“The Moscow Times” qəzetində Mark Galeotti Moskvada iki şənbə ardıcıl olaraq dinc etirazların aşırı zorakılıqla yatırdılmasından yazır. Hakimiyyətin belə bir reaksiyasından nəyi öyrənmək olar?
Müəllifin fikrincə, açıq-aşkar bu etirazların təkcə nəzarətə alınması deyil, əzilməsinə qərar verilib. Burada söhbət Moskva Dumasına seçkidən deyil, müxalifətin ümidlərindən, elitanın qorxusundan gedir.
Birincisi, Yekaterinburda yeni kilsə tikintisiylə bağlı etirazçılara güzəştə gediləndə, jurnalist Ivan Golunov barəsində cinayət işi ləğv olunanda belə bir narahatlıq varıydı ki, problemlərin etirazlar vasitəsilə həll olunacağına ümid yarana bilər. Başqa sözlə, Kreml heç də əhalinin hər şeyin belə asanlıqla həll olunduğunu düşünməsini istəməyib.
İkincisi, Kreml ayrı-ayrı məsələlərə etirazlarla ümumilikdə sistemə qarşı etirazlar arasında aydın xətt çəkir. Yəni birinci halda, ictimaiyyətə güzəştə gedilə bilər, ikinci halda yox. Başqa sözlə, etirazçılar problemin həllini istəyirlərsə, onu sistemin daha geniş patologiyası kimi təqdim etməməlidirlər, yəni, endemik korrupsiya, elitanın toxunulmazlığı, maliyyə prioritetlərinin dəyişməsi və sairədən danışmamalıdırlar.
Müəllifin fikrincə, Moskvadakı etirazların zorakılıqla yatırdılması həm də elita arasında daha böyük narahatlığın əlamətidir, onlar öz gələcəklərindən əndişələnirlər. Putin 2024-cü ildən sonra gedəcək, ya qalacaq? Onu kim əvəzləyəcək? İqtisadiyyat nə zaman güclənəcək? Müəllif belə bir mühitdə siyasəti qorxunun formalaşdırdığını qeyd edir.
Zelensky indi də intiqam alır?
Ukrayna postsovet tarixində ilk dəfə olaraq birpartiyalı hökumət tərəfindən idarə olunur. Opponentlər isə yeni administrasiyanı qisas almaqda suçlayır. “The Independent” qəzetində Oliver Carroll bu haqda yazır.
Keçmiş prezident Viktor Yanukovych-in parlamentdə 72 deputatı vardı. Seçkidə 73 faiz səs qazanmış Volodymyr Zelensky isə rekord sayda – 254 deputatlar təmsil olunur. Zelensky Xalqın Qulluqçusu partiyası ilə birlikdə inqilabı “gözəl” bir şeyə çevirməyi vəd edib.
Ancaq tənqidçilər bu komandanın təcrübəsizliyini önə çəkirlər, üstəlik, siyasi düşmənlərə yanaşmasını tənqid edirlər.
Kiyevin meri, keçmiş boksçu, Zelensky-nin sələfi Petro Poroshenko-nun müttəfiqi Vitali Klitschko hazırda siyasi karyerası uğrunda mübarizə aparır, Zelensky-nin adamları onun səlahiyyətini məhdudlaşdırmağa çalışır. Ukraynanın beşinci prezidenti olmuş Poroshenko-ya isə hakimiyyətdən sui-istifadə ittihamları var, bir neçə iş üzrə ifadə verməkdədir.
“Avropa siyasi opponentin təqibini indidən pisləyə bilər, ancaq məncə, Zelensky bu işin arxasında getməkdə qətiyyətlidir”, – Ukraynanın nüfuzlu siyasi radio şoularından birinin aparıcısı olan Valery Kalnysh deyib.
“Zelensky üçün bu məsələ 3 səbəbdən önəm daşıyır: birincisi, Poroshenko prezidentliyi dövründə çox zənginləşib; ikincisi, dövlət ittihamçıları daha istintaq aparmaqdan çəkinmirlər; üçüncüsü, burada şəxsi qisas məqamı var”, – o, sözlərinə əlavə edib.
Poroshenko-ya qarşı ittihamları daha çox nüfuzlu vəkil Andriy Portnov ortaya qoyur. O, Yanukovych administrasiyasının keçmiş sədr müavini olub, Poroshenko 2014-cü ildə hakimiyyətə gələndə Ukraynadan gedib, Zelenskiy-nin qələbəsindən öncə qayıdıb. İndi isə keçmiş prezidentə qarşı Dövlət İstintaqlar Bürosunda vəsatətlər qaldırır.
Poroshenko isə vəkili keçmiş prezident Yanukovych-ə xidmətdə suçlayır. Portnov öz növbəsində Poroshenko-ya ədavətini gizləmir. “Bu adamları yer üzündən silmək istəyirəm. Poroshenko beş il ərzində ölkəmizi onillərlə geri atan bir cinayətkardır. Buna dəlilim var və sübuta yetirmək niyyətindəyəm”, – o, qəzetə deyib.
Şotlandlar Britaniyadan müstəqillik tərəfdarıdır
Şotland seçicilər müstəqilliyi dəstəkləyir və növbəti iki il ərzində daha bir referendum keçirilməsini istəyir. Bunu bazar ertəsi dərc olunmuş rəy sorğusu göstərib. “Reuters” yazır ki, bu, Britaniya Avropa Birliyindən çıxan kimi parçalana biləcəyini göstərir.
Müstəqillik referendumunda necə səs verəcəklərinə dair sualı 1019 şotland seçicinin 46 faizi müsbət, 43 faizi isə mənfi cavablandırıb. Sorğunu Michael Ashcroft şirkəti keçirib.
Necə səs verəcəyini, yaxud səs verməyəcəyini deyənləri çıxanda, müstəqil Şotlandiyanı 52-48 faiz seçici dəstəkləyib.
“Yeni səsverməni kiçik çoxluq dəstəkləyir, son iki ildə ilk dəfədir müstəqil Şotlandiyanı istəyənlər üstünlük təşkil edir”, – mühafizəkar, Boris Jonhson-un baş nazirliyinə qarşı çıxmış Ashcroft deyib.
Johnson ötən ay Theresa May-in yerinə keçib və Şotlandiyada populyar deyil. O, ötən həftə Şotlandiyanın birinci naziri, Londonun daha bir referendum razılaşmasını tələb edən Nicola Sturgeon ilə görüşüb.