Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:29

'Bağçalarda rüşvət...'-Media icmalı


Mal-qara
Mal-qara

İyulun 31-də prezident yanında keçirilmiş sosial-iqtisadi müşavirə, qarayara xəstəliyinin qeydə alınması, uşaq bağçalarında rüşvət və başqa məsələlər medianın toxunduğu mövzulardandır...

«Heyvanların identifikasiyası həyata keçirilməyincə...»

«Yeni Müsavat» qəzetində «Qarayara təhlükəsi: yediyimiz ət yoxlanılırmı?» sualı gündəmə daşınır.

Yazıda bildirildiyinə görə, bu günlərdə Sabirabad rayonunda iki nəfərdə qarayara xəstəliyi aşkarlanıb, onlardan biri vəfat edib.

Müəllifin qeyd etməsinə görə, bu xəstəlik xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır, insandan insana keçmir: «Bu xəstəlik 2014-cü ildə 10 nəfərdə, 2015-ci ildə 9 nəfərdə, 2016-cı ildə 10 nəfərdə, 2017-ci ildə 6 nəfərdə, 2018-ci ildə 9 nəfərdə, 2019-cu ildə 7 nəfərdə qeydə alınıb».

Yazıda iddia edilir ki, hazırda bir sıra işbazlar ölmüş heyvanın ətini kolbasa sexinə, ət bazarına verib pul qazanırlar, indiyə qədər dönərxanalara da bu cür ətlərin verilməsi faktı ortaya çıxıb.

Azad İstehlakçılar Birliyinin (AİB) rəhbəri Eyyub Hüseynov da qəzetə deyib ki, heyvanların identifikasiyası həyata keçirilməyincə, bu problem yaşanacaq: «İdentifikasiya o deməkdir ki, heyvan doğulan kimi baytarlıq xidməti tərəfindən bütün məlumatlar hazırlanır. Yəni hansı xəstəliklər keçirib, doğulan zaman temperaturu nə qədər olub və digər bu kimi məsələlər heyvanın qulağına «birka» şəklində vurulur. Həmin qeydlərin nömrəsi olur və kompüter sistemində yerləşdirilir. Heyvan kəsilənə qədər bu məlumatlar saxlanılır. Azərbaycanda isə bu cür işlər 1 faizdən yuxarı deyil».

E.Hüseynov vurğulayıb ki, belə vəziyyətdə heyvanların böyüdülməsi sonra xəstəliklərin yayılmasına gətirib çıxarır: «Söhbət təkcə qarayaradan getmir. İnsanlar isə bu cür xəstəliklərin qurbanına çevrilir... Ona görə də deyirlər ki, həkimlər insanları, baytarlar isə bəşəriyyəti müalicə edir. Baytarlar ciddi iş aparmalıdırlar ki, bu cür xəstəliklər ölkədə yox olsun».

Uşaq bağçası. Foto arxiv
Uşaq bağçası. Foto arxiv

«Uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir»

Oxu.az saytında «Bağçalarda rüşvət problemi: bir uşaq üçün 300 manat tələb edilir? – açıqlama» sərlövhəli yazı oxumaq olar.

Müəllif bildirir ki, Azərbaycandakı uşaq bağçalarında yer çatışmazlığı valideynlərin tez-tez üzləşdiyi problemlərdən biridir. Yazıda qeyd edildiyinə görə, buna səbəb kimi bağçaların az, uşaqların sayının çox olması göstərilir: «Bu hal Bakı ilə yanaşı, digər şəhər və rayonlarda da müşahidə olunur. Valideynlər iddia edir ki, paytaxt rayonlarında yerləşən bağçaların müdirləri onların uşaqlarını yerləşdirmək üçün 300 manat pul tələb edir».

Lakin Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) sayta bildirilib ki, qurumun tabeliyində olan uşaq bağçalarında pul alınması barədə heç bir fakt yoxdur. Qeyd olunub ki, BŞİH-in tabeliyində 346 dövlət məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir və orada 2 min 152 qrupda 40 min 634 uşaq təlim-tərbiyə alır: «346 dövlət məktəbəqədər təhsil müəssisəsinin 107-də 757 məcburi köçkün ailəsi məskunlaşıb. Hazırda Qaradağ rayonundakı «Qobu Park» yaşayış massivində 12 qrup, 220 uşaq yeri olan və Yasamal rayonu Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilmiş 12 qrup, 220 yeri olan məktəbəqədər təhsil müəssisələrinin BŞİH-in balansına verilməsi haqqında sənədləşmə işləri aparılır...».

Amma təhsil sahəsi üzrə ekspert Kamran Əsədov da deyib ki, dövlət bağçalarında uşaq qəbulu zamanı neqativ hallar müşahidə olunur: «Bağça direktorları valideynlərə qarşı əsassız tələblər irəli sürür, müəyyən vəsait tələb edirlər. Bu da, əlbəttə ki, yolverilməzdir».

K.Əsədov deyib ki, azyaşlıların bağçalara cəlb olunması baxımından Azərbaycandakı göstəricilər dünyanın aparıcı dövlətləri ilə müqayisədə çox aşağıdır: «Hələ bağçaların sayının çox olduğu Bakı şəhərində məktəbəqədər yaş qrupunda olan uşaqların cəmi 25 faizi məktəbə bağçalardan gəlir. Maddi-texniki baza, binalar bəs etmir ki, digər uşaqlar da bağçalara cəlb olunsun».

Ekspertə görə, bu sahəyə kifayət qədər vəsait ayrılmalı, özəl bağçaların şəbəkəsi genişləndirilməli və bağçalar standartlara uyğunlaşdırılmalıdır: «Bəzi vaxtlar özəlləşdirilən bağçalar məktəbəqədər müəssisə kimi fəaliyyət göstərmir...».

Prezident İ.Əliyev Sumqayıtda «SOCAR Polymer»in yüksəksıxlıqlı polietilen zavodunun açılışında
Prezident İ.Əliyev Sumqayıtda «SOCAR Polymer»in yüksəksıxlıqlı polietilen zavodunun açılışında

«İslahatçı ölkənin göstəriciləri»

«Azərbaycan» qəzetində «İslahatçı ölkənin rekord göstəriciləri» sərlövhəli yazı dərc edilib.

Yazıda iyulun 31-də prezident İlham Əliyevin yanında keçirilən sosial-iqtisadi müşavirədə səslənən bir sıra məsələlərdən bəhs edilir: ​«Öncə qeyd edək ki, cari ilin 6 ayı ərzində iqtisadiyyatın 2.4, qeyri-neft sektorunun 3.2, qeyri-neft sənayesinin isə 15.7 faiz artması uzun illər reallaşdırılan aqrar islahatların gözlənilən nəticəsidir. Yeni istifadəyə verilən «SOCAR karbamid» və «SOCAR Polymer» zavodlarının işə düşməsi, kiçik və orta sahibkarlığın inkişafı üçün zəruri addımların atılması Azərbaycana dünyanı heyrətə sala biləcək 15.7 faizlik artıma nail olmağa imkan verib».

Müəllif habelə yazıb ki, son illər kənd təsərrüfatının davamlı surətdə sistemli inkişafı məqsədilə pambıqçılığın, baramaçılığın, üzümçülüyün, tütünçülüyün və başqa sahələrin dirçəldilməsi üçün ardıcıl tədbirlərin həyata keçirilməsinə start verilib. Yazıda vurğulandığına görə, bu tədbirlər ölkənin qeyri-neft sektorunun inkişafı, ixrac potensialının daha da artırılması, əhalinin maddi durumunun və rifahının yüksəlməsinə xidmət edir.

Müəllif yazının sonunda prezidentdən belə bir sitat da təqdim edir: «Bizim iqtisadi gücümüz sosial sahəyə bilavasitə təsir etməlidir və edir. Biz bundan sonra da bu yolla gedəcəyik».

XS
SM
MD
LG