Keçid linkləri

2024, 11 Oktyabr, Cümə, Bakı vaxtı 10:21

Trump Rusiyaya yeni sanksiyalar tətbiq edir


Donald Trump
Donald Trump

ABŞ Prezidenti Donald Trump avqustun 1-də imzaladığı fərmanla Rusiyaya yeni sanksiyalar tətbiq edib. Bu sanksiyalar 2018-ci ilin martında rusiyalı keçmiş casus Sergei Skripal və qızı Yulia-nın Britaniyada zəhərlənməsində Moskvanın roluna görə qoyulub.

Dövlət Departamenti 2018-ci ilin avqustunda müəyyən edib ki, Rusiya Skripal məsələsində 1991-ci il Kimyəvi və Bioloji Silahlar Aktını pozub və ilk sanksiyaları tətbiq edib. Həmin sanksiyalar xarici yardımı, müdafiə və təhlükəsizlik mallarının satışını hədəfləyirdi.

Trump Nümayəndələr Palatasının spikerinə və Senatın prezidentinə məktubunda fərmanın həmin aktın 307-ci maddəsinə uyğun olaraq çıxarıldığını bildirib.

Sergei Skripal (solda) və qızı Yulia
Sergei Skripal (solda) və qızı Yulia

1991-ci ildə imzalanmış Kimyəvi və Bioloji Silahlara Nəzarət Aktına görə, prezident sözügedən ölkənin üç ay ərzində kimyəvi silahlardan istifadəni dayandırdığını müəyyənləşdirə bilmirsə, sanksiyaların ikinci raundunu tətbiq etməlidir.

Moskva həmin zəhərlənmə hadisəsinin arxasında olmadığını deyir.

Skripalların zəhərlənməsi Rusiyanın Qərblə onsuz da gərgin münasibətlərini daha da mürəkkəbləşdirdi. ABŞ və Avropa Birliyi Moskvaya əlavə sanksiyalar tətbiq etdi, Rusiya və Qərb qarşılıqlı olaraq bir-birinin səfirlərini qovdular.

Trump indiyədək məhdudlaşdırıcı tədbirlərə elə də meylli olmayıb, Rusiya Prezidenti Vladimir Putini açıq tənqid etməyib.

İki prezident iyulun 31-də telefonla danışıb, Rusiyadakı meşə yanğınlarını və “iki ölkə arasında ticarəti” müzakirə ediblər.

XS
SM
MD
LG