Rusiya-Gürcüstan arasında beşgünlük müharibədən 11 il keçir. Birləşmiş Ştatlar və Avropanın beş ölkəsi Moskvanı hərbi qüvvələrini əməliyyatlardan öncəki mövqelərə çəkməyə çağırıb.
Avqustun 8-də birgə bəyanatda, Birləşmiş Ştatlar, Belçika, Estoniya, Fransa, Almaniya, Polşa və Britaniyanın BMT-dəki səfirləri Gürcüstanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə ediblər.
Bəyanat BMT Təhlükəsizlik Şurasının məşvərət iclasından sonra yayılıb.
ABŞ Dövlət Departamenti də ayrıca bəyanatında Rusiyanı Gürcüstanın iki separatçı regionunun “müstəqilliyi”ni tanımaq qərarını ləğv etməyə çağırıb. Departament bildirir ki, “Rusiya suveren Gürcüstan ərazisinin işğalına son qoymayanadək işimizi dayandırmayacağıq”.
Kreml 2002-ci ildə Gürcüstanın separatçı Abxaziya və Cənubi Osetiya regionlarının sakinlərinə vətəndaşlıq verməyə başlayıb. Sonucda həmin regionlarda Rusiya pasportu sahiblərinin sayı 20 faizdən 85 faizə yüksəlib.
Rusiya 2008-ci ilin avqustunda Gürcüstana qarşı müharibə başladıb və Kreml Abxaziya və Cənubi Osetiyaya hərbi qüvvələr yerləşdirilməsini bu separatçı regionlarda Rusiya vətəndaşlarını qorumağın gərəkməsi ilə izah edib.
Ozamankı Prezident Mikheil Saakashvili avqustun 7-dən 8-nə keçən gecə Cənubi Osetiyaya hücum başlatdı. O, Tbilisini Rusiya və separatçıların təhrik etdiyini deyib.
Rusiya isə buna əks-hücumla cavab verdi, Gürcüstan ərazisində daha da irəlilədi və sonradan geri çəkildi.
Beşgünlük müharibədən sonra Abxaziya və Cənubi Osetiya Kremlin dəstəyilə Tbilisidən müstəqilliyini elan elədi.
Gürcüstan ərazisinin 20 faizini təşkil edən bu regionların müstəqilliyini bir ovuc ölkə tanıyıb. Moskvanın onlara dəstəyini isə beynəlxalq ictimaiyyət pisləyib. Müharibədən sonra Rusiya Cənubi Osetiya və Abxaziyada hərbçilərini saxlayıb.
BMT-də bəyanat imzalamış altı ölkə Moskvanın bu iki regionla təhlükəsizlik münasibətini dərinləşdirməsindən “aşırı narahatlığını” bildirib.
Onların fikrincə, bu hərəkətlər münaqişəni uzadır, Gürcüstan və regionda sabitsizlik yaradır.
Rusiyanın Xarici İşlər Nazirliyi isə “rəsmi Tbilisini və Qərb havadarlarını” “anti-Rusiya isteriyasını qızışdırmaqda, regionu silahlarla doldurmaqda, Gürcüstanı həyasızcazına NATO-ya sürükləməkdə” suçlayıb.