərinin heç biri vahid mərkəzdən idarə olunan planlı və birgə kampaniyanın tərkib hissəsi deyil. Əvəzində, müxtəlif hökumət agentlikləri öz prioritetləri ilə hərəkət edir, bütünlükdə sistemin maraqlarını gözardı edirlər, müəllif yazır.

Volodymyr Zelenskyy türkiyəli həmkarı Recep Tayyip Erdogan (sağda) ilə
Volodymyr Zelenskyy türkiyəli həmkarı Recep Tayyip Erdogan (sağda) ilə

Ukraynanın postsovet erasının sonu

Volodymyr Zelenskyy-nin və onun “Xalqın qulluqçusu” partiyasının apreldə prezident, iyulda isə növbədənkənar parlament seçkisini udması Ukraynanın postsovet keçidinin sonunu göstərir. Zelenskyy və komandası, eləcə də parlament fraksiyası 1990-cı illərə bağlı deyil və onların hakimiyyətə yüksəlişi ölkənin sovet keçmişindən Avropa gələcəyinə tarixi keçidi təmsil edir. “New Eastern Europe” portalında Taras Kuzio yazır ki, Zelenskyy-yə verilən səs təkcə əvvəlki prezident Petro Poroshenko-ya deyil, bütöv isteblişmentə qarşı idi.

Müəllifin fikrincə, Narıncı və Avromaydan inqilabları bu tarixi keçid üçün, şübhəsiz, tramplin rolunu oynadı. 2019-cu ilin tarixi məqam olmasının daha bir əsas indikatoru isə rusiyapərəst düşərgənin və Ukraynanın rusiyayönlü oriyentasiyasının çöküşü idi. Prezident seçkisində Müxalifət Platformasının namizədi Yuriy Boyko dördüncü yeri tutdu və ikinci raunda keçə bilmədi. Parlament seçkisində 10 avropapərəst qüvvə səslərin 81 faizi, rusiyayönümlü qüvvələr isə cəmi 17 faizini qazandı.

“2019 həm də liberal avronikbin qüvvələrin məğlubiyyət ili oldu. Onlar parlamentə beş il öncə, Poroshenko-nun bloku, yaxud digər qərbyönlü qüvvələr daxilində giriblər, sonradan dissidentə çevriliblər. Öz imiclərinə fokuslandıqlarından, yeni vahid liberal qüvvə yaratmaq şanısını gözardı etdilər”, – məqalədə deyilir.

XS
SM
MD
LG