Qurban bayramında «Kənddən Şəhərə» yarmarkasında vəziyyət, Azərbaycanın texnoparkları, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək «Qarabağ»- APOEL qarşılaşması və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...
Nazirliyin «Kənddən Şəhərə» yarmarkasında qiymətlər...
«Yeni Müsavat» qəzetində «Bakıda heyvan kəsimi və satışı məntəqələrindən reportaj» sərlövhəli yazı dərc edilib.
Yazıda avqustun 12-də, Qurban bayramı günü Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan «Aqrar Tədarük və Təchizat» ASC-nin təşkil etdiyi «Kənddən Şəhərə» yarmarkasından bəhs olunur.
Nazirlikdən bildirmişdilər ki, sosial dəstək mahiyyəti daşıyan «Kənddən Şəhərə» yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəməkdir: «Öyrəndik ki, səhər saatlarından etibarən xeyli sayda vətəndaş qurbanlıq heyvanlarını kəsdirmək üçün bu məntəqələrə üz tutublar. Kəsim məntəqələrində AQTA (Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi) tərəfindən təşkil olunan pulsuz laboratoriyalar da fəaliyyət göstərir…».
Yazıda qeyd edildiyinə görə, qurbanlıq qoç almaq üçün məntəqəyə gələn Kübra Həsənova söyləyib ki, aldığı quzuya 150 manat verib: «Burada 15 kiloqramlıq quzunu 150 manata satırlar. 15 kiloluq quzunun da uzaqbaşı 7 kiloqram əti olur. Bir az əti çox olan quzular 170 manatdan başlayır. Bu da ötən illərlə müqayisədə qiymətlərin bahalaşması deməkdir».
Digər alıcı Kərim Kərimov isə bildirib ki, ətin soyulması və doğranmasına görə 15 manat ödəyib: «Qiymətlər digər yerlərdən elə də fərqlənmir… Ancaq burada təmizlik məsələsi var. Qəssabxanada quzunu digər quzuların yanında kəsirlər. Bu da əslində haramdır. Ona görə də mən burada kəsdirdim. Soymağa 10 manat, doğrayıb paketləməyə qəssab 5 manat aldı, məndən. Bu qiymətlər baha olmasa, digər hər şey qaydasındadır».
Azərbaycan və Rusiya birgə dərman istehsal edə bilər
Trend.az-da «Azərbaycanın texnoparkları 1.5 milyard manatdan çox məhsul istehsal edib (ÖZƏL)» sərlövhəli yazı yer alır.
Yazıda bildirilir ki, indiyə qədər Azərbaycandakı sənaye parkları 1.5 milyard manatdan çox məhsul istehsal edib. Müəllifin qeyd etməsinə görə, bunlardan 300 milyon manat dəyərində məhsul ixrac edilib: «Sumqayıt Kimya Sənaye Parkından (SKSP) verilən məlumata görə, 2019-cu ilin birinci yarısında sənaye parklarında 300 milyon manatdan çox məhsul istehsal olunub ki, bunun da təxminən 50 faizi ixrac edilib. Bu günə qədər Azərbaycanın sənaye parklarına 3.3 milyard dollar sərmayə qoyulub».
Yazıda qeyd edildiyinə görə, 2019-cu ilin birinci yarısında ölkədə üç sənaye müəssisəsi istehsala başlayıb: «Bunlardan ikisi - SOCAR Karbamid zavodu və yüksək sıxlıqlı polietilen istehsalı üçün SOCAR Polimer zavodu Sumqayıt Kimya Sənaye Parkında yerləşib. Pirallahı Sənaye Parkında «Diamed Co» şpris zavodu istifadəyə verilib».
Yazıda bildirildiyinə görə, 2019-cu ilin ikinci yarısında Sumqayıt Kimya Sənaye Parkında daha iki müəssisənin - sənaye istifadəsi üçün torbalar və termoformasiya yolu ilə şüşə təbəqələr istehsalına başlaması nəzərdə tutulur: «Pirallahı Sənaye Parkında dərman istehsalı üçün Azərbaycan və Rusiyanın birgə müəssisəsinin yaradılması planlaşdırılır».
Baş məşqçilərin oyunqabağı düşüncələri…
Rəsmi AZƏRTAC saytında bu gün, avqustun 13-də UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu «Qarabağ»la Kiprin APOEL klubunun qarşılaşması öncəsi baş məşqçilərin düşüncələrinə yer verilib.
Oyundan bir gün əvvəl, avqustun 12-də keçirdiyi mətbuat konfransında «Qarabağ» klubunun 47-yaşlı mütəxəssisi Qurban Qurbanov bunları deyib: «İlk görüşdən sonra rəqibin baş məşqçisi dəyişib. Baş məşqçi dəyişikliyi olanda narahatlıq da olur. İndi cavab oyununa tam fərqli formada hazırlaşmalıyıq. Baş məşqçi üzərində hər zaman məsuliyyət olur. Çünki nəticə ondan soruşulur. İnanmıram ki, yeni baş məşqçidən mərhələ keçməyi tələb etsinlər. Yəqin ki, ondan daha çox gələcəyin komandasını qurmaq istənilir».
Sayt Kiprin APOEL komandasının baş məşqçisi Tomas Dollun keçirdiyi mətbuat konfransından da məlumat hazırlayıb.
APOEL-in 53-yaşlı yeni baş məşqçi (İlk qarşılaşmada «Qarabağ»a evdə 1:2 hesabı ilə məğlub olduqdan sonra APOEL baş məşqçi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib ) də bunları deyib: «İki qol vurmalıyıq. Ümumilikdə yeni postumda dördüncü məşqimiz olub. Futbolçulardan razıyam. Təəssüf ki, onlar ilk görüşdə bacardıqlarını tam şəkildə nümayiş etdirə bilməyiblər. Önəmli olan ilk matçla müqayisədə daha yaxşı oynamaqdır. Sabah (avqustun 13-də) ortaya fərqli performans qoymalıyıq. Futbolçularla söhbətim olub. Hiss edirəm ki, şansımız var. Çox güclü rəqibə qalib gələ bilərik. Fərqli performansın nədən ibarət olduğu deyə bilməyəcəyəm. Matç zamanı görəcəksiniz».