Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) kompüter insidentləri üzrə milli koordinasiya mərkəzi sayt domenləri qeydiyyatçısına domendən istifadə hüququnun ləğvi xahişilə müraciət edə biləcək. Bu, internet resurslarını məhkəmə, yaxud Roskomnadzor-dan daha tez bağlamağa imkan verəcək. Bu haqda Rusiyanın “Kommersant” qəzeti yazıb.
Nəşrin bildirməsinə görə, sözügedən koordinasiya mərkəzi Rusiya domenlərinin Koordinasiya mərkəzinin səlahiyyətli qurumları sırasına daxil olub və bundan sonra kiberhücumların resurs-mənbələri ilə mübarizəyə cavabdehlik daşıyacaq.
Qəzet yazır ki, belə bir status FSB-nin qeydiyyatçıdan domendən istifadə hüququnu ləğv etməyi, yəni, faktiki olaraq resurslara çıxışı bağlamağı xahiş etməsinə imkan verəcək.
Domendən istifadə hüququnun ləğvi onun bloklanmasından fərqlənir, sonuncu məhkəmə, yaxud mediaya nəzarət orqanı olan Roskomnadzor tərəfindən həyata keçirilir. Ancaq hüququn ləğvi resursa çıxışı əhəmiyyətli dərəcədə sürətlə məhdudlaşdırmağa imkan verir.
Rusiya qanunvericiliyində qanun pozucusu olan domendən istifadənin ləğvi haqda bir söz deyilmir, bu hal yalnız domeni qeydiyyata alanla müqavilədə nəzərdə tutulur. Bu səbəbdən sözügedən addımın hüquqi müstəviyə sığmadığı görünür.
FSB-nin saytın bloklanması qərarından məhkəməyə şikayət vermək olar.
Qurumun mətbuat xidməti bu informasiyanı hələlik, şərh etməyib.