Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:21

'Dolların yığımında artımlar ola bilər, ancaq…'-Media icmalı


R.Ağayev
R.Ağayev

Azərbaycan iqtisadiyyatın potensialı, vergi gəlirlərinin artmasının səbəbləri, manata gözlənən təzyiqlər və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Artımın 93 faizi neftin hesabına baş verib»

Yenisabah.az saytında «Verginin 230 milyon manat artmasına səbəb nədir?» sualı gündəmə daşınır.

«Vergilər naziri son müşavirədəki çıxışında vergi daxilolmalarında qeyri-neft sektorunun payının təxminən 5 bənd artaraq 70 faizə çatdığını deyib. Amma 6 ayın yekunlarına görə, qeyri-neft vergilərinin məbləğinin mütləq ifadədə nə qədər artması ilə bağlı rəqəm səsləndirilməyib». Bunu iqtisadçı-ekspert Rövşən Ağayev sayta başlığa çıxarılan suala cavab verərkən deyib.

İqtisadçının fikrincə, Maliyyə Nazirliyinin yarım illik büdcə məlumatlarından görünür ki, Vergilər Nazirliyinin xəttiylə daxilolmalar 250.3 mln. manat artsa da, bu artımın təxminən 93 faizi (231 mln. manatı) neft sektoru hesabına baş verib: «Qeyri-neft sektorundan vergi yığımları bütün vergi artımlarının cəmi 7.5 faizini təmin edib».

R.Ağayev vurğulayıb ki, bu məsələdə əks arqument maaşlara görə gəlir vergisinə verilən güzəştlər sayıla bilər: «Amma nəzərə alaq ki, güzəştin aid edildiyi qeyri-neft və qeyri-dövlət sektorundan son illər maksimum 200-300 mln. manat gəlir vergisi yığılıb. Yəni bu güzəştə görə büdcə 6 ayda maksimum 100-150 mln. manat itirə bilərdi».

İqtisadçı qeyd edib ki, bunun əvəzində vergi yükünü artıran və həmin itkini artıqlaması ilə kompensasiya edə biləcəyi gözlənən addımlar atıldı: «Məsələn, 5 növ məhsulun istehsalına görə ilk dəfə aksiz vergisi tətbiq edildi. 6 növ məhsulun istehsalına görə aksiz vergisinin yükü orta hesabla 2.5 dəfə artırıldı, potensial olaraq 10 minlərlə təsərrüfat subyektini əhatə edən təxminən 10 istiqamət üzrə biznes fəaliyyətinin sadələşdirilmiş vergi ilə işləmək hüququ dayandırıldı».

V.Bayramov
V.Bayramov

«Manata təzyiqlər də olacaq»

«Yeni Müsavat» qəzetində «Rubl ucuzlaşdıqca, manata təzyiqlər artır...» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, ABŞ-ın Rusiyaya növbəti dəfə sanksiya tətbiq etməsi rublun dəyərdən düşməsinə səbəb olub. Müəllifin qeyd etməsinə görə, ötən həftənin cümə günü (avqustun 2-də) ABŞ prezidenti D.Trampın tətbiq etdiyi sanksiyalardan sonra 1 dolların dəyəri 65 rus rubluna bərabər olub. «Bəs görəsən, Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından və ixracatımızın əsas bazarlarından biri olan Rusiya milli valyutasının ucuzlaşması manata da təzyiqlər yaradırmı?», - deyə yazıda sual edilir.

İqtisadçı ekspert Vüqar Bayramov deyib ki, son günlər Rusiya rublunun dollara olan məzənnəsində müəyyən azalmalar müşahidə edilsə də, hələlik, kəskin ucuzlaşma yoxdur: «Hazırda birjalarda 1 ABŞ dolları 65 rubla dəyişdirilir. İyulun ortalarında isə 1 dollar almaq üçün 63 rubldan daha az vəsait sərf etmək lazım idi. O baxımdan rublun dəyərində azalmalar var, ancaq hələ ki, bu azalmalar kritik deyil…».

İqtisadçının sözlərinə görə, rublun dəyərsizləşməsi Azərbaycandan ötrü məqbul hesab olunmur: «Çünki bir tərəfdən Rusiya Azərbaycanın qeyri-neft ixracında üstün paya malikdir. Bizim qeyri-neft ixracının təxminən 36 faizi Rusiyanın payına düşür. Söhbət 1.8 milyard dollarlıq qeyri-neft ixracatının üçdə birindən çoxunun Rusiyanın payına düşməsindən gedir. Eyni zamanda, rəsmi statistikaya görə. Rusiyadan Azərbaycana il ərzində 1 milyard dollarlıq pul göndərilir ki, bu ölkədəki iqtisadi vəziyyət ölkəmizə göndərilən vəsaitin həcminə birbaşa təsir göstərə bilər…».

İqtisadçı vurğulayıb ki, manata təzyiqlər də olacaq: «Çünki rubl ucuzlaşan zaman əksər postsovet ölkələrində dollara tələbin artması müşahidə olunur. Nəticə etibarilə bu da həmin ölkələrin milli valyutalarına təzyiqi artırır… Dolların yığımında artımlar ola bilər, ancaq bu kontekstdə dolların bahalaşacağını demək olmaz. Məzənnənin necə müəyyənləşməsi Mərkəzi Bankın mövqeyindən birbaşa asılı olacaq…».

Ş.Mustafayev
Ş.Mustafayev

«Azərbaycanın artan potensialı…»

Rəsmi AZƏRTAC saytında «Nazir Şahin Mustafayev: Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə böyük imkanlar açır» sərlövhəli yazı dərc edilib.

Nazir sayta deyib ki, indiyədək Azərbaycanda fəaliyyət göstərən sənaye parklarında 40-dan çox rezident qeydiyyata alınıb. «Bu rezidentlərin 24-ü artıq istehsal fəaliyyətinə başlayıb. Bu il daha 10 rezident istehsala başlayacaq. İstehlak səbətini təşkil edən məhsulların istehsalında əhəmiyyətli irəliləyiş əldə olunub, özünü təminetmə səviyyəsi yüksəlib, idxaldan asılılıq azalıb», - saytda nazirə istinadən oxumaq olar.

Ş.Mustafayev habelə vurğulayıb ki, bu ilin birinci yarısında qida məhsullarının istehsalı 20 faiz artıb. Onun qeyd etməsinə görə, ilin sonunadək növbəti 4 beynəlxalq sərgidə vahid ölkə stendi ilə iştirak nəzərdə tutulur.

«Bununla yanaşı, 6 ay ərzində ixracatçıların 17 beynəlxalq sərgidə fərdi qaydada iştirakına dəstək göstərilib. Azərbaycanın artan potensialı istehsalın və ixracın genişləndirilməsinə, xarici ticarətin strukturunun şaxələndirilməsinə, rəqabətqabiliyyətli və ixracyönümlü qeyri-neft sektorunun inkişafına böyük imkanlar açır. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, xarici ticarət seqmentində də inkişaf kursu bu imkanların daha dolğun reallaşmasına yönəldilir», - saytda qeyd edilir.

XS
SM
MD
LG