Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:42

'Xəzər dənizi dörd tərəfdən hasara alınıb'-Media icmalı


Xəzərin sahilində 'Çin səddi'
Gözlə

No media source currently available

0:00 0:03:06 0:00

Xəzərin sahilində 'Çin səddi'

Türkiyə ilə vizanın ləğvi, çimərliklərdə ölüm hallarının səbəbləri, bazarlarda möhtəkirlik və başqa məsələlər medianın diqqət verdiyi mövzulardandır...

«Qoluzorlunun artıq sözünü eşitməmək üçün...»

Hurriyyet.org saytında «Bir gündə 6 gəncin ölümü və FHN-nin məsuliyyətsizliyi» sərlövhəli yazı oxumaq olar.

Yazıda bildirilir ki, bu yaxınlarda bir gündə Xəzər dənizində 6 şəxs batıb: «...Sadəcə, biz toplum olaraq bu faciənin böyüklüyünü dərk etməkdə çətinlik çəkirik. Bəzi hallarda isə «üzə bilmirdilər, suya girməzdilər» deyərək, məsuliyyəti ölən şəxslərin üzərinə atmağa çalışırıq».

Müəllif Fövqəladə Hallar Nazirliyinin (FHN) həmin məsələlərlə bağlı açıqlamasına toxunaraq, hadisələrin «qeyri-çimərlik» və «nəzarətsiz ərazi»də baş verməsi barədə ifadələrini məsuliyyəti üzərindən atmaq cəhdi kimi dəyərləndirir: «Birincisi, «qeyri-çimərlik» və yaxud «nəzarətsiz ərazi» ifadələri tamamilə absurddur. İkincisi, hətta belə olsa da, nazirlik həmin gənclərin ölümü ilə bağlı məsuliyyətdən boyun qaçıra bilməz. Kimsəyə sirr deyil ki, çimərliklərdə insanların təhlükəsizliyini təmin etmək məqsədilə FHN-ə dövlət büdcəsində külli miqdarda vəsait ayrılır...».

Müəllif 4 gəncin Kürdəxanı ərazisində batması ilə bağlı yerli sakinlər ilə də söhbətləşib. Yazıda qeyd edildiyinə görə, qəsəbə sakinləri uzun illərdir həmin ərazidən çimərlik kimi istifadə edir.

Müəllif yazının sonunda diqqəti bir məqama da yönəldib: «Bəlli olduğu kimi, hazırda Xəzər dənizi məmurlar və onların yaxın adamları tərəfindən dörd tərəfdən hasara alınıb. Bununla da çimərlik üçün yararlı olan əksər ərazilərə giriş pullu olub. Doğrudur, rəsmi qurumlar Azərbaycanda çimərliklərə girişin pulsuz olduğunu bildirir. Amma reallıq tamamilə fərqlidir. Elə bu səbəbdən də, bəzi hallarda vətəndaşlar çimərlik üçün daha münasib ərazilərdə hansısa «qoluzorlu»nun artıq sözünü eşitməmək üçün FHN-nin «qeyri-çimərlik ərazisi» adlandırdığı çimərliklərə üstünlük verirlər».

Yazıda səslənən tənqidlərə FHN-in mövqeyini öyrənmək mümkün olmayıb.

V.Əhmədov
V.Əhmədov

«Süni qiymət artımı yaradırlar»

Oxu.az saytında «Vahid Əhmədov: Bəziləri vəziyyətdən istifadə edib süni qiymət artımı yaradırlar» sərlövhəli yazı yer alır.

Müəllif deputat Vahid Əhmədovla söhbətləşib.

Yazıda bildirilir ki, rayonlarda müxtəlif növ meyvə-tərəvəz əkib-becərən fermerlər məhsullarını istədikləri qiymətə sata bilmirlər: «Dövlət tərəfindən fermerlərə böyük dəstək göstərilsə də, onlar məhsullarını sahibkarlara çox aşağı qiymətə satmağa məcbur olurlar. Sahibkarlar isə əkin sahələrindən kiloqramını 8 və ya 10 qəpiyə aldıqları məhsulları bazarlarda minimum 80 qəpiyə və ya 1 manata satırlar. Bu da haqlı olaraq fermerlərin narazılığına səbəb olur».

Fermerlərin narazılığını haqlı sayan deputat V.Əhmədov oxu.az-a məsələni şərh edərkən bunları deyib: «Fermerlər əkin sahələrində xeyli zəhmət çəkib məhsul yetişdirirlər. Amma onu bazara çıxarmaq baxımından çox böyük əziyyət çəkirlər. Çünki məhsulları bazara gətirmək üçün əlavə vəsait lazımdır. Ona görə də yerlərdə məhsulları sahibkarlara verməyə məcburdurlar».

Deputatın sözlərinə görə, sahibkarlar da bu vəziyyətdən istifadə edərək, əkin sahələrindən ucuz aldıqları malları daha yüksək qiymətə satırlar: «Bu problem kartof, pomidor, soğan, badımcan və demək olar, bütün məhsullara aiddir».

V.Əhmədov hesab edir ki, bəziləri vəziyyətdən sui-istifadə edib süni qiymət artımı yaradır, yüksək gəlir əldə etmək istəyirlər.

İ.Əliyev və R.T.Ərdoğan
İ.Əliyev və R.T.Ərdoğan

«Dostluq və qardaşlıq»

«Azərbaycan» qəzetində «Dostluq və qardaşlıq münasibətlərinin növbəti təcəssümü» sərlövhəli yazı dərc edilib. Yazıda bu il sentyabrın 1-dən 30 günədək Azərbaycana səfər etmək istəyən Türkiyə vətəndaşlarına vizanın ləğv olunması barədə iki ölkə arasında əldə edilən razılaşma dəyərləndirilir.

Müəllif bu məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuata açıqlamasından sitat da gətirir: «Xalqlarımız arasında ortaq etnik-mədəni, tarixi köklərə, ...söykənən Azərbaycan və Türkiyə əlaqələri Ulu Öndər Heydər Əliyevin «bir millət, iki dövlət» kəlamına uyğun olaraq ən yüksək səviyyədədir... Hərtərəfli inkişaf edən Azərbaycan-Türkiyə strateji tərəfdaşlığı ölkələrimiz arasında viza sahəsində əməkdaşlığın dəyərləndirilməsini və xalqlarımızın sərbəst gediş-gəlişinin təmin edilməsi zərurətini şərtləndirir».

Müəllif hesab edir ki, Azərbaycan-Türkiyə münasibətləri strateji önəm daşıyır, iki ölkə arasındakı sıx hərbi əməkdaşlıq da bundan irəli gəlir: «Artıq uzun illərdir ki, iki ölkə arasında strateji səviyyəyə yüksəlmiş hərbi əlaqələr mövcuddur. Türkiyə hərbçiləri və mütəxəssisləri ölkəmizdə həyata keçirilən ordu quruculuğunda, zabit kadrların hazırlanmasında yaxından iştirak edərək öz təcrübələrini əsirgəməyiblər. Bu gün Türkiyə Azərbaycanın həm də silah aldığı əsas ölkələrdən biridir...».

Yazının sonunda da qeyd edilir ki, Azərbaycanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsi ikitərəfli münasibətlər baxımından çox önəmlidir: «Təbii ki, bu qərar ilk növbədə iki dövlət arasındakı siyasi münasibətlərin, dostluq və qardaşlıq əlaqələrinin ən yüksək səviyyədə olmasının təsdiqidir. Digər tərəfdən vizanın ləğvi Azərbaycan və Türkiyə arasında iqtisadi münasibətlərin dinamikasına son dərəcə pozitiv təsir göstərəcək, ticarətin dərinləşməsini, turizmin, habelə kiçik və orta biznesin inkişafını təmin edəcək».

Bundan əvvəl isə eyni qərarı Türkiyə vermişdi.

XS
SM
MD
LG