Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:30

'Yüksək məvacib alan şəxs kimi əgər qurban kəsməyə çətinlik çəkirimsə…'-Media icmalı


Ü.Cəfərov
Ü.Cəfərov

Qurban bayramında qiymətlər, bayram ərəfəsi Beynəlxalq Avtovağzalda durum, qərb bölgəsinin su təminatı və başqa məsələlər medianın aparıcı mövzularındandır...

«Kilosunu artıq 14 manatdan satırlar»

Moderator.az-da «Borca və ya haram pula Qurban bayramı qeyd olunursa, onda «Bayramınız mübarək» olsun» sərlövhəli yazı oxumaq olar.

Yazıda Qurban bayramı vaxtı ölkədəki vəziyyətlə bağlı hərbi ekspert Üzeyir Cəfərovun düşüncələri yer alıb. Müəllif qeyd edib ki, səhər tezdən şəhərə çıxıb bayram əhval ruhiyyəsinin olub-olmaması ilə maraqlanıb: «…Yaxın dostum qurban kəsdirmək istəyirdi. Qiymətləri soruşduq. Qoyunun qiyməti sadəcə dilə gətiriləsi deyil. Kilosunu artıq 14 manatdan satırlar. Adi günlərdə 13 manatdan baha olmurdu... Diri qoyuna isə kilosu 7 manatdan qiymət oxuyurlar».

Yazıda bildirilir ki, qoyunun soyulmasına da 5 manat verməli olublar: «Qoyunun, heç olmasa, əvvəlki illərdə olduğu kimi, 4 yerə bölünməsini xahiş etdik. Dedilər, artıq bu işlə qarşı tərəfdə maşın dayanacağının içində... hansısa işbaz doğram yeri açıb. Pulunu ver, qoyunu doğratdır. Lazım olmadı…».

Müəllif daha sonra da rəsmi qurumlara üz tutub: «Bütün bunları ona görə ətraflı yazdım ki, Bakı şəhərinin rəhbəri Eldar Əzizov və Qafqaz müsəlmanlarının ömürlük rəhbəri Hacı Allahşükür Paşazadənin özünün və yaxın ətrafının oxuyub nəticə çıxarması asan olsun. Dəyərli dostlar. Ölkənin ən yüksək məvacib və təqaüd alan şəxsi kimi deyirəm ki, əgər mən normal qurban kəsməyə çətinlik çəkirimsə, sadəcə maraqlıdır ki, yerdə qalanlar hansı halal pula və imkana «bayram qeyd edirlər?!».

Bakı Beynəlxalq Avtovağzal Kompleksi
Bakı Beynəlxalq Avtovağzal Kompleksi

Bayram ərəfəsi avtovağzalda

«Yeni Müsavat» qəzetində «Bayram günü avtovağzalda son vəziyyət: Sərnişinlər daha çox hansı bölgələrə üz tuturlar» sərlövhəli yazı yer alıb.

Müəllif Qurban bayramı ərəfəsində Bakı Beynəlxalq Avtovağzal Kompleksindəki vəziyyətlə tanış olub.

Yazıda bildirilir ki, hər il Qurban bayramı ərəfəsində rayonlara gedənlərin sayının çox olması səbəbindən Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaşanır: «Bilet tapa bilməyən insanlar məcbur qalıb bayram günü qiymətləri iki qat qaldıran taksilərdən istifadə edirlər. Bu il isə Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb ki, bayramla əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı, iritutumlu neoplanlar da cəlb edib».

«Yeni Müsavat» qəzetinin əməkdaşlarının müşahidəsinə əsasən, bəzi bölgələrə avtobus qıtlığı yaşansa da, tələbat əsasən ödənilib: «Avtovağzalda ən çox sərnişini Gəncə, Qazax, Bərdə avtobuslarının qarşısında görmək mümkündür. Elə bilet kassalarının önündə də daha çox bu bölgələrə üz tutanlara rast gəlinir. Qeyd etdiyimiz bölgələrə iritutumlu avtobuslar işləyir. Bayramla əlaqədar sərnişin çox olduğu üçün öncədən bilet alanlar gələn avtobuslara əyləşir, bu gün (avqustun 11-də) bilet alanlar isə əlavə xəttə buraxılacaq avtobusu gözləyirdilər…».

Yazıda daha sonra da qeyd edilməsinə görə, bəzi bölgələrə sərnişindaşımada problem yaşanıb: «Xüsusilə də Sabirabad, Saatlı, İmişli mikroavtobuslarını gözləyən xeyli sərnişin avtovağzalın divarlarının kölgəsində oturub, taleləri ilə barışmış kimi görünürdülər…».

Su kranı
Su kranı

Əhalinin su təminatı

«Azərbaycan» qəzetində «Əhalinin su ilə təminatına böyük diqqət yetirilir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, prezident İlham Əliyevin əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunması barədə verdiyi tapşırığa uyğun olaraq, bölgələrdə genişmiqyaslı layihələrin icrası uğurla davam etdirilir. Yazıda vurğulandığına görə, bu baxımdan ölkənin qərb bölgəsini su ilə təmin edən Şəmkirçay su anbarının istismara verilməsi (2014-cü ildə istifadəyə verilib-A.R) ətraf şəhər və rayonların istər içməli, istərsə də suvarma suyu ilə təminatında böyük rol oynayır: «Əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək üçün hazırda su anbarının yaxınlığında yaradılan sutəmizləyici qurğuda son tamamlama işləri görülür. Qurğu istifadəyə verildikdən sonra Şəmkir, Samux və Gəncə şəhərlərinin davamlı və keyfiyyətli içməli su ilə təchizatı daha da yaxşılaşacaq».

Yazıda bildirilir ki, hazırda Almaniya İnkişaf Bankı ilə Azərbaycan hökumətinin birgə layihəsi əsasında… 576 kilometr uzunluğunda paylayıcı içməli su, 582 kilometr uzunluğunda kanalizasiya xətti çəkilir: «Layihənin birinci mərhələsi üzrə işlərə 2011-ci ilin sentyabr ayında başlanılıb…».

Yazının sonunda da Gəncə şəhərinin su təminatından bəhs edilir. Müəllif qeyd edib ki, Gəncə şəhərinin içməli su tələbatının böyük hissəsi Şəmkirçay su anbarının yaxınlığında tikilən sutəmizləyici qurğudan təmin olunacaq.

Yazıda vurğulandığına görə, şəhərin böyüməsi və əhalinin artımı su təchizatında problemlər yaratmışdı: «Başqa sözlə, 350 min sakini olan Gəncə şəhərində əhalinin təxminən 45 faizi mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunurdu. Dövlət başçısının göstərdiyi qayğı nəticəsində aparılan yenidənqurmadan sonra şəhər əhalisi 24 saat içməli su ilə təmin olunacaq, mənzillərdə smart-kart tipli sayğaclar quraşdırılacaq».

XS
SM
MD
LG