Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:40

Rusiyanın S-400 diplomatiyası – Qərb mediası


 S-400 Ankaraya çatdırılır
S-400 Ankaraya çatdırılır

Rusiya hərbi avadanlığını satmaqla Amerikanın müttəfiqlərini sınayır. Bunu “New Eastern Europe” portalında Cyrille Bret yazır. Müəllif qeyd edir ki, ABŞ Prezidenti Donald Trump NATO-nu tənqid edəndən və müttəfiqlərdən birinə qarşı təcavüz halında ABŞ-ın həmrəylik göstərəcəyini sual altına alandan Rusiya davamlı olaraq trans-Atlantik əlaqələri və Avropa ölkələrinin qətiyyətini yoxlayır. Rusiyanın NATO-ya sonuncu sınağı isə Türkiyəyə S-400 Triump raket sistemi satmasıdır. Bu kontrakt Birləşmiş Ştatları qəzəbləndirib.

Müəllif məsələnin təkcə bu sistemlərin istehsalçısı olan Almaz-Antey şirkəti və ABŞ-ın PATRIOT sistemini istehsal edən Raytheon şirkətinin bazar payında olmadığını vurğulayır.

S-400 "Triumph" sistemləri
S-400 "Triumph" sistemləri

“Son on ildə Rusiya Prezidenti Vladimir Putin qorxunc S-400 diplomatiyası aparır. Bu yüksək texnologiya avadanlığı təkcə Rusiyanın Krımdakı sərhədlərini yenidən çəkməyə, Belarus, Çin və Suriya kimi ənənəvi müttəfiqlərlə alyanslara yeni nəfəs verməyə hesablanmayıb: ən vacibi, məqsəd Birləşmiş Ştatlara stres yaratmaq, onun müttəfiqlər alyansını dağıtmaqdır”, – müəllif yazır.

Məsələ ondadır ki, Türkiyə ABŞ-ın S-400 sistemi almaq istəyən yeganə müttəfiqi deyil. 2018-ci ildə Səudiyyə Ərəbistanı və Hindistan da bu sistemlərin alışını rəsmən nəzərdən keçirib. “Bu S-400 diplomatiyası ABŞ-ın alyanslarını riskə atır”, – məqalədə vurğulanır.

Breksitdən öncə seçki keçirmək olarmı

Baş nazir Boris Jonhson dəfələrlə deyib ki, oktyabrın 31-də Britaniyanı Avropa Birliyindən çıxaracaq, istər ayrılma üzrə saziş əldə olunsun, istərsə də yox. Opponentləri isə birlikdən sazişsiz ayrılmanı önləməyə çalışacaqlarını deyirlər, hətta bu, erkən seçki hesabına başa gəlsə belə.

Boris Johnson (ortada) hökumətin iclasını keçirir
Boris Johnson (ortada) hökumətin iclasını keçirir

“Reuters” agentliyi yazır ki, deputatlar sazişsiz ayrılmanı dayandırmaqdan ötrü hökumətə etimadsızlıq səsverməsi keçirə bilərlər. Bu isə yeni seçki deməkdir, ancaq bu, Breksitdən öncə baş verə bilərmi?

Ölkədə növbəti seçki 2022-ci ilə nəzərdə tutulub. Erkən seçki o halda mümkündür ki, 650 yerli parlamentdə əksəriyyət onun keçirilməsinə səs versin.

Hökumət etimad səsverməsini uduzandan sonra seçkinin keçirilməsi üçün qanunvericilikdə minimum müddət nəzərdə tutulub.

Parlamentin proseslər və prosedurlar üzrə səlahiyyətli orqanı İcmalar Palatasının Kitabxanasıdır. Qurum bildirir ki, seçki qanunu “parlament seçkisinin nə zaman keçirilməsi üzrə baş nazirə geniş hüquqi səlahiyyət verir”.

Bəs Johnson seçkini Breksitdən sonraya təyin edə bilərmi? Qanunvericilik buna “hə” deyir. Belə ki, Britaniya qanunlarına görə, ölkə oktyabrın 31-də Avropa Birliyində üzvlüyünü dayandıracaq. Seçkini noyabrın əvvəlinə təyin etmək də baş nazirin səlahiyyətinə daxildir.

Fələstinli qızlar
Fələstinli qızlar

Bu ölkələrdə sı qıtlığı var

Dünya əhalisinin 25 faizə yaxını aşırı yüksək su stresi olan 17 ölkədə yaşayır, bu ölkələrdə su kranı istənilən vaxt quruya bilər. Ümumdünya Resurslar İnstitutu avqustun 6-da dünyanın su riski atlasını yayıb.

Dünyanın 17 ölkəsində ildə ortalama olaraq “kənd təsərrüfatı, sənaye və bələdiyyələr mümkün yerüstü və yeraltı suyun 80 faizini çəkirlər”, – qurum bildirir.

17 ölkə Qətər, İsrail, Livan, İran, İordaniya, Liviya, Küveyt, Səudiyyə Ərəbistanı, Eritreya, Birləşmiş Ərəb Əmirlikləri, San Marino, Bəhreyn, Hindistan, Pakistan, Türkmənistan, Oman və Botsvanadır.

Daha 27 ölkə isə “yüksək su stresi” yaşayan ölkələrdir. Özbəkistan, Əfqanıstan, Ermənistan, Qırğızıstan bu ölkələr içindədir.

Azərbaycan isə ortasəviyyəli su stressi olan ölkələrdəndir. Bu sırada Tacikistan, Şimali Makedoniya, Bolqarıstan, Qazaxıstan da yer alıb.

XS
SM
MD
LG