Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 09:06

Bakı bulvarında irland futbolçuların başına iş gəlib – Qərb mediası


İrlandiyalı azarkeşlər. Foto arxiv
İrlandiyalı azarkeşlər. Foto arxiv

İrlandiyanın Dundalk futbol klubunun oyunçuları Seán GannonJamie McGrath Bakıda insidentlə üzləşiblər.

“The Independent” qəzeti yazır ki, Gannon və McGrath bulvarda İrlandiya mediasına müsahibə verir, foto çəkdirirmişlər. Ancaq futbolçulara deyiblər ki, burada şəkil çəkməyə icazə lazımdır və onlar məsələ həllini tapanadək gözləməli olublar.

“Az qala, girovla azadlığa buraxılacaqdım”, – Gannon zarafatla deyib. Onlar nəhayət, komandanın qaldığı otelə qayıda biliblər.

Bakı bulvarı, arxiv fotosu
Bakı bulvarı, arxiv fotosu

Bu gün – iyulun 31-də İrlandiya çempionları Bakıda Azərbaycan çempionu “Qarabağ” ilə UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün ikinci təsnifat mərhələsində qarşılaşacaq.

“Bulvarda idik və bizə yaxınlaşdılar... Onda RTÉ-yə müsahibə verirdim… Ətrafa baxdım, balaca bir polis maşını bulvarda şütüyürdü, düz Jamie-yə yaxınlaşdı. Jamie sakit görünsə də, azərbaycanca bilmir, axı... Elə görünürdü ki, həbsə atıla bilərdik… Dedilər ki, icazə yoxdur və beş dəqiqənin içində ətrafımıza 8-10 polis yığışdı”, – futbolçu danışıb.

“Nə baş verdiyini anlamırdım. Eləcə deyirdilər ki, icazə almalıyıq. Hamısı telefonla harasa zəng edirdi və biz də oradan uzaqlaşmağa çalışdıq”, – Gannon deyib. O, qaldığı otelə salamat qayıdaraq orada “Love Island'” adlı realiti şousunun finalının xüsusi çəkilişinə qatıldığını söyləyib.

Honq Konqda etirazlar qızışır

Dünən – iyulun 30-da yüzlərlə adam Honq Konqda polis şöbəsinin qarşısına yığışaraq “şəhidlərə azadlıq” şüarı səsləndiriblər. Bundan öncə isə həftəsonu polislə etirazçıların toqquşmasında sonra 44 fəala ittihamlar irəli sürülüb.

Etirazçılar polis şöbəsinin qarşısında
Etirazçılar polis şöbəsinin qarşısında

“Reuters” agentliyi yazır ki, ilk dəfədir etirazlara görə iğtişaş ittihamı qaldırılır. Etirazlar şübhəlilərin Honq Konqdan Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsindən dolayı keçirilir. Daha bir etirazçıya silah saxlama ittihamı irəli sürülüb.

Bazar günü polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan, rezin güllələrdən istifadə edib. Etirazçılar isə yolları bağlayıb, polisə kərpic, çubuq atıb.

Demək olar hər gün keçirilən etirazlar şəhərdə biznesin işini əngəlləyir, şəhər hakimiyyətinə təzyiqi artırır. Polis isə aşırı gücdən istifadədə ittiham olunur.

Polis şöbəsi qarşısında da polislə qarşıdurma yaranıb. Honq Konqda iğtişaşa görə maksimum 10 il həbs nəzərdə tutulur. Fəallar isə yalnız ədalət istədiklərini deyiblər. Onlar yağışın altında dayanaraq “Honq Konqu azad et”, “Zəmanəmizin inqilabı” şüarları səsləndiriblər.

Ekstradisiya layihəsi indilik ertələnsə də, etirazçılar onun ləğvini, həmçinin şəhər rəhbəri Carrie Lam-ın istefasını, polisin böhranı necə yoluna qoymasının müstəqil araşdırılmasını, həbs olunanların hamısının qeyd-şərtsiz buraxılmasını tələb ediblər.

Fəallardan bəziləri bu gün məhkəmə qarşısına çıxarılacaq.

Sudan, arxiv fotosu
Sudan, arxiv fotosu

Sudanda danışıqlar ertələnib

Sudanda etirazların liderləri hakimiyyətdə olan generallarla planlaşdırılan danışıqları ertələyib. Xartumda yüzlərlə məktəbli bir yürüşdə beş şagirdin güllələnməsinə etiraz olaraq nümayişə çıxıb.

“Şagirdi öldürmək milləti öldürməkdir”, – məktəbli formasında, Sudan bayraqları ilə nümayişə çıxan şagirdlər qışqırıb. “Frans Pres” agentliyi yürüşün paytaxtın şərqindəki Burri rayonunda keçirildiyini yazır.

Paytaxtın digər yerlərində də məktəblilərin təkəmseyrək etirazları baş tutub.

Nümayişçilər bazar ertəsi Al-Obeid şəhərində çörək və yanacaq qıtlığına etiraz zamanı beş yeniyetmənin öldürülməsinə görə yarımhərbi Çevik Dəstək Qüvvələrini ittiham edirlər.

İyulun 30-da etirazların liderləri generallarla ölkədə mülki idarəçilik qurulması üzrə danışıqları davam etdirməliydi. Üç lider dialoqun baş tutmayacağını söyləyib.

XS
SM
MD
LG