Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

'Milyonçular bizim şanlı məmurlarımızdır'-Media icmalı


Dünya malı. Karikatura
Dünya malı. Karikatura

Sənayeləşmə, neftin qiymətində Azərbaycandan ötrü «qırmızı zona», milyonçu məmurlar və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Məsələ halal-haram söhbətindədir»

«Yeni Müsavat» qəzetində «Bakının ağacları da adamları kimi...» sərlövhəli yazı oxumaq olar.

Müəllif Hüseynbala Səlimov obrazlı ifadələrlə vurğulayıb ki, Bakının ağacları da adamları kimi kövrək olublar, toxunmamış sınırlar. Onun fikrincə, küləkli Bakının ağacları daha küləklərə tab gətirmir: «Bircə fərq var ki, ağaclar göz qabağında, necə deyərlər, aşkarda sınırlar, adamlar isə içəridən, gizlin–gizlin. Sınan ağaclar qədimidir, on illərlə, bəlkə də bundan da çox Bakının tarixinə şahidlik edən, onunla birlikdə soyuğu-şaxtanı, qızmar yayı və çiskinli yazı-payızı yaşayan köhnə ağaclardır. Elə adamların sınanları da, necə deyərlər, köhnə kişilərdir, hansılar ki, bu şəhərə, bu ölkəyə, onun tarixinə, yaşadığı çətinliklərə, əcaib metamorfozlarına tab gətirməyən kişilərdir».

Yazıda qeyd edilir ki, iki əsr bundan əvvəl də Bakı «qara qızıl»ın hesabına milyonlar səltənəti idi: «Bu gün də belə səltənətdir, bircə fərqlə ki, o vaxtlar milyonçu əhli, əsasən, bəxti gətirib torpağında neft tapılan adi və insaflı insanlar idi, indi isə milyonçular bizim şanlı məmurlarımızdır».

Müəllifin fikrincə, keçmişdə milyonçular pullarını bu millətin yolunda xərcləyib, indiki milyonçu məmurlar isə neftdən gələn milyonları min cür üsulla oğurlayaraq xarici banklara daşıyırlar: «O vaxt da böyük şəhərin böyük hissəsi kasıb idi, indi də belədir. O vaxt da bu şəhərin küçələrində bahalı maşınlar şütüyürdü, indi də belədir. Bircə, məsələ halal-haram söhbətindədir: o vaxt pullar, əsasən, halal üsullarla qazanılırdı, indi isə hər cür üsula əl atırlar və deyirlər ki, pulun qoxusu olmur, əsas odur, adamın çoxlu pulu olsun, onda onunla hamı hesablaşacaq...».

V.Bayramov
V.Bayramov

«Neftin qiyməti 30 dollara azala bilər»

Yenisabah.az-da «Neftin qiyməti 30 dollaradək azala bilər» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda iqtisadçı-ekspert Vüqar Bayramovun neft qiymətləri ilə bağlı proqnoz və düşüncələrinə yer verilib.

Yazıda bildirilir ki, bu günlər neftin dünya bazar qiyməti son 8 ayda ən aşağı səviyyəyə düşüb, «Brent» markali neftin 1 barelinin qiyməti artıq 59 dollardan ucuz satılır.

İqtisadçı V.Bayramov da bu mövzu ilə bağlı sayta bildirib ki, mövcud vəziyyət proqnozlaşdırılırdı: «…ABŞ-ın sentyabr ayından etibarən daha 300 milyard dollarlıq Çin məhsuluna əlavə 10 faiz idxal vergisi tətbiq etmək istəyi ticarət müharibəsində yeni mərhələ başlatdı. Ticarət müharibəsinin genişlənməsi qlobal iqtisadi artım tempini aşağı salaraq neftə olan tələbi azaldır. Digər tərəfdən, qlobal iqtisadi gərginliyin artması fonunda Çinin İran neftinin idxalını bərpa edəcəyi də müzakirə mövzusudur. Bu baş verəcəyi halda neftin 1 barelinin qiyməti 30 dollaradək azala bilər».

İqtisadçı hesab edir ki, neftin dünya bazar qiymətində kəskin enişlər olarsa, Azərbaycana daxil olan valyutanın həcmi yenidən azaldacaq: «Azərbaycan ixracatının 90 faizinin enerji məhsulları olduğunu nəzərə alsaq, «qara qızıl»ın qiymətinin ölkəyə daxil olan valyutanın həcminə təsirlərini müəyyənləşdirmək çətin olmaz. Azərbaycan üçün neftin bir barelinin qiymətinin 60 dollardan aşağı olması fiskal, 50 dollardan az olmasının isə monetar təsirləri var. Neftin bir barelinin 2019-cu ilin dövlət büdcəsində qiyməti 60 dollar nəzərdə tutulub. Mərkəzi Bank üçün isə 50 dollardan aşağı neft qiyməti «qırmızı zona»ya daxil olmaq anlamına gəlir».

İ.Əliyev Pirallahı Sənaye Parkında
İ.Əliyev Pirallahı Sənaye Parkında

Sənaye parkları və məhəllələri yaradılır

«Azərbaycan» qəzetində «Son illər həyata keçirilən sənayeləşmə siyasəti real nəticələr verir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, sosial-iqtisadi sahədə qazanılmış nailiyyətlər Azərbaycanın düzgün istiqamətdə irəlilədiyini, inkişafının davamlı olduğunu bir daha təsdiqləyir. Yazıda vurğulandığına görə, müxtəlif təyinatlı müəssisələrin fəaliyyətə başlaması, infrastrukturun genişləndirilməsi, sahibkarlığın inkişaf etdirilməsi sahəsində ötən illərdə həyata keçirilmiş mühüm tədbirlərin sırasına ilin ilk 6 ayında yeni layihələrin adı əlavə olunub: «Belə ki, yeni müəssisələr və iş yerləri açılıb, sahibkarlara dövlətin dəstəyi davam edib, infrastruktur layihələri diqqət mərkəzində olub».

Müəllifin iddiasına görə, ölkə sənayesindəki vəziyyət təqdirəlayiqdir. Yazıda qeyd edilib ki, sənayeləşmə sahəsində ötən illərdə başlamış işlər uğurla davam etdirilir: «Regionlarda sənaye parkları və məhəllələri yaradılır. İndiyədək yaradılmış 9 sənaye parkı və məhəllələrinin işi gələcək perspektivlərdən xəbər verir. Sənaye parkları və məhəllələrində artıq 78 rezident qeydiyyatdan keçib. 45 rezident fəaliyyətə başlayıb. Nəzərdə tutulan 6.4 milyard manat sərmayədən 5.7 milyard manatı faktiki olaraq yatırılıb».

Yazının sonunda da vurğulanıb ki, bu yaxınlarda prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə qarşıda duran vəzifələr haqqında da geniş bəhs olunub: «Qeyd edilib ki, iqtisadi artım üçün yeni mənbələr axtarılmalıdır. Bunlardan biri qeyri-neft sektorunun inkişafıdır. Təcrübə göstərir ki, iqtisadiyyatın şaxələndirilməsi böyük əhəmiyyət daşıyır. İqtisadiyyatımızın bu istiqamətdə addımlaması onun inkişafının davamlı olmağına təminat verir».

XS
SM
MD
LG