Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:57

Qəçrəş meşəsi zibil poliqonuna çevrilir-Media icmalı


Foto arxiv
Foto arxiv

Azərbaycanda regionların inkişafı ilə bağlı Dövlət proqramları, Ağstafa rayonunda su problemi, meşələrin zibilləməsi və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

Kəndin 25 illik su problemi

Sputnik.az saytında «Azərbaycanın bu kəndində sizə kimsə içməyə bir stəkan su verməz» sərlövhəli yazı diqqət cəlb edir.

Yazıda bildirilir ki, Ağstafa rayonu Köçəsgər kəndinin sakinləri 25 ildən artıqdır suvarma və içməli su sarıdan problem yaşayırlar.

Yerli sakinlərlə söhbət edən müəllif qeyd edib ki, bir çox kənd sakinləri həyətlərindəki ağacların quruduğunu bildiriblər. Üstəlik, sakinlər vurğulayıblar ki, həyətlərində tərəvəz becərə bilmirlər.

Müəllifin qeyd etməsinə görə, su problemi özünü ötən əsrin 80-ci illərində salınan yeni yaşayış massivində daha qabarıq göstərir. Yerli sakinlərdən Həcər Rəhimova deyib ki, o bu əraziyə ilk məskunlaşanlardandır. O vurğulayıb ki, 1988-ci ildə torpaq alıb bura köçdükdən sonra yalnız 6 il su problemi yaşamayıblar: «Kolxozun fermasının həyətində artezian quyusu vardı. Böyük çən qoymuşdular, oradan istifadə edirdik. Sonra ferma dağıldı, yerini satdılar, özəlləşdirdilər. Ondan sonra o artezianı da söküb dağıtdılar…».

Sakinlərin sözlərinə görə, üzləşdikləri bu problemlə bağlı şikayətlər də ediblər. «Ərazidən su xətti keçir. Lakin ötən əsrdə çəkildiyindən bərbad gündədir. Məhəllədə yalnız bir yerə ay ərzində iki-üç dəfə su gəlir. 40-a yaxın ailə oradan su götürür. Yığışırıq, şikayətə gedirik, ərizə yazırıq, 1-2 dəfə buraxıb, yenə kəsirlər…», - başqa bir kənd sakini Nurəddin Əzizov bildirib.

Köçəsgər kənd bələdiyyəsinin sədri Şükran Hacıyev isə problemin nəinki sözügedən yeni massivdə, eləcə də bütün Köçəsgər kəndində yaşandığını bildirib.

Ağstafa Su-kanal idarəsinin rəisi Rövşən Lətifov da sayta açıqlamasında hər il yay aylarında bu çətinliklə üzləşdiklərini etiraf edib. R.Lətifov rayonda iki kənd - Köçəsgər və Muğanlı kəndlərini içməli su ilə təmin etmək üçün layihənin hazır olduğunu bildirib. O, habelə deyib ki, yaxın günlərdə bu layihənin icrasına başlandıqdan sonra problem kökündən həll olunacaq.

Meşə
Meşə

Meşələri zibilliyə çevirənlər

Oxu.az-da «Meşələri zibilliyə çevirənlər: günahkar kimdir?» sərlövhəli yazı oxumaq olar.

Müəllif iddia edir ki, Quba rayonunun Qəçrəş meşəsi hazırda məişət tullantıları üçün ayrılan poliqona çevrilir.

Müəllif qeyd edib ki, Qəçrəşə gələn qonaqlar arasında təbiət qoynunda, yəni meşəlik ərazidə süfrə açıb dincələnlər az deyil: «Təəssüf doğuran məqam onlar getdikdən sonra geridə qoyduqları mənzərədir: içki şüşələri, tərəvəz qabıqları, konfet kağızları və müxtəlif plastik tullantılar…».

Müəllif yazıb ki, turizm obyektlərinin sahibləri yalnız öz ərazilərini təmiz saxlayırlar: «Ərazidəki tullantılar onu deməyə əsas verir ki, Qəçrəş meşəliyində uzun müddətdir iməcilik keçirilmir. Burada məişət tullantılarını toplayan maşınları da görmək mümkün deyil».

Ekspertlər bu işlərə ərazi bələdiyyəsinin baxmalı olduğunu deyirlər: «Yerlər təyin edilərək, tullantı qutuları quraşdırılmalı və «Bura zibil atmayın» kimi məlumat lövhələri yerləşdirilməlidir».

Ekspertlər habelə hesab edirlər ki, ərazinin zibillənməsi meşə üçün təhlükəli olmaqla yanaşı, gələn xarici turistlərdə Azərbaycan haqqında mənfi fikir formalaşdırır: «Sözügedən ərazidə bu tullantıların yığışdırılmasına məsul olan qurumla yanaşı, hər rayon sakini tez bir zamanda hərəkətə keçməlidir. Əks təqdirdə, məğlub olan yerli sakinlər və Azərbaycan turizmi olacaq».

Yazıda mövcud vəziyyətlə bağlı bələdiyyə və yerli hakimiyyət orqanlarının isə mövqeyini öyrənmək mümkün olmayıb.

Qubada «ASAN həyat» Kompleksinin açılışı. 2017
Qubada «ASAN həyat» Kompleksinin açılışı. 2017

Üç dövlət proqramı

«Azərbaycan» qəzetində «Regionlar davamlı yüksəlişdədir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, genişmiqyaslı dövlət proqramlarının həyata keçirilməsi regionlarda istehsal və sosial infrastruktur obyektlərinin yaranması, yeni iş yerlərinin açılması ilə nəticələnib. Yazıda vurğulandığına görə, bu vaxta qədər üç dövlət proqramının uğurla icrası bunu bir daha təsdiqləyir: «Prezident İlham Əliyevin son 16 ildə dövlət başçısı kimi regionların sosial-iqtisadi inkişafı ilə bağlı gördüyü tədbirlər bölgələrin simasını büsbütün dəyişib. Halbuki, 2004-cü ildə regionların sosial-iqtisadi inkişafına dair ilk dövlət proqramının icrasına başlayan Azərbaycan cəmi 1.8 milyard dollar valyuta ehtiyatlarına sahib idi. Buna baxmayaraq, ölkə rəhbəri heç bir sosial layihəni təxirə salmadı. Bu gün həm bölgələrin yüksəlişi, həm də Azərbaycanın 49 milyard dollar valyuta ehtiyatlarına sahib olması uğurdan, tərəqqidən xəbər verir».

Müəllifin fikrincə, dünyada gedən çətin geosiyasi proseslər fonunda ölkə iqtisadiyyatının dayanıqlı inkişafı təmin edilib: «Artıq ölkəmizdə dövrün tələblərinə uyğun olaraq çoxşaxəli və ardıcıl islahatlar həyata keçirilir, qeyri-neft ixracının artırılması üzrə kompleks stimullaşdırıcı tədbirlər görülür…».

Müəllif sonda da yazıb: «Nəzərdə tutulan sosial infrastruktur layihələrinə gəlincə isə, Prezident vurğulayıb ki, bu il onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən qurulacaq, yaxud da əsaslı təmir olunub istifadəyə veriləcək. Olimpiya idman kompleksləri inşa olunacaq. Digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı da konkret proqramlar, planlar var və bütün bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır».

XS
SM
MD
LG