Keçid linkləri

2024, 07 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 12:12

Trump-ın El Paso qırğınında ‘rolu’ varmı – Qərb mediası


El Paso atışması qurbanları anılır
El Paso atışması qurbanları anılır

Bu gün – avqustun 5-də ABŞ-ın aparıcı media orqanları həftəsonu ölkədə törədilmiş iki hücumda Prezident Donald Trump-ın antiimmiqrant ritorikasının rolunu təhlil edir. “The Washington Post” qəzetində Philip Rucker yada salır ki, Prezident Trump latın amerikalıların miqrasiyasını “ölkəmizin işğalı” adlandırıb; sənədsiz mühacirlərə “oğrular” və “heyvanlar” deyib; miqrant uşaqların saxlanmasını müdafiə edib. Prezident xəbərdarlıq edib ki, Meksikadan gələnlərin qarşısını alacaq hasar çəkilməsə, Amerika daha Amerika olmayacaq.

“Bu adamların qarşısını necə alırsız? Bunu bacarmazsız”, – Trump mayda Panama Şəhərindəki yürüşdə deyirdi. O zaman kütlədən biri qışqırıb: “Onları güllələyin”. Minlərlə adam əl çaldı, Trump isə gülümsədi, sonra isə çiyinlərinə çəkərək bu fikri rədd elədi.

Donald Trump
Donald Trump

Həftəsonu ABŞ-da iki ayrı-ayrı hücumda 29 nəfər öldürülüb, xeyli yaralı var. Müəllif yazır ki, indi müzakirə mövzusu prezidentin bu hücumlardan sonra necə davranacağı deyil, onun sözlərinin bu qırğınlara rəvac verib-verməməsidir. Artıq demokrat partiyasının bəzi liderləri Trump-ın demaqoqiyasının onu bu qırğınlarda təqsirkar duruma saldığını bəyan edib.

El Pasodan keçmiş konqresmen, prezidentliyə namizədliyə iddialı Beto O’Rourke deyib ki, Trump-ı ağdərili millətçi elan etmək yaxşı olardı və onun ritorikası nasist Almaniyasını xatırladır.

“O, buna dözmür, əksinə, həvəsləndirir, meksikalı immiqrantları təcavüzkar, cinayətkar adlandırır, bir dindən olanların hamısına qadağa qoymağa çağırır. Xalq da buna reaksiya verir”, – O’Rourke CNN-ə deyib.

Trump isə dünən – avqustun 4-də jurnalistlərə deyib ki, ABŞ-da nifrətə yer yoxdur. O, avqustun 5-də əlavə bəyanat verəcəyini bildirib.

Çin yuanı
Çin yuanı

Yuan kəskin ucuzlaşıb

Bazar ertəsi Asiya bazarlarında çöküş yaranıb, səbəb Çin yuanının kəskin ucuzlaşmasıdır. Bundan bir neçə gün öncə ABŞ Prezidenti Donald Trump Çindən gələn mallara yeni tarif qoyacağını bildirmişdi.

Trump-ın avqustun 1-də bildirməsinə görə, iki ölkə arasında 660 milyard dollarlıq ticarət dövriyyəsinin hamısına rüsum tətbiq olunacaq və rüsumların son partiyası – 300 milyard dollarlıq məhsula 10 faizlik rüsum sentyabrın 1-dən qüvvəyə minəcək.

“Frans Pres” agentliyi Uol Stritin üç böyük indeksinin iyundan bəri ən aşağı səviyyəyə düşdüyünü xəbərləyir. S&P 500 və Nasdaq isə ötən cümə günü bu ilin ən böyük həftəlik itkisini yaşayıb.

Çində isə yuan 2010-cu ilin avqustundan ən aşağı səviyyəyə enib. Bu, belə spekulyasiyaya yol açır ki, Pekin əslində, ixracatçıları dəstəkləmək, Trump-ın son hədəsini neytrallaşdırmaq üçün milli valyutasını devalvasiya edir.

ABŞ lideri Çinin mərkəzi bankını mütəmadi olaraq yuanı süni şəkildə zəiflətməkdə suçlayır. Pekin isə bu iddiaları rədd edir.

Hazırda Çində bir dollar 7.0307 yuana dəyişdirilir ki, bu, 2008-ci ildən ən aşağı səviyyədir. Ölkədən kənarda isə bir dollar 7.1085 yuana bərabərdir. Bu, artıq 7.0 həddinin keçilməsidir, investorlar bu həddi valyutanın dəyərində əsas hədd sayılır.

Pekin, Vaşinqton son təhdidi reallaşdırarsa, bunu cavabsız qoymayacağını deyib.

Londonda HSBC Bankı
Londonda HSBC Bankı

HSBC rəhbəri istefa verir

HSBC bankının rəhbəri John Flint bu vəzifədə iki ildən də az müddətə qalandan sonra istefa verib.

Bank bəyanatında Flint-in qarşılıqlı razılaşma əsasında vəzifədən getdiyini, bu dəyişikliyin HSBC-nin üzləşdiyi, “getdikcə mürəkkəbləşən qlobal mühit”in tələbinə uyğun olaraq gərəkdiyini bildirib.

Londonda mənzillənən bankın bildirməsinə görə, hazırda Flinti əvəzləyəcək namizədlər nəzərdən keçirilir. Bu müddətdə həmin vəzifəni bankın qlobal kommersiya bankçılığı üzrə rəhbəri Noel Quinn icra edəcək.

HSBC ikinci rübdə gəlirlərinin artdığını da bəyan edib. Bu rübün qazancı 4,4 milyard dollar, yəni bir il öncəki 4,1 milyard dollardan artıq olub. HSBC 1 milyard dollarlıq səhmini geri almağı planlaşdırdığını da bəyan edib.

Bank həmçinin problemlərin qaldığını da qeyd edir. Buraya ABŞ-da faiz dərəcələrinin salınması, “böyük bazarlarımıza təsir göstərə biləcək geosiyasi məsələlər” daxildir. Bank Breksitin – Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının təsirinin isə “qeyri-müəyyən” qaldığını qeyd edir.

XS
SM
MD
LG