İranda qadınların stadiona girişinə qadağanın dünyada futbol təşkilatı FIFA-ya dəxli yoxdur. Bunu İranın baş prokuroru avqustun 7-də deyib.
“Qadınlar stadionda futbol azarkeşləri arasındadır, yoxsa yox – bunun FIFA-ya qətiyyən aidiyyatı yoxdur”, – ISNA xəbər agentliyinin yazmasına görə, Mohammad Montazeri vurğulayıb.
O sual edib ki, FIFA nə vaxtdan İrandakı qadınların qeydinə qalır?
İran qadınların stadionlara buraxılmasına 40 ilə yaxındır qoyulmuş qadağanı qaldırmasa, Dünya Kubokunun təsnifat oyunlarına buraxılmaya bilər.
FIFA Prezidenti Gianni Infantino İranın futbol federasiyası olan FFIRI-yə iyulun 15-dək vaxt verib ki, qadınları 2022-ci il Dünya Kubokunun təsnifat yarışlarına buraxsın.
Həmin ilin sentyabrında keçiriləcək turnirə Qətər ev sahibliyi edəcək.
Infantino deyib ki, qadınlar oyunlara baxmağa layiqdir, çünki “bütün dünyada bunu qadınlara borcluyuq, həm də bunu etməyə məsuliyyət daşıyırıq, FIFA nizamnaməsinin əsas prinsiplərinə uyğun olaraq bu gerçəkləşməlidir”.
FIFA nizamnaməsinə uyğun olaraq, qadınlara stadion qadağası götürülməsə, İran təsnifat oyunlarından kənarda qala bilər.
1979-cu il islam inqilabından iki il sonra qadınların stadionlara girişinə qadağa qoyulmağa başladı. Ultra-mühafizəkar ruhanilər bunu qadınları coşqun kişi azarkeşlərdən, onların kəskin leksikonundan qorumaqla izah edib.