Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 00:15

'Neftin qiyməti Azərbaycana lazım olandan aşağı düşdü'-Media icmalı


Neft buruğu
Neft buruğu

Azərbaycanda bu ilin 6 ayının iqtisadi göstəriciləri, neftin ucuzlaşmasının səbəbləri, maliyyə amnistiyası ilə bağlı təkliflər və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

Avqust ayında neft 11 faiz ucuzlaşıb

Marja.az-da «Neftin qiyməti Azərbaycana lazım olan səviyyədən daha da aşağı düşdü» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu gün, avqustun 7-də Bakı vaxtı ilə saat 07:45-də «Brent» markalı neft 58.87 dollardan alıcı tapıb.

Müəllif daha sonra da son aylar neftin qiymətində baş verən azalmaları oxucuların diqqətinə çatdırıb: «Avqust ayında neft 11 faiz ucuzlaşıb. İyulun sonunda «Brent» nefti 65 dollardan baha satılırdı».

Müəllif neftin qiymətinin ucuzlaşmasının səbəblərini də göstərməyə çalışıb: «Neftin ucuzlaşmasına səbəb ABŞ və Çin arasında ticarət müharibəsinin şiddətlənməsidir. ABŞ sentyabr ayından etibarən 300 milyard dollarlıq Çin məhsullarına əlavə 10 faiz vergi tətbiq edəcəyini açıqladıqdan sonra Çin milli valyutası yuanın ucuzlaşmasına icazə verib. Ticarət müharibəsinin dünyanın iki böyük iqtisadiyyatı başda olmaqla qlobal iqtisadiyyata ziyan vuracağı və nəticədə neftə tələbin azalacağı ehtimal edilir».

Yazının sonunda da Azərbaycandan bəhs edilir. Müəllif xatırladıb ki, Azərbaycan hökuməti 2019-cu ilin dövlət büdcəsi üçün neftin bir barelinin qiymətini 60 dollar götürüb.

Amnistiya
Amnistiya

«Maliyyə amnistiyasının üstünlüyü də odur ki…»

«Yeni Müsavat» qəzetində «Maliyyə amnistiyası yenidən gündəmdə» sərlövhəli yazı yer alıb.

Yazıda qeyd edilir ki, uzun illərdir ölkədə maliyyə amnistiyasının verilməsi gündəmə gətirilir, Milli Məclisdə bu istiqamətdə müzakirələr gedir: «Lakin hələ də məsələnin həlli ilə bağlı konkret addımlar atılmayıb».

Müəllifin vurğulamasına görə, bu məsələni yenidən bu günlərdə deputat Fazil Mustafa gündəmə gətirib. O bildirib ki, qanuni, ya qanunsuz yolla toplanaraq xaricə aparılmış vəsaitlər üzərində amnistiyanın tətbiqi ölkənin investisiya mühitinə müsbət təsir edər.

İqtisadçı, hüquqşünas Əkrəm Həsənov da qəzetə açıqlamasında deyib ki, maliyyə amnistiyası iqtisadiyyata ancaq müsbət təsir edə bilər: «Ümumiyyətlə, kimin əlində mənbəyi, mənşəyi bilinməyən əmlak varsa, qanuni əsası olmayan əmlak varsa, onlar leqal elan oluna bilər. Söhbət yalnız maliyyə amnistiyasından getmir. Xeyli adam var ki, onların qanuni əsası olmayan tikililəri var… Onlar hər biri gəlib əmlakının siyahısını dövlətə təqdim etməli və deməlidir ki, əlimdə bunlar var. Dövlət ilk növbədə həmin əmlakın dəyərinin, məsələn, 10 faizi həcmində vergi tələb edə bilər və buradan qazana bilər. Bu rəqəm fərqli də ola bilər. Qanun da həmin şəxsə zəmanət verəcək ki, heç kəs heç zaman ondan həmin maliyyənin mənbəyini soruşa bilməz…».

Ə.Həsənovun sözlərinə görə, amnistiyadan sonrakı dövr üçün maliyyə cinayətləri ilə bağlı cəzalar da müəyyən olunmalıdır: «İqtisadiyyat orada inkişaf edir ki, iqtisadi cəhətdən fəal olan vətəndaşlarda əmlaklarının, bizneslərinin əlindən alınmayacağı ilə bağlı əminlik hissi olsun. Maliyyə amnistiyası da ilk növbədə bunu təmin edəcək. Maliyyə amnistiyasının bir üstünlüyü də odur ki, həmin qanun bundan sonra edilə biləcək bütün maliyyə pozuntuları ilə bağlı cinayət məsuliyyəti nəzərdə tutacaq, kim buna yol versə, cəzasını alacaq. Bu məsuliyyətin olması da gələcəkdə baş verəcək maliyyə cinayətlərinin qarşısını alacaq».

Prezident İ.Əliyev Sumqayıt Sənaye Parkında
Prezident İ.Əliyev Sumqayıt Sənaye Parkında

«Azərbaycan inkişafın yeni mərhələsinə qədəm qoyub»

«Azərbaycan» qəzetində «İqtisadi tərəqqi sosial rifahın təminatıdır» başlıqlı yazı dərc edilib.

Müəllifin yazmasına görə, 2019-cu ilin ötən dövrünün iqtisadi nəticələri bir daha təsdiqləyir ki, Azərbaycan dövləti qarşıya qoyduğu hədəflərə doğru inamla addımlayır: «Birinci yarımillikdə iqtisadiyyatın 2.4 faiz, qeyri-neft sektorunun 3.2 faiz, qeyri-neft sənayesinin 15.7 faiz, kənd təsərrüfatının 13 faiz artması göstərir ki, həyata keçirilən islahatlar uğurlu nəticə verir və bütövlükdə Prezident İlham Əliyevin inkişaf strategiyası praktikada özünü tam doğruldur».

Müəllifin fikrincə, Azərbaycanda istənilən sahədə yürüdülən siyasətin, həyata keçirilən islahatların mərkəzində məhz insan amili dayanır. Yazıda vurğulandığına görə, vətəndaşların sosial rifahının yaxşılaşdırılması, yaşayış tərzinin yüksəldilməsi prezident İ.Əliyevin həyata keçirdiyi siyasətin prioritetləridir: «Bu baxımdan ötən 16 ilin sosial inkişaf dinamikasına nəzər salsaq, davamlı şəkildə cəmiyyətin bütün üzvlərinin rifahının yüksəldilməsi yönündə mühüm qərarların qəbul olunduğunu, əsaslı tədbirlərin həyata keçirildiyini görərik».

Müəllifin gəldiyi nəticəyə görə, indi Azərbaycan inkişafın keyfiyyətcə yeni mərhələsinə qədəm qoyub və reallıq göstərir ki, qarşıdakı dövrdə iqtisadi artım daha sürətli olacaq: «Çünki cənab Prezidentin başlatdığı yeni islahatlar öz bəhrəsini verir və xüsusən qeyri-neft sənayesində əhəmiyyətli artım müşahidə olunur. Digər tərəfdən, ölkəmizin təşəbbüskarı olduğu yeni enerji layihələri artıq işə düşüb və Azərbaycan qazı tezliklə Avropa bazarlarına çıxarılacaq».

XS
SM
MD
LG