Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:34

'Bağlarda kirayə qiymətləri 3 dəfə artıb'-Media icmalı


Ev
Ev

Pambıqçılığın inkişafı, kirayə bağların kəskin bahalaşması, qarayara infeksiyasının qeydə alınması ilə bağlı şübhələr və başqa məsələlər medianın diqqət ayırdığı mövzulardandır...

Kirayə mənzil bazarında mövcud durum

Modern.az saytında «Bakıda 15 min manata kirayə bağ evi verilir» sərlövhəli yazı oxumaq olar.

Müəllif kirayə mənzil bazarında durumu daşınmaz əmlak sahəsi üzrə ekspert Ramil Osmanlı ilə müzakirə edib. «Kirayə mənzil bazarı hər il əvvəlki illərlə müqayisədə daha çox qiymət artımı ilə yadda qalır», - ekspert sayta bildirib.

R.Osmanlının sözlərinə görə, qiymət artımının əsas səbəbi şəhərsalma və infrastrukturla əlaqədar kirayə mənzil bazarında təklif portfelinin həcminin daralmasıdır: «Kirayə mənzil bazarında təklif portfelinin əsas hissəsini təşkil edən ərazilərin bir çoxu söküntülərə məruz qalır. Bununla da təklif portfeli azalır. Bu da qiymətin artımına gətirib çıxarır. Hələ ki, tələbələrin qayıtması prosesi başlamayıb, ona görə də qiymətlər stabildir. Yəqin ki, avqustun ikinci 10 günlüyündən sonra qiymətlərin artımını müşahidə edəcəyik».

Ekspertin fikrincə, qiymətlərə turist axını da təsir göstərir: «Elə mənzillər var ki, gündəlik kirayə üçün istifadə edilir. Bunlar daha çox mərkəzə yaxın ərazilərdə olur və turistlər üçün nəzərdə tutulur. Həmin yerlərdə turist axınının baş verdiyi vaxtlarda qiymətlərin dəyişməsi müşahidə edilir. Şəhər mərkəzinə qismən yaxın olan ərazilərdə də qiymətlərin müəyyən qədər artımı müşahidə edilir... Tələbələr rayonlara axın etdikdə qiymətlər ucuzlaşır, Bakıya qayıdanda isə bahalaşır».

Ekspert deyib ki, bağlarda kirayə qiymətləri 3 dəfəyə qədər artıb: «Dənizkənarı ərazilərdə, bağlarda kirayə qiymətləri mövsümə uyğun olaraq bahalaşıb. Bu proses müvəqqəti dövrü əhatə edir, yaxın zamanlarda bağlarda kirayə qiymətlərinin ucuzlaşmasını müşahidə edəcəyik...».

Qarayara törədicisi bakteriyalar
Qarayara törədicisi bakteriyalar

Qarayaraya yoluxanın olduğu yazılır

Oxu.az saytında «Sabirabadda iki nəfər qorxunc infeksiyaya yoluxdu - Biri öldü» sərlövhəli yazı diqqət çəkir.

Yazıda iddia olunur ki, Sabirabad rayonunda iki nəfər qarayara xəstəliyinə yoluxub. Saytın əldə etdiyi məlumata görə, onlardan biri ölüb, digərinin vəziyyəti isə ağırdır.

Yazıda vurğulandığına görə, məsələ ilə bağlı Səhiyyə Nazirliyindən onlara məlumat verilib ki, sözügedən iki nəfər Sabirabad Mərkəzi Rayon Xəstəxanasının İnfeksiya şöbəsinə yüksək hərarətlə müraciət edib: «Onların əvvəlcə soyuqdəymədən əziyyət çəkdiyi ehtimal edilsə də, sonra vəziyyətləri ağırlaşıb. Yaxınları onları xəstəxanaya gətirib. Müayinə zamanı İnfeksion şöbənin müdiri Fazil Əliyev xəstələrdə qarayara olmasını ehtimal edib. Bu səbəbdən də alınan nümunələr İmişli Rayon Taun Əleyhinə Stansiyaya göndərilib».

Yazıda iddia edildiyinə görə, Taun Əleyhinə Stansiyanın mütəxəssisləri qarayara xəstəliyi diaqnozunu təsdiqləyiblər: «Diaqnozu bildikdə qohumları xəstələri paytaxta aparmaq qərarına gəliblər. İyulun 25-i xəstələr ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. İyulun 29-u xəstələrdən biri – 60-yaşlı kişi dünyasını dəyişib. Həkimlərin bildirdiyinə görə, yara ölənin sağ əlinin baş barmağında olub. Hazırda ikinci xəstənin müalicəsi davam edir».

Yazıda bildirilir ki, qarayara xəstəliyi xəstə heyvanın emalı zamanı yoluxan infeksiyadır, insandan insana keçmir.

İ.Əliyev Sabirabadda pambıq plantasiyasında
İ.Əliyev Sabirabadda pambıq plantasiyasında

«Ağ qızıl»

«Azərbaycan» qəzetində «Pambıq yenidən «ağ qızıl»a çevrilir» sərlövhəli yazı dərc edilib.

Müəllif yazıb ki, pambıq Azərbaycana yad bitki deyil. Yazıda vurğulandığına görə, bu zəhməti və dəyəri çox bitkinin Azərbaycanda əkilib-becərilmə tarixi ötən əsrin əvvəllərinə gedib çıxır: «Amma pambığın Azərbaycanın təkcə aqrar sektoru yox, bütünlükdə iqtisadiyyatı üçün sözün bütün mənalarında qızıl dövrü var ki, o da keçmiş SSRİ tərkibində olduğumuz zamana təsadüf edir. Xüsusən Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi həmin illər Azərbaycan kənd təsərrüfatında, o cümlədən pambıqçılıqda rekord göstəricilərə nail olub. Əkin sahələri və su ehtiyatları elə də çox olmayan Azərbaycan üçün 1 milyon tondan çox pambıq istehsal etmək hətta həmin illər üçün sıradan bir göstərici deyildi».

Yazıda iddia olunduğuna görə, prezident İlham Əliyevin aqrar sektorda apardığı islahatlar çərçivəsində pambıqçılığın dirçəldilməsi barədə təşəbbüsünü ölkə fermerləri, torpaq sahibləri can-başla qarşılayıblar. Müəllifin gəldiyi nəticəyə görə, «Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı»nın qəbulu isə prezidentin bu təşəbbüsünün reallaşmasına təkan verib: «Ümumiyyətlə, ölkəmizdə pambıqçılığın yeni inkişaf dövrü 2016-cı ildən başlayır... Əgər 2015-ci ilə ölkə üzrə pambıq əkin sahələri 18.7 min hektar, məhsul istehsalı 35.2 min ton olmuşdursa, ondan bir il sonra - əkin sahələri 2.7 dəfə artırılaraq 51.4 min hektara, istehsal 2.5 dəfə çoxalaraq 89.4 min tona çatıb. Ötən il isə müstəqillik dövründə ölkə üzrə rekord miqdarda – 230.4 min ton pambıq istehsal olunub. Bu, 2015-ci ilin göstəricisindən 6.5 dəfə çoxdur...».

XS
SM
MD
LG