Keçid linkləri

Təcili xəbərlər
2019, 20 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 09:29

Həbsdəki hüquqşünasdan xəbər var


Həbsxana

Həbsdə olan hüquqşünas Əliabbas Rüstəmovun aclıq aksiyasını dayandırdığı açıqlanıb.

Bu barədə AzadlıqRadiosuna jurnalist Şahvələd Çobanoğlu məlumat verib. Onun sözlərinə görə, bu gün, avqustun 9-da ona zəng vuran Ə.Rüstəmov xahişlərini nəzərə alaraq aclıq aksiyasını dayandırmağa qərar verib.

Jurnalistin bildirməsinə görə, telefon danışığında Ə.Rüstəmovda halsızlıq hiss edib. Ş.Çobanoğlunun əlavə etməsinə görə, hüquqşünas habelə vurğulayıb ki, onun şərti azadlığa buraxılması istəyi ilə bağlı şikayəti üzrə avqustun 7-də Ali Məhkəmədə gözlənilən prosesin oktyabra qədər təxirə salınmasını özünə qarşı növbəti ədalətsizlik sayır. «Əliabbas bəy girov saxlanıldığını bəyan edir. Haqsızlığa qarşı həmişə mübariz olacağını bildirdi və ona dəstək verənlərə təşəkkürünü çatdırdı», - Ş.Çobanoğlu bildirib.

Ədliyyə Nazirliyin Penitensiar Xidmətindən jurnalist Ş.Çobanoğlunun bu açıqlamasını, hələlik, dəqiqləşdirmək mümkün olmayıb.

Ə.Rüstəmovun iyulun 29-da həbsinə etiraz olaraq aclıq aksiyasına başladığı açıqlanmışdı. Onda «Turan» Agentliyi hüquqşünasın aclıq aksiyasına başlaması ilə bağlı dediklərinə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqovdan da münasibət almağa çalışmışdı. Agentliyin məlumatına görə, M.Sadıqov yalnız onu bildirib ki, aclıq etmək hər məhbusun haqqıdır və o, hər hansı səbəblə bağlı belə tədbirə əl atırsa, bu barədə rəsmi olaraq saxlandığı müəssisənin rəhbərliyinə müraciət etməlidir. Lakin M.Sadıqov Ə.Rüstəmovun aclıq aksiyası keçirib-keçirməməsi ilə bağlı konkret heç nə deməmişdi.

Xatırlatma

Əliabbas Rüstəmov 2014-cü il iyunun 28-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək, 7 il azadlıqdan məhrum edilib. 2017-ci ilin iyulunda Ali Məhkəmə Ə.Rüstəmovun cəzasını 7 ildən 6 ilə endirib.

Hüquqşünas ittihamın qurama olduğunu bildirir və onu rədd edir. Hüquq müdafiəçiləri onun adını siyasi məhbuslarla bağlı siyahıya salıblar.

Ə.Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.

Amma Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onların deməsinə görə, siyasi məhbus adlandırılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Günün bütün mövzuları

XS
SM
MD
LG