Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:33

'Büdcəyə yenidən baxmaq zərurəti yarana bilər'-Media icmalı


Neft buruğu
Neft buruğu

Azərbaycanda iqtisadi vəziyyət, neftin qiymətinin düşməsinin ölkəyə təsiri, bəzi dövlət qurumlarının ziyanla işləməsi və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Qiymətlərin 40 dollara düşməsi mümkündür»

Moderator.az-da «Neftin qiymətlərinin kəskin azalacağı təqdirdə büdcəyə yenidən baxmaq zərurəti yarana bilər» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda keçmiş maliyyə naziri Fikrət Yusifovun fikirləri əks olunub. Müəllif bildirir ki, dünya bazarlarında neftin qiymətləri sürətlə aşağı düşməkdə davam edir. Keçmiş nazirin fikrincə, ABŞ ilə Çin arasında aylarla davam edən ticarət müharibəsi özünün yeni, daha gərgin olacaq növbəti mərhələsinə daxil olmağa hazırlaşır: «Dünya bazarlarında neftin qiymətlərinin kritik 60 dollar səviyyəsindən aşağı düşərək, bu sətirləri yazarkən bir barel üçün 56 dollar 30 sent ətrafında olması da dediklərimizə əyani sübutdur».

Müəllif hesab edir ki, dünya iqtisadiyyatının inkişaf tempinin aşağı düşməsi ilə iqtisadiyyatın nüvəsi olan neftə tələbat da azalacaq.

Yazıda vurğulandığına görə, əgər sentyabr ayına qədər OPEK (Neft İxrac Edən Ölkələr Birliyi) neftin hasilatını azaltmaqla bağlı ekstremal bir qərar qəbul etməyə qadir olmasa, o halda qiymətlərin 40 dollar və bundan da aşağı bir səviyyəyə düşməsi mümkündür: «Azərbaycanın 2019-cu il dövlət büdcəsində neftin bir bareli üçün 60 dollar müəyyən olunub. Neftin qiymətlərinin kəskin azalacağı təqdirdə büdcəyə yenidən baxmaq zərurəti yarana bilər. Bir sözlə, neft ölkəsi kimi bizim üçün neftin qiymətlərinin aşağı düşməsi heç arzuolunan deyil. Bu qiymətlər 2014 -2015-ci illərdə kəskin azaldıqda milli valyutamız iki dəfədən çox dəyər itirdi. Bank sektorumuz və xarici valyutada kreditlər götürmüş iş adamlarımız isə bu zərbədən hələ özlərinə gələ bilməyiblər».

İ.Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında
İ.Əliyev Bakıda yüksəkgərginlikli avadanlıqlar zavodunun açılışında

«Ən islahatçı ölkə»

«Azərbaycan» qəzetində «6 milyard dollar sərmayə, 3 min çeşiddə məhsul ixracı...» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan bu gün dayanıqlı inkişaf yolu ilə gedir. Yazıda vurğulandığına görə, ölkənin innovasiyayönümlü, yüksək rəqabətqabiliyyətli istehsala əsaslanan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə yüksəlib və Azərbaycan dünyanın iqtisadi cəhətdən dinamik inkişaf edən dövləti imicini qazanıb: «…Həyata keçirilən böyük islahatlar ölkəyə həm siyasi, həm də iqtisadi dividentlər qazandırır. Dünyada «ən islahatçı ölkə» kimi tanınan Azərbaycanın builki iqtisadi göstəriciləri onu deməyə əsas verir ki, ölkəmiz müəyyən edilən hədəflərə doğru inamla irəliləyir. Həyata keçirilən islahatlar nəticəsində ölkəmizin valyuta ehtiyatlarının 4 milyard manat artaraq 49 milyarda yüksəlişi və digər iqtisadi göstəricilər bunu təsdiqləyir».

Müəllif daha sonra da bu ilə aid bir sıra rəqəmləri qeyd edir: «Son 7 ayda ölkə iqtisadiyyatı 2.4 faiz, qeyri-neft sektoru 3.2 faiz, qeyri-neft sənayesi 15.7 faiz, kənd təsərrüfatı 13 faiz, qeyri-neft ixracı 15 faiz və ticarət dövriyyəsinin 20 faizdən çox artması, iqtisadiyyata 6 milyard dollardan çox sərmayə yatırılması yüksəlişin təzahürüdür».

Yazının sonunda isə oxuyuruq: «Cənab İlham Əliyevin söylədiyi kimi, bütün iqtisadi göstəricilər, uğurlu nəticələr onu deməyə əsas verir ki, Azərbaycan düzgün istiqamətdə inkişaf edir və qarşıda duran bütün vəzifələr uğurla icra olunur».

«Azərsu» ASC
«Azərsu» ASC

Ziyanla işləyənlər

Yenisabah.az-da «Biznes təfəkkürləri olmadığından ziyanla işləyirlər» sərlövhəli yazı oxumaq olar.

Yazıda qeyd edilir ki, Azərbaycanda iri vergi ödəyicilərinin 2018-ci ildə dövlət büdcəsinə ödədikləri və büdcədən aldıqları vəsaitlərin həcmi bəlli olub: «Hesablama Palatasının açıqladığı rəqəmlərdən bəlli olur ki, bir sıra dövlət qurumlarının büdcədən aldıqları vəsait onların büdcəyə ödədikləri vəsaitin həcmini dəfələrlə üstələyir».

İqtisadçı Natiq Cəfərli sayta deyib ki, bir çox dövlət qurumlarının uzun zamandır ziyanla işləməsi artıq sirr deyil. O qeyd edib ki, onların ziyanla işləməsinin səbəbi kimi hesabatlılığının zəif, şəffaflığın aşağı olması və vəsaitlərin düzgün xərclənməməsini göstərmək olar: «Müstəqillikdən üzü bəri ən azı 4 dəfə onların kommunal və vergi borcları silinib. Amma bütün bunlara baxmayaraq, dövlət şirkətləri kifayət qədər qeyri-şəffaf olduqları üçün xərcləriylə gəlirləri arasında balans pozulduğundan və biznes təfəkkürləri olmadığından çox vaxt ziyanla işləyirlər».

İqtisadçının fikrincə, bunun qarşısının alınmasının yolu özəlləşdirmədir: «Bu lobbi qruplar qismən özəlləşməyə maraqlı deyillər və bu nə qədər ki, dövlətin əlində olacaq, həmişə biz bu problemlərlə qarşı-qarşıya qalacağıq».

Yazının sonunda da mövzuya aid bəzi dövlət müəssisələrindən bəhs edilir: «Ötən il SOCAR büdcəyə 1 milyard 425 milyon manat ödəyib, 1 milyard 486 milyon manat alıb. «Azərenerji» 86 milyon ödəyib, 240 milyon manat alıb. «Azərbaycan Dəmir Yolları» 15 milyon ödəyib, 607 milyon manat alıb. «Azərsu» 27 milyon ödəyib, 431 milyon manat alıb».

Yazıda mövzu ilə bağlı sözügedən qurumların mövqeyini öyrənmək mümkün olmayıb.

XS
SM
MD
LG