Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:13

Türkmənistan prezidenti məzuniyyətini necə keçirir


Gurbanguly Berdymukhamedov, arxiv fotosu
Gurbanguly Berdymukhamedov, arxiv fotosu

Türkmənistan Prezidenti Gurbanguly Berdymukhammedov ölümü haqda şayiələr yayılandan sonra ilk dəfə olaraq dövlət televiziyasında göstərilib.

Türkmənistan televiziyası axşam efirində ölkə liderini velosiped sürən, at çapan, avtomat silahdan atəş açan yerdə göstərib. 36 dəqiqəlik buraxılışın 28 dəqiqəsindən çoxu prezidentin “Şapolat” ləqəbli atı sürməsi, onunla birlikdə gəzməsinə; hüquq-mühafizə orqanlarının arsenalına daxil olmuş yeni silahı sınaqdan çıxarmasına; Aşqabadın meriylə birlikdə Olimpiya şəhərciyi ərazisində velosiped sürməsinə həsr olunub.

Prezident həmçinin hökumət üzvləri ilə birlikdə üzgüçülük hovuzunu yoxlayıb; müdafiə naziri daxil olmaqla bir neçə nazirə idman zalında necə düzgün məşq etməyi öyrədib; Kərim adlı nəvəsinin ifasında mahnı dinləyib və sairə.

Dövlət televiziyası Berdimukhammedov-un idman avtomobilində Qaraqum səhrasında sürdüyünü, “Cəhənnəm Darvazası” adıyla tanınan Darvaza qaz kraterinə qədər gedib çıxdığını göstərib.

Prezident harada idi?

Son 10 gün ərzində prezident ilk dəfədir televiziyada görünür. Onu sonuncu dəfə iyulun 24-də göstəriblər, sonradan ölümü haqda şayiələr yayılıb. Ancaq həmin kadrlar televiziya mütəxəssislərində şübhələr yaradıb, onlar kadrların bu il mayın 10-da “Vatan” proqramında göstərilənlərə oxşar olduğunu bildirib.

Rəsmi medianın bundan öncə bildirməsinə görə, Türkmənistan lideri bir aylıq əmək məzuniyyətinə çıxıb – iyulun 15-dən avqustun 15-dək.

Berdymukhammedov öncəki illər belə uzunmüddətli məzuniyyətə çıxmamışdı. Bundan başqa, hətta məzuniyyətdə olanda belə, dövlət mediası prezidentin nə ilə məşğul olduğunu xəbərləyirdi.

Prezidentin uzun müddət ictimai həyatda və mediada görünməməsi əhali arasında müxtəlif söz-söhbətə yol açıb. İyulun 21-də sosial şəbəkələrdə yayılmış informasiyaya görə, ölkə başçısı iyulun 20-də kəskin böyrək çatışmazlığından vəfat edib.

Prezident sonuncu dəfə iyulun 5-də ictimaiyyətə görünüb. Mətbuat xidməti isə iyulun 15-də məlumat yayıb ki, o, məzuniyyətdədir, prezidentin nəvələri və pişiklərlə oynadığını göstərən video yayıb.

“Türkmənistan xronikası” nəşrinin yazmasına görə, prezidentin təyyarəsini iyulun 12-də Almaniyada görüblər. Almaniyaya prezidentin ağır vəziyyətdə olan anasının aparıldığı, prezidentin də məhz anasının ağır xəstəliyi ilə əlaqədar informasiya məkanından yoxa çıxdığı xəbər verildi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG