Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:13

Hararinin kitabının ruscasından bu hissələr çıxarılıb


Yuval Noah Harari Seulda mətbuat konfransında
Yuval Noah Harari Seulda mətbuat konfransında

Yuval Noah Hararinin “21-ci əsr üçün 21 dərs” kitabının rusca tərcüməsindən bəzi hissələr çıxarılıb. Kitabın “Post-həqiqət” bölümündə Rusiyanın 2014-cü ildə Ukrayna ərazisinə təcavüzünü və Krımın ilhaqını necə ört-basdır etməsi həmin versiyada yer almayıb. Bu haqda “The New York Times” qəzeti yazır.

Ukraynanın qərbində informasiya texnologiyası üzrə mütəxəssis Andrei Chernikov kitabın rusca onlayn versiyasında görür ki, Krım hadisələri yerinə ABŞ Prezidenti Donald Trump müasir dünyada saxta xəbərlərin yayılmasına dair bəyanatları yer alıb. Chernikov-un bu haqda Facebook-da yazdığı status sürətlə yayılır.

“Ciddi senzura”

“The New York Times” kitabın rusca versiyasının ciddi senzuraya məruz qaldığını aşkarlayıb. Ukrayna və Krımda döyüşlərlə bağlı hissələr çıxarılıb, Rusiya hökumətinin tənqid olunduğu yerlər yumşaldılıb, yaxud kəsilib, digər dəyişikliklər olunub. Ancaq kitabda bu dəyişikliklərlə bağlı heç bir qeyd yoxdur.

Bir yerdə qeyri-liberal demokratiya və diktatura tətbiq edən ölkə kimi Rusiya yerinə Macarıstan göstərilib. Rusiyanın “ideoloji baxımdan iflas” etdiyi, “oliqarxların ölkənin sərvət və gücünü monopoliyaya aldığı” yerlər çıxarılıb. Rusiya Prezidenti Vladimir Putinin “qlobal dünyagörüşü olmayan” lider kimi təsvir olunduğu hissə də rusca versiyada “qeybə çıxıb”.

Yuval Noah Hararinin "21-ci əsr üçün 21 dərs" kitabı
Yuval Noah Hararinin "21-ci əsr üçün 21 dərs" kitabı

Cənab Chernikov ölkəsini Rusiyanın işğal etməsi haqda hissənin çıxarılmasından sarsılıb.

“Ukraynanın şərqində həlak olanlar mənim yaşadığım yerin 150 metrliyində dəfn olunub. Məni narahat edən odur ki, avtoritar rejim özünü Rusiyada tam gerçəkləşdirib”, – o, qəzetə telefonla müsahibəsində deyib.

Harari isə müsahibəsində baş verənləri izah etməli olub. O, Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsilə bağlı hissənin çıxarılmasına razılaşdığını, bunu kitabın rusdilli oxuculara çatımlı olmasından ötrü gərəkdiyini vurğulayıb.

“Dilemma qarşısındaydım – ya dəyişiklikləri edib onu çap etməliydim, ya da heç nə toxunmayacaqdım və kitab çapa getməyəcəkdi. Həqiqət olmayan heç nəyi yazmazdım, kitabın əsas mesajının dəyişdirilməsinə heç vaxt razı olmazdım”, – cənab Harari deyib.

Rusiyadakı naşirə etiraz edəcək

Ancaq kitaba onun təsdiqləmədiyi dəyişikliklər də olunub. Məsələn, Harari kitabda ərindən yazır, qeyd edir ki, “Mən yalnız kitab yazmağı bacarıram. Qalan bütün işləri o görür”. Ancaq rusca tərcümədə “ər” sözü “partnyor”la əvəzlənib.

“Bu həqiqətdirsə, məni doğrudan qəzəbləndirir. Mən açıq geyəm və bütün dünyada bu haqda danışıram”, – o deyib.

Cənab Harari kitabında Rusiyanın Krıma təcavüzü və digər hisslərin dəyişdirilməsindən təəccüblənib. O, Rusiyadakı naşirlə əlaqə saxlayacağını, icazə vermədiyi dəyişikliklərə etiraz edəcəyini deyib.

Rusiyalı naşir “Sindbad” isə qəzetə şərh verməyib, baş redaktorun Moskvada olmadığını, bir neçə həftə olmayacağını deyib.

İsrailli tarixçi və filosof Harari “Sapiens: Bəşəriyyətin qısa tarixi”, “Homo deus: Sabahın qısa tarixi” kitabları ilə məşhurlaşıb. O daha sonra “21-ci əsr üçün 21 dərs” kitabını nəşr etdirib. Sonuncu kitabda bəşəriyyətin üzümüzə gələn onililliklərdə həll etməli olduğu texnoloji və siyasi problemlər araşdırılır. Milyarder və xeyriyyəçi Bill Gates bu kitabı “heyrətamiz” adlandırıb, Hararinin “21-ci əsrin problemlərinin həlli üzrə vacib qlobal söhbət başlatmasını” alqışlayıb.

Hararinin əsərləri 50-dən artıq dildə nəşr olunub və bütün dünyada əsərləri üzrə hüquqlarını saxlayır, tərcümə hüquqlarını təsdiqləyir, yaxud rədd edir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG