Keçid linkləri

Təcili xəbərlər
2023, 29 Noyabr, çərşənbə, Bakı vaxtı 18:18

Rohani: İranla müharibə ‘müharibələrin anası’ olacaq


Tehran, arxiv fotosu
Tehran, arxiv fotosu

İran Prezidenti Hassan Rohani avqustun 6-da deyib ki, Tehran, Birləşmiş Ştatlar sanksiyaları qaldırarsa, onunla danışıqlara tərəfdardır.

Dövlət televiziyası ilə çıxış edən Rohani vurğulayıb ki, “İranla sülh bütün sülhlərin anası”, “İranla müharibə bütün müharibələrin anası”dır. O, İranın 2015-ci ildə dünya gücləri ilə imzaladığı nüvə sazişini müdafiə edib.

“İran İslam Respublikası danışıqlara tərəfdardır, Birləşmiş Ştatlar həqiqətən danışmaq istəyirsə, hər şeydən öncə sanksiyaların hamısını qaldırmalıdır”, – Rohani vurğulayıb.

İran ötən ay Hörmüz boğazında Britaniya tankerini tutub, onun dəniz qaydalarını pozduğunu iddia edib. Bundan iki həftə öncə isə Britaniya qüvvələri Cəbbərültariqdə İranın neft tankerini ələ keçirib, Suriyaya sanksiyaları pozduğunu söyləyib.

Hassan Rohani Mohammad Javad Zarif ilə görüşdə, 6 avqust, 2019-cu il
Hassan Rohani Mohammad Javad Zarif ilə görüşdə, 6 avqust, 2019-cu il

“Boğaza boğaz. Ola bilməz ki, Hörmüz boğazı sizin üçün azad olsun, Cəbbərültariq isə bizim üçün olmasın”, – Rohani vurğulayıb.

İranın Xarici işlər naziri Javad Zarif isə avqustun 6-da ABŞ mediasının məlumatını təsdiqləyib. ABŞ mediası onun ötən ay Ağ evdə Trump-la görüşməklə bağlı ABŞ senatorunun təklifini geri çevirdiyini yazmışdı.

Zarif deyib ki, iki həftə içində sanksiyalar üzləşmək təhdidinə baxmayaraq, o, təklifi rədd edib.

“Mənə Nyu Yorkda dedilər ki, təklifi qəbul etməsəm, iki həftəyə sanksiya ilə üzləşəcəyəm, yaxşı ki qəbul etmədim”, – o vurğulayıb.

***

Avropalılar bir ay içində Tehrana kömək etməsə…

Tehran 2015-ci il nüvə sazişini imzalamış Avropa ölkələrinə deyir ki, onu ABŞ sanksiyalarından qorumasalar, öhdəliklərindən daha da geri çəkiləcək. ABŞ sanksiyaları İran iqtisadiyyatına ciddi ziyan vurub.

Britaniya, Fransa və Almaniya indiyədək ABŞ Prezidenti Donald Trump-ın birtərəfli sanksiyalarını önləyə bilməyiblər. Trump deyir ki, İranın neft ticarətini azaltmaqla onu nüvə fəaliyyətini, regiondakı mövqeyini məhdudlaşdırmağa məcbur etmək istəyir.

Vaşinqton ötən il nüvə sazişindən çıxaraq İrana sanksiyalar tətbiq etməyə başlayıb. İran isə Hörmüz boğazından bütün enerji ixracını önləməklə hədələyir. Dünya neftinin beşdə biri bu körfəzdən daşınır.

Behrouz Kamalvandi
Behrouz Kamalvandi

İran artıq 130 tonluq ağırlaşdırılmış su limitini keçdiyini bildirib. Açıqlamanı İranın Atom enerjisi Təşkilatının sözçüsü Behrouz Kamalvandi verib. Tehran həmçinin 300 kiloqramlıq az zənginləşdirilmiş uran ehtiyatını da keçib.

“Bir şey dəqiqdir ki, öhdəliklərimizi kənara qoymaq, yaxud təxirə salmaqla nüvə fəaliyyətimizin sürətini artıracağıq”, – Kamalvandi vurğulayıb.

O, İranın növbəti addımının nə olacağını deməyib. Ancaq onu qeyd edib ki, nüvə sazişini imzalamış Britaniya, Fransa, Çin, Rusiya və Almaniya Tehranı ABŞ sanksiyalarından qoruyarsa, bu addımların da qarşısı alına bilər.

Sanksiyalar qüvvəyə minəndən İranın neft hasilatı günə 300 min barrelə, ondan da aşağıya düşüb.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, İran iqtisadiyyatı bu il 6 faiz azalacaq.

Ölkədə işsizlik 12 faiz civarındadır.

XS
SM
MD
LG