Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 00:38

Trump Çini 10 faizlik rüsumla hədələyir – Qərb mediası


Çin-ABŞ danışıqlarından öncə, arxiv fotosu
Çin-ABŞ danışıqlarından öncə, arxiv fotosu

ABŞ Prezidenti Donald Trump Çinə ticarət razılaşmasının əldə olunmasından ötrü təzyiqi artırır. O, sentyabrın 1-dən Çindən 300 milyard dollarlıq idxala 10 faizlik rüsum tətbiq edəcəyini deyib.

“The Associated Press” agentliyi bu xəbərin birjalarda dərhal ucuşlaşma yaratdığını yazır.

Agentlik yazır ki, Trump yeni tarifləri qoyarsa bunun ağrısını amerikalı istehlakçılar hiss edəcəklər. Öncəki tariflər sənaye məhsullarına hədəfləyirdi və sıravi amerikalılara təsirin minimuma endirilməsi niyyəti güdürdü. Di gəl, yeni tariflər mobil telefonlardan tutmuş ipək şərflərə qədər çeşidli istehlak mallarına zərbə vura bilər.

Fransada Adidas idman ayaqqabıları satışda. Bir müddət öncə məşhur ayaqabı brendləri Trump-ı Çinlə ticarət müharibəsini bitirməyə çağırmışdı
Fransada Adidas idman ayaqqabıları satışda. Bir müddət öncə məşhur ayaqabı brendləri Trump-ı Çinlə ticarət müharibəsini bitirməyə çağırmışdı

Prezidentin dünən – avqustun 1-də Twitter-dəki açıqlaması sürpriz kimi səslənib. Axı, Ağ ev çərşənbə günü bildirmişdi ki, Pekin Amerikadan fermer məhsullarının alışını artıtacağını təsdiqləyib. Bu bəyanat verilən zaman ABŞ və Çin təmsilçiləri Şanxayda ticarət danışıqlarının 12-ci raundunu bitirib. Ağ ev danışıqları “konstruktiv” adlandırıb.

Çinin xarici işlər naziri bu addımı pisləyib.

“Rüsum qoymaq ticarətdə ziddiyyətlərin həllinin düzgün yolu deyil”, Wang Yi bu gün Banqkokda jurnalistlərə deyib.

Çin nazirlikləri Pekinin hansı addımları atacağıyla bağlı sualları cavablandırmayıblar.

Danışıqlarda elə bir sövdələşmə əldə olunmasa da, onların gələn ay Vaşinqtonda bərpa olunacağı gözlənir.

Şimali Koreya raket sınağı keçirir
Şimali Koreya raket sınağı keçirir

Şimali Koreya yenə raket sınağı keçirib

Cümə günü – avqustun 2-də Şimali Koreya son səkkiz gündə üçüncü raket sınağını keçirib. “Reuters” təhlilçilərə istinadla yazır ki, bu sınaqların məqsədi Pxenyanın hərbi qabiliyyətini artırmaq, nüvə tərksilahı danışıqlarına yenidən başlamaq istəyən Birləşmiş Ştatlar və Cənubi Koreyaya təzyiq göstərməkdir.

ABŞ Prezidenti Donald Trump raket sınaqlarına elə də böyük önəm vermədiyini deyib. Trump iyunun 30-da Şimali Koreya lideri Kim Jong Un ilə görüşüb, onlar danışıqları canlandırmağa razılaşıblar.

Cənubi Koreya hökuməti son sınaqdan çıxarılanların yeni yaxınmənzilli ballistik raketlər olduğunu bildirib. Onlar 25 kim yüksəklikdə 220 km məsafə qət ediblər.

ABŞ rəsmisinin bildirməsinə görə, Birləşmiş Ştatlar kəşfiyyatı azı bir raketi aşkarlayıb, ancaq o, Şimali Amerikaya təhdid yaratmayıb.

Səudiyyəli qadınlar kişisiz səyahət edə biləcək

Səudiyyə Ərəbistanı ölkədə azadlıqların çevrəsini genişləndirir. İndi ölkənin istənilən vətəndaşı pasport ala, azad səyahət edə biləcək. İndiyədək qadınlar səyahət, yaxud pasport üçün kişilərin razılığını alırdılar.

Səudiyyəli qadın avtomobil sürməyi öyrənir
Səudiyyəli qadın avtomobil sürməyi öyrənir

Cümə günü dərc olunmuş yeni qanunlar məhdudiyyətləri yumşaldır. Uzun illər krallığın hüquqi sistemi tənqid olunub, çünki qadınlarla ömürləri boyu azyaşlı kimi davranılıb. Adətən, qadınlar pasport, yaxud səyahət üçün ata, yaxud ərlərinin, bəzən isə oğullarının icazəsini almalı olurdular.

Səudiyyəlilər Twitter-də bu dəyişiklikləri bayram ediblər. Sosial şəbəkədə çamadanları ilə aeroporta axışanların foto-videoları yerləşdirilib. Bəziləri ölkənin vəliəhd şahzadəsini bu addıma görə alqışlayıblar, dəyişikliklərin onun təşəbbüsüylə gerçəkləşməsinə inanırlar.

Ancaq mühafizəkarlar dəyişikliklərə qarşı çıxırlar. Onlar ötən illər ərzində dəfələrlə sosial mediada aparıcı ruhanilərin hamilik qanunlarını müdafiə etdikləri kliplər yerləşdiriblər.

Bundan başqa, qadınlara nikahı, boşanmanı, uşağın doğumunu qeydiyyata almağa, rəsmi sənədlər əldə etməyə icazə verilir. Qanunda deyilir ki, uşaqların qanuni hamisi ata, yaxud anadır.

Sənəd əldə etməyin asanlaşması qadınların rəsmi şəxsiyyət vəsiqəsi almasını, uşaqlarını məktəbə yazdırmasını yüngülləşdirə bilər.

XS
SM
MD
LG