Keçid linkləri

Təcili xəbərlər
2019, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 01:39

AXCP üzvü izləndiyini bildirir


S.Rüstəmli

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Ali Məclisin üzvü Sahib Rüstəmli yaşadığı Sabirabad rayonunda izləndiyini bildirir.

Bu barədə AzadlıqRadiosuna məlumat verən S.Rüstəmlinin sözlərinə görə, izləməni artıq iki həftədir mülki geyimdə polis əməkdaşları aparır: «İyulun 16-da təşkilatın yaranmasının 30 illiyini qeyd etməmişdən əvvəl partiya üzvlərinin evlərinin qarşısında mülki geyimli polislərdən ibarət postlar qurdular, bəzilərimizi polisə çağırdılar. Axırda biz məcbur olub bununla bağlı bəyanat verdik. Bundan sonra postları yığışdırdılar və gizli izləməyə keçdilər».

S.Rüstəmli iddia edir ki, son iki gün ərzində onun yaşadığı evə girməyə cəhd ediblər: «Həyətə giriblər. Sonra isə daha irəli gedərək, evin qapısını açıb içəri işıq salıblar. Məndə olan məlumata görə, bunu polis əməkdaşları ediblər».

«Turan» İnformasiya Agentliyi məsələ ilə bağlı Sabirabad Rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Agentlikdən bildirildiyinə görə, şöbədən onlara bu məsələdən məlumatsız olduqlarını deyiblər.

Daxili İşlər Nazirliyindən isə, deyilənlərə, hələlik, hər hansı münasibət almaq mümkün olmayıb. Ancaq Azərbaycan rəsmiləri, bir qayda olaraq, bildirirlər ki, ölkədə heç kim dinc siyasi fəaliyyətinə görə təqib və təzyiqlərlə üzləşmir.

Xatırlatma

AXCP Ali Məclisinin üzvü, Sabirabad rayonu Türkəndi kənd orta məktəbinin fizika müəllimi Sahib Rüstəmli 2016-cı ilin oktyabrında çalışdığı məktəbdən çıxarılmışdı. Həmin vaxt AzadlıqRadiosuna danışan S.Rüstəmli bunu siyasi fəaliyyəti ilə izah etmişdi. Türkəndi kənd orta məktəbinin direktoru Eyvaz Abbasov isə AzadlıqRadiosuna demişdi ki, S.Rüstəmli işə gəlmədiyindən çıxarılıb. Amma bir il sonra - 2017-ci ilin fevralında o, məhkəmə qərarı ilə işinə bərpa edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG